“Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib

26 noyabr 2018

Paylaş:

Noyabrın 26-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” mövzusunda konfrans keçirilib.

Tədbir “Gender zorakılığına qarşı 16 günlük fəallıq” adlı beynəlxalq kampaniya çərçivəsində təşkil olunub. 25 noyabr - Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günündən başlayaraq 10 dekabr - İnsan Hüquqları Gününədək davam edəcək beynəlxalq kampaniyanın əsas məqsədi gender əsaslı zorakılıqla mübarizə ilə əlaqədar yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransda çıxış edərək deyib ki, qadınlara qarşı zorakılıq dünya miqyaslı bir problemdir. Hələ 1993-cü ildə Qadınlara münasibətdə zorakılığın qarşısının alınması haqqında Bəyannamədə bu terminin izahı verilib. Burada göstərilir ki, istənilən zorakılıq aktı qadınlara münasibətdə zorakılıq deməkdir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər üç qadından biri öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada 1200-ə yaxın qadın öz partnyorları və qohumları tərəfindən öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girməyə məcbur edilir. Qadın və qızların 71 faizi insan alverinin qurbanına çevrilir. Bütün bunlar göstərir ki, zorakılıq nə coğrafi sərhəd, nə də yaş hədi tanıyır. Bunları nəzərə alaraq, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü elan edib və gələn il bu günün 20 ili tamam olacaq.

“Təcrübə göstərir ki, o ölkələrdə ki, xaos, qeyri-sabitlik hökm sürür, silahlı münaqişələr baş verir, orada qadınlar daha çox və kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görüb. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb. Bu gün də rəsmi qeydə alınan 288 itkin, 98 əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılır, məcburi əməyə cəlb edilir və digər zorakılıq əməllərinə məruz qoyulur”, - deyə H.Hüseynova qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin prioritetlərindəndir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələdə xüsusi həssaslıq göstərir və mövzunu daim diqqətdə saxlayırlar. Eyni zamanda, məişət zorakılığı, erkən nikah hallarının qarşısının alınması, o cümlədən qadınların sosial və iqtisadi həyatda fəal iştirakının təbliği sahəsində müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti, bir sıra beynəlxalq təşkilatlarla, xüsusilə də BMT-nin bir çox qurumları ilə birgə layihələr həyata keçirilir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında qadın və kişilərin bərabər hüquqlara malik olmasına baxmayaraq, həyatları boyunca siyasi, sosial, iqtisadi və hətta şəxsi müstəvidə səlahiyyətlərin bölgüsündə qeyri-adekvat təmsil olunduqlarını qeyd edib. Qadınların qarşılaşdıqları problemlərdən, onların hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışan Q.İshaqzai bildirib ki, bu gün qanuna əsasən qadınların və kişilərin hüquqları bərabərdir. O, bu gün qadınların müxtəlif sahələrdə, o cümlədən təhsil və səhiyyə sahələrində fəal işlədiklərini qeyd edib. Rezident əlaqələndirici Azərbaycanda qadın hüquqlarının qorunması, onların müxtəlif sahələrdə işlə təmin edilməsi məsələlərinə də toxunub. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə təmsil etdiyi qurumun əlaqələrindən bəhs edib, cəmiyyətdə qadınlara münasibəti öyrənmək üçün birgə araşdırmanın aparıldığını deyib. “Araşdırmanın nəticələri yaxın zamanlarda təqdim ediləcək. Ümid edirik ki, Azərbaycanda gender bərabərliyini daha yaxşı təmin etmək üçün bu araşdırmanın nəticələrindən düzgün istifadə ediləcək”, - deyə Q.İshaqzai bildirib.

Rezident əlaqələndirici, həmçinin BMT-nin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə verdiyi töhfəyə görə Azərbaycan hökumətinə minnətdarlığını deyib.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə yeni islahatlar dövrü başladı. Bu islahatlar həyatın bütün sahələrini, o cümlədən insan hüquqlarını əhatə etdi. 1993-cü ildə BMT-nin Vyanada keçirilmiş insan hüquqları üzrə ilk qlobal konfransında fəaliyyət proqramı qəbul edilib. Burada göstərilir ki, qadınlara münasibətdə zorakılıq BMT-nin qarşısında qoyulan məqsədlərə, bərabərlik, inkişaf və sülhə nail olmaqda ən çətin maneələrdəndir. Həmin il BMT-nin Baş Assambleyası Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair Bəyannamə qəbul etdi. Bu sənəd 1995-ci il qadınların IV Ümumdünya Konfransının Pekin platforması ilə birgə bütün dünyada zorakılıqla mübarizənin təməlini təşkil edir. Vyana konfransı həm də hər bir dövlətə insan hüquqları ilə bağlı milli fəaliyyət planı qəbul etməyi tövsiyə edib.

Ombudsman deyib ki, Prezident İlham Əliyevin insan hüquqlarının təmin olunması sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində yeni qanunvericilik aktları, Milli Fəaliyyət Planı və Proqramı qəbul edilib və yeni qurumlar yaradılıb. Bu baxımdan ölkəmizdə də bu problemə qarşı ciddi mübarizənin əsası qoyulub və müvafiq qanunvericilik bazası yaradılıb. Belə ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarını, məcəllələrə edilən əlavə və dəyişiklikləri ölkəmizdə bu sahədə həyata keçirilən hüquqi islahatların bariz nümunəsi kimi göstərmək olar. Eyni zamanda, Azərbaycanda insan hüquqlarına dair üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul olunub.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, müasir zamanda zorakılıqla mübarizə, gender bərabərliyi demokratik institutların inkişaf səviyyəsinin qiymətləndirilməsində əsas amillərdən biridir. Azərbaycanda zorakılığın qarşısının alınması, zorakılıq qurbanlarının sosial reabilitasiyası üzrə dövlət tədbirləri sistemi formalaşıb. Ölkəmizdə ailə və qadın siyasəti sahəsində beynəlxalq hüquqa uyğun qanunvericilik bazası yaradılıb. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Ölkəmiz BMT-nin “Qadınların siyasi hüquqları” üzrə Konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna və “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyaya qoşulub. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul olunub. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. “Birmənalı şəkildə demək olar ki, zorakılıqla bağlı qanunvericilik aktları müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Həmin qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan bəzi münasibətlərin tənzimlənməsinə böyük təkan verib. Əlbəttə ki, qadın və uşaqlara qarşı məişət zorakılığı kimi sosial hallardan müdafiə yalnız qanunvericiliklə kifayətlənmir. Azərbaycanda, həmçinin bu və ya digər məişət zorakılığı törətmiş şəxslər haqqında məlumat bazası yaradılıb ki, onlarla da müvafiq tərbiyəvi-profilaktik işlər aparılır. Zorakılıq qurbanlarına kömək məqsədilə qeyri-hökumət təşkilatları da daxil olmaqla müxtəlif kömək mərkəzləri yaradılır”, - deyə komitə sədri bildirib. Aqiyə Naxçıvanlı maarifləndirmə işlərinin də əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu işlərin xüsusilə regionlarda, təhsil müəssisələrində ardıcıl və interaktiv formada aparılması labüddür.

Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxışında məişət zorakılığı ilə mübarizədə məhkəmə təcrübəsinin roluna və beynəlxalq nəzarət mexanizminin milli hüquq sisteminə müsbət təsiri xüsusiyyətlərinə toxunub. O deyib ki, Azərbaycan qanunvericiliyində qısamüddətli və uzunmüddətli mühafizə orderləri öz təminatını tapıb, ancaq onların tətbiqi mexanizmi təkmilləşdirilməlidir.

Ceyhun Qaracayev diqqətə çatdırıb ki, Konstitusiya Məhkəməsində Mülki Məcəllənin 228-ci maddəsinin şərhi ilə bağlı altıdan çox işə baxılıb. Həmin maddədə qeyd olunur ki, nikaha daxil olan şəxslər mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlamalıdırlar. Lakin təcrübədə bunun çox nadir hallarda baş verdiyini söyləyən Konstitusiya Məhkəməsinin hakimi deyib ki, nikah bağlandıqdan sonra qadın həyat yoldaşının valideynlərinin mülkiyyətində olan mənzilə gəlin gəlir və heç də müqavilə bağlamaq haqqında düşünmür. Boşanma nəticəsində isə yalnız mülkiyyətçinin iradəsindən asılı olaraq istifadə hüququnu əldə edir. Əksər imkansız ailələrdə qadınlar yalnız yaşamaq hüququnu itirməmək üçün hər növ təhqir və fiziki təzyiqlərə məruz qalmağa razıdırlar.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bildirib ki, cəmiyyətimizin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşıb və inkişaf edib. Lakin bu inkişaf asan əldə olunmayıb, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparıblar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar yaratmasına baxmayaraq, bəzən qadınlara qarşı zorakılıq, ilk növbədə, ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi bu imkanlardan istifadə etməyi bacarmır.

Bildirilib ki, Daxili İşlər Nazirliyi sistemində həyata keçirilən davamlı islahatların tərkib hissəsi olaraq ictimaiyyətlə polis orqanları arasında əlaqələr və məlumat mübadiləsi daim təkmilləşdirilib, habelə cinayətlərin, o cümlədən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının vaxtında alınması və operativ tədbirlər görülməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarını əhatə edən “102” və “902” xidməti-zəng mərkəzi, həmçinin “Məlumat portalı”, “Qaynar xətt”, “Təhlükəsiz şəhər” müşahidə və nəzarət kameraları, elektron poçt fəaliyyət göstərir. Daha sonra Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova "Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar" mövzusu üzrə kişilərin gender bərabərliyinə münasibətinə dair tədqiqatın nəticələrinə dair hesabat təqdimatı ilə çıxış edib. 

Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.