Komitə sədri Hicran Hüseynova Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edib

20 iyun 2018

Paylaş:

İyunun 20-də “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı işə başlayıb.

Konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr edilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak ediblər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, gördüyü mühüm işlər barədə danışıb. Qeyd edib ki, hüquqi və dünyəvi respublika nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşüb. Xalq Cümhuriyyəti bir çox Avropa ölkələrindən öncə qadınlara səsvermə hüququ verib. Elmira Süleymanova, həmçinin Azərbaycanın dünya arenasındakı mövqeyindən söz açaraq ölkəmizin əldə etdiyi uğurlardan danışıb.

Sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai çıxış ediblər.

Daha sonra BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovun moderatorluğu ilə keçirilən plenar iclasda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gender bərabərliyinin təmin olunmasında Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. İnsan hüquqları hər bir dövlət qurumunun işində ən vacib məsələlərdən biridir deyən Komitəs sədri bildirib ki, Azərbaycanda qısa müddətdə insan hüquqlarının qorunması üçün güclü komanda yaranıb: "Gender bərabərliyi bu gün ən vacib məsələlərdən biridir. Ölkənin vətəndaşlarının yarıdan çoxunu qadınlar təşkil edirsə, onların hüquqlarının müdafiəsinin gücləndirilməsi əsas məsələlərdən biri olmalıdır". H.Hüseynova bildirib ki, Azərbaycanda qadınların fəaliyyətinin hiss olunmadığı sahə yoxdur: "Bu onu göstərir ki, qadınların fəaliyyəti ildən-ilə artır. Hələ Azərbaycan qadınlarının fəaliyyət göstərəcəyi və inkişaf edəcəyi çox yer var".