İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakının təmin edilməsi” layihəsi çərçivəsində tədbir təşkil etmişdir

28 sentyabr 2018

Paylaş:

Sentyabrın 14-də İsmayıllı Mədəniyyət Mərkəzində İsmayıllı rayonun Qurbanəfəndi kənd sakini, gənc yazar Turac Hilalın yeni çapdan çıxmış “Mən ki səndən doymadım” adlı şeirlər kitabının təqdimatı oldu.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Lətifə Əliyeva Turac Hilalın yaradıcılığı, çap edilmiş kitabları, bir gənc kimi yaşadığı kənddə fəal kimi tanınması barədə tədbir iştirakçılarına geniş məlumat verdi. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, əməkdar elm xadimi, professor Mirdamət Sadıqov çıxışında rayonda gənclərə, xüsusilə kənddə yaşayan gənclərə göstərilən diqqət və qayğıdan söz açdı, gənc şairəyə yeni uğurlar arzuladı. Azərbaycan Yazıçılar Birliyinin Qəbələ, Oğuz, İsmayıllı bölməsinin sədri Vüsal Oğuz, “İsmayıllıda fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Nazır Qasımov və başqaları da gənc yazarın yaradıcılığını yüksək dəyərləndirdilər.

İsmayıllı Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblı maraqlı konsert proqramı ilə tədbirə ayrı rəng qatdı. Şairənin şeirlərinə yazılmış mahnılar xüsusi maraqla qarşılandı.

Tədbir kəndli gənclərin, xüsusilə qadınların tanıdılması baxımından çox önəmli idi.