İsmayıllı rayonunda “Öyrən, İdarə et, Lider ol” mövzusunda növbəti təlim keçirilmişdir

10 avqust 2014

Paylaş:

Cari ilin noyabr ayında keçiriləcək Azərbaycan Uşaqlarının III Forumuna hazırlıq məqsədilə 4-6 avqust, 2014-cü il tarixlərində İsmayıllı rayonu, Olimpiya İdman kompleksində Komitə və UNİCEF tərəfindən Bakı və respublikanın digər şəhər və rayonlarını təmsil edən uşaqların (Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumuna seçimlər zamanı xüsusi fərqlənmiş, eləcə də xüsusi kateqoriydan, digər millətlərdən olan uşaqlar) iştirakı ilə «Öyrən, İdarə et, Lider ol” mövzusunda təlim keçirilmişdir.

Təlimdən öncə uşaqlar İsmayıllı Heydər Əliyev Mərkəzi və Tarix Muzeyi ilə yaxından tanış olmuş, uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirmişlər.

Təlim zamanı cari ilin noyabr ayında keçiriləcək III Ümumrespublika Uşaq Forumunda müzakirə ediləcək müxtəlif mövzulara dair müvafiq məlumatlar uşaqlara çatdırılmış, eləcə də uşaqların komanda ilə iş bacarığı, özünü ifadə etmə və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinə yönəlik qrup işləri, müzakirələr aparılmış,müxtəlif intellektual oyunlar təşkil edilmişdir.

Təlimlər Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşları-Pərviz Əliyev və Fərid Ədilov tərəfindən aparılmışdır.

Təlim proqramı çərçivəsində uşaqlar  xüsusi maykalarla təmin edilmiş, eləcə də onların bütün xərcləri Komitə və UNİCEF tərəfindən qarşılanmışdır. Təlimin son günü uşaqların İsmayıllı rayonunun Lahıc qəsəbəsinə ekskursiyası təşkil edilmişdir.

Sonda uşaqlar  təlimlərdə fəal iştirakına görə sertifikatla təltif olunmuşlar.