“Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumu” keçiriləcək

29 may 2018

Paylaş:

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə  və ölkə xaricində silsilə tədbirlər həyata keçirilir.

Müsəlman Şərqində və türk dünyasında ilk demokratik  və parlamentli Respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiq etdi.  İnsan   hüquq və azadlıqların təmin edilməsi, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması Xalq Cumhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

       1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti devrildi  və yeni iqtisadi-siyasi sistem yarandı. Sovet hakimiyyəti dövründə bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan qadını inamla özünü ifadə edir, həyatın bütün sahələrində aktiv fəaliyyət göstərirdi. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Ümummilli Liderimiz Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. O, qadınların rəhbər vəzifələrdə irəli çəkilməsinə xüsusi diqqət verirdi.   XXəsrin müəyyən mərhələlərində  olduğu kimi, müstəqillik dövründə də Azərbaycan Respublikası Qadınları təşkilatlanaraq problemləri müzakirə edir,  bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırır.  Bu baxımdan, 1998, 2003, 2008 və 2013-cü -cü illərdə keçirilmiş Azərbaycan Qadınlarının Qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. Hər bir qurultayın özünəməxsus devizi və çağrışlar müəyyən olunur. Bu il isə Azərbaycan Qadınlarının V Qurultayının keçirilməsi ərəfəsində  öncəkilərdən fərqli olaraq status almaqla Azərbaycan qadını dünya qadınlarının iştirakçılığına öz töhfəsini verəcəkdir.  

     Bütün bunları nəzərə alaraq, 30 may 2018-ci il tarixində saat 10.00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı Konqres Mərkəzində “Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V  Forumu” keçiriləcəkdir.

         Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması və son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlərin müzakirəsi, qarşıda dayanan vəzifələrin müəyyən edilməsidir.  

       Tədbirdə millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının, təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən Respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər  iştirak edəcəkdir.

Forum 2 hissədə öz işini həyata keçirəcəkdir. Forumun 1-ci hissəsi plenar şəkildə, 2-ci hissə isə müxtəlif mövzular üzrə panellərlə davam edəcəkdir:

  I Panelin mövzusu : Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik

II Panelin mövzusu :  - İqtisadiyyatda qadınlar : yeni imkanlar və çağırışlar

III Panelin mövzusu:  Ekologiyada Qadınlar və Qida Təhlükəsizliyi

IV Panelin mövzusu : "Qadınlar və İKT: reallıq və perspektivlər"

Sonda Azərbaycan Respublikası Prezidentinə və beynəlxalq təşkilatlara müraciət olunacaq, “Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V  Forumu”nun Qətnaməsi qəbul ediləcəkdir.