Nəsimi rayonunda “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

16 iyul 2018

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği,
milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcə də qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə həyata keçirilən “Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir 13 iyul 2018-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə ağsaqqal və ağbirçəklərin, gənclərin, ictimai birlik və təşkilatların, təhsil və səhiyyə ocaqlarının nümayəndələrinin, Nəsimi rayon  bələdiyyəsinin əməkdaşlarınin iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci  müavini Gülarə Verdiyeva cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Gülarə Verdiyeva qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda, təhsil ocaqlarında da, gənclərimizin xalqımızın mənəvi dəyərləri əsasında tərbiyə edilməsi məsələsi mühüm yer tutmalıdır. G.Verdiyeva çıxışında “Ailə Akademiyası” layihəsinin həyata keçirilməsinin ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd edib. “Ailə Akademiyası” layihəsinin əsas məqsədinin qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolunun artırılması olduğunu söyləyib. A.Sofiyeva layihənin davamlılığı məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən müxtəlif mövzular üzrə ekspertlərin iştirakı ilə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra “Ailə Akademiyası” layihəsini əks etdirən təqdimatla çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova layihə barədə tədbir iştirakçılarına geniş məlumat verib.   

Təqdimatdan sonra çıxış edən  rayon ağsaqqalları – İsmayıl Fərəcov, İmamverdi Həmidov, Mübariz Əliyev  müasir zamanda yaşlı nəslin təcrübəsindən faydalanmağın gənclər üçün önəmindən bəhs ediblər.

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun professoru Rəna Mirzəzadə, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Şahnaz Baxşəliyeva, psixoloq Nazilə Hüseynova çıxış edərək layihənin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai və psixoloji problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılığından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs ediblər.

Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olunub.

Sonra tədbir Nəsimi bələdiyyəsində “Gənclərin formalaşmasında sosial şəbəkələrin rolu” mövzusunda dəyirmi masa ilə  davam edib.