“Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı”nın təşkili ilə bağlı təlimlər keçirildi

7 dekabr 2016

Paylaş:

6 dekabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı”nın təşkili və məlumatların müvafiq qurumlar tərəfindən elektron şəkildə bazaya daxil edilməsi məqsədilə təlimlər keçirilib.

Təlimlərdə mərkəzi qurumlar (Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Miqrasiya Xidməti), yerli icra hakimiyyətləri və digər qurumlar tərəfindən bu sahə üzrə təmin edilmiş məsul şəxslər iştirak ediblər.

Təlim iştirakçılarına “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı” ilə bağlı bağlı hüquqi çərçivədə məlumatlar verilib. Eyni zamanda elekton məlumat bankından istifadə qaydaları, texniki şərtlər təlimçilər tərəfindən diqqətə çatdırılıb. Bildirilib ki, məlumat bankı aidiyyəti dövlət orqanları tərəfindən daxil edilən fərdi məlumatlar əsasında formalaşır və məlumatları daxil edən dövlət orqanlarının birgə istifadəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, məlumat bazasından istifadə prinsipi ilə bağlı regional təlimlər 4 noyabrda Xaçmazda, 10 noyabr Şəkidə, 16 noyabr Şəmkirdə, 17 noyabr Gəncədə, 23 noyabr Lənkəranda, 25 noyabr Kürdməridə keçirilib.

“Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu qərardan irəli gələn məsələlərin həlli məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı” yaradılmışdır.