Dövlət Komitəsinin sədri Rusiya Federasiyasının Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb

26 iyul 2018

Paylaş:

26 iyul 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Rusiya Federasiyasının Həştərxan vilayətinin “İşgüzar Qadınlar” Assosiasiyasının nümayəndə heyəti ilə görüşü keçirilib.

Dövlət Komitəsinin sədri Azərbaycanla Rusiyanın Həştərxan vilayəti arasında yaxşı münasibətlərin qurulduğunu bildirib. O qeyd edib ki, Həştərxan vilayəti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadi, humanitar sahələrdə əməkdaşlıq yaxşı səviyyədədir.

Hicran Hüseynova Azərbaycanda qadın sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, əvvəllər sahibkarlar arasında qadın sahibkarlar 4 faiz idi, bu gün isə 35 faizdən çoxdur. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafına böyük diqqət göstərir. Əvvəllər qızlar peşə seçərkən daha çox müəllim və həkim olmağa üstünlük verirdilər. Lakin bu gün iqtisadiyyat, yüksək texnologiyalar sahəsində qızların sayı artır. Bu da ölkəmizdə gender bərabərliyinin göstəricisi kimi qiymətləndirilə bilər.

Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Hicran Hüseynova ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu bildirib. Qeyd edib ki, onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. Onların problemləri daim ölkə rəhbərliyinin diqqətindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə xüsusi diqqət ayırır. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.

“İşgüzar Qadınlar” Assosiasiyasının sədri İrina Brınseva bildirib ki, on ildən artıqdır Azərbaycanla Rusiyanın Həştərxan vilayəti arasında bir çox sahələrdə əməkdaşlıq uğurla davam edir. O, Azərbaycanda qadın sahibkarlığın inkişafına göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb.

Görüşdə qadın sahibkarlığın inkişafı, ikitərəfli əməkdaşlığın səviyyəsinin artırılması və digər mövzular ətrafında müzakirələr aparılıb.