“Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi” mövzusunda Qadınların Regional Konfransı keçiriləcək

3 iyul 2018

Paylaş:

5 iyul 2018-ci il tarixində Salyanda “Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi” mövzusunda Qadınların Regional Konfransı keçiriləcək. Konfransın məqsədi rayon qadınlarının öz problem və perspektivlərini ifadə etmək üçün ictimai platforma olmaqla yanaşı, kənd qadınlarının prioritetlərinin milli dövlət siyasətində əks etdirilməsinə nail olmaqdır. Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT İnkişaf Proqramı və Coca-Cola Fondunun birgə əməkdaşlığı ilə “Rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi” layihəsi çərçivəsində təşkil olunur.

Konfrans aşağıdakı mövzuları əhatə edəcək:

  • Rayon icmalarında daha güclü liderlik roluna sahib olmaq üçün qadınların təşviq olunması;
  • Kənd və rayon qadınlarının problemlərinin açıq müzakirəyə çıxarılması;
  • Rayon qadınlarının başqa rayonlardan gələn xanımlarla şəbəkələşməsi;
  • Yerli səviyyədə fəallıq və milli səviyyədə təmsil olunmaq üçün qadınların təcrübə mübadiləsi və strateji əməkdaşlıq üçün şərait yaradılması.

Tədbirdə Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini  Sədaqət Qəhrəmanova, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, BMTİP Rezident Nümayəndəsi Alessandro Frakassetti, Coca-Cola Qafqaz və Mərkəzi Asiya Regionu üzrə Baş Menecer Eser Sevinc Manav açılış mərasimində çıxış edəcəkdir. Daha sonra Qadın Resurs Mərkəzlərinin öz fəaliyyətləri və təcrübələri haqqında təqdimatları keçiriləcək.

Tədbir çərçivəsində Salyanda qadın biznesinə dəstək proqramının qaliblərinə sertifikatlar təqdim ediləcək. Eyni zamanda video çarxlar nümayiş olunacaq.

Daha sonra rayon qadınları və sahibkarlıq (kənd təsərrüfatı və qeyri-aqrar bizneslər, həyətyanı təsərrüfatlar  və sair qadın biznesləri); Rayon qadınlarının peşə təhsili (evdən işləməklə bazara çıxarıla bilən məhsulların satışı, ixtisasın artırılması və dəyişilməsi, davamlı təhsil və sair); Rayon qadınlarının sosial iştirakı və liderliyi (qadınların sosial fəallığının təşviqi, gender əsaslı və qadınlara qarşı zorakılıq, ictimai fəallıq, fəal qadınların şəbəkələşməsi və sair) mövzularında dəyirmi masalar ətrafında müzakirələr aparılacaq və moderatorlar tərəfindən təqdimatlar keçiriləcək.

Dəyirmi Masa A: Rayon qadınları və sahibkarlıq (kənd təsərrüfatı və qeyri-aqrar bizneslər, həyətyanı təsərrüfatlar  və sair qadın biznesləri)

Moderator/Ekspert:

Səkinə Babayeva, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası

Jalə Hacıyeva, AMFA

Dəyirmi Masa B: Rayon qadınlarının peşə təhsili (evdən işləməklə bazara çıxarıla bilən məhsulların satışı, ixtisasın artırılması və dəyişilməsi, davamlı təhsil və sair)

Moderator/Ekspert:

Taliyə İbrahimova, Şöbə Müdiri, AQUPDK

Dəyirmi Masa C: Rayon qadınlarının sosial iştirakı və liderliyi (qadınların sosial fəallığının təşviqi, gender əsaslı və qadınlara qarşı zorakılıq, ictimai fəallıq, fəal qadınların şəbəkələşməsi və sair)

Moderator/Ekspert:

Səbinə Talışinskaya, Şöbə Müdiri, AQUPDK

Lyudmila Xəlilova, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi