“Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri” adlı layihəsi çərçivəsində Cocuq Mərcanlıda tədbir keçirildi

3 dekabr 2018

Paylaş:

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri” adlı Layihəsi çərçivəsində layihə rəhbəri və gender üzrə ekspert Lyudmila Xəlilova və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin məsul şəxs və layihənin eksperti Məftunə İbrahimova tərəfindən noyabr ayında Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində 13 nəfər yuxarı sinif  şagirdin iştiraki ilə açıq dərs keçirilib.

Tədbirdə layihə haqqında məlumat verildi, uşaqlar barəsində dövlət siyəsəti haqqında danışıldı. Uşaqlar dövlətin və cəmiyyətin gələcəyidir. Ona görə də onların hüquqlarının müdafiəsi və problemlərinin həlli günümüzün ən aktual məsələlərindən birini təşkil edir.

Bildirildi ki, uşaq hüquqlarının müdafiəsi sahəsində ən mühüm sənədlərdən biri, 1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” BMT Konvensiyasıdır. Bu Konvensiya uşaqlara geniş insan hüquqları kompleksini təqdim edən universal beynəlxalq hüquqi sənəddir. Azərbaycan 1992-ci ildə Konvensiyaya və 2002-ci ildə Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokoluna qoşulmuşdur.

Qeyd edildi ki, bütün uşaqlar bərabər hüquqlara malikdirlər və hüquqlarla yanaşı onların da vəzifələri var. Cəmiyyətdə davranış qaydalarına əməl etmək, dövlət rəmzlərinə bələd olmaq, biliklərə yiyələnmək, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərə, digər insanların, uşaqların hüquq və mənafelərinə, öz xalqının ənənələrinə və mədəni sərvətlərinə hörmətlə yanaşmaq və digər vəzifələri yerinə yetirmək uşağın borcudur.

Şagirdlərə zorakılıq və onun növləri, məişət zorakılığının qarşısının alınması haqqında 2010-cu ildə qəbul edilmiş qanun və onun icra mexanizmləri ilə bağlı Nazirlər Kabinetinin 4 qəbul etdiyi qaydalar və eyni zamanda zorakılıq əsasında yaranan məsuliyyət haqqında geniş məlumat verildi.  Qeyd edildi ki, zorakılıqsız ailə sağlam cəmiyyətin təməlidir və heç bir uşaq ayrı-seçkiliyə və ya zorakılığa məruz qala bilməz. Uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin və hər bir ailənin işidir. 

Tədbirin sonunda layihə rəhbəri Lyudmila Xəlilova bildirdi ki, altmış iki ildir ki, 20 noyabr  Ümumdünya  Uşaqlar  Günü  bütün dünya ölkələrində bayram kimi qeyd olunur. Uşaqların sağlam və xoşbəxt  böyüməsi  hər zaman olduğu kimi, bu gün də aktualdır. Lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda  bu  məsələ  özünü daha qabarıq şəkildə  göstərir.  Uşaqlar  aldıqları sevgini, şəfqəti, gözəl tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Nəticədə qazanan da, itirən də cəmiyyət olur.  Buna görə də onların normal inkişafını təmin  etmək  və cəmiyyətə yararlı vətəndaş böyütmək hamımızın borcudur.