İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ADR-in 100 illiyi ilə əlaqədar olaraq “Azərbaycanımızı tanıyaq” layihəsi çərçivəsində Şəki şəhərində və Qax rayonunda olublar

11 may 2018

Paylaş:

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin ADR-100 illiyi ilə əlaqədar “Azərbaycanımızı tanıyaq” layihəsi çərçivəsində növbəti səfəri Şəki və Qax rayonlarına oldu. Tədbirdə icmadan olan 35 nəfər iştirak etmişdir.

Gəzinti iştirakçılarına yol boyu keçilən rayonlar barədə, onların tarixi, iqtisadiyyatı ilə bağlı məlumatlar verildi. Ətraflı tanışlığa uzun illər Şəki xanlığının paytaxtı olmuş qədim və ulu Şəki şəhərindən başlanıldı. Qədim karvasaranı hamı maraqla gəzdi, məşhur Xan sarayı ilə tanışlıq isə uşaqlarda daha böyük maraq doğurdu. Şəkidən  xoş təəssüratla ayrılan dəstə üzvləri Şəki ilə Qax arasında – dağın döşündəki qədim udin məbədini də maraqla seyr etdilər.

  Qax şəhəri ilə tanışlıq şəhər camaatının sevimli istirahət yeri olan yay kinotetrında yekunlaşdı. Səhnə görən kimi uşaqlar bayrağın rənglərində olan paltarlarını geyinib səhnəni “işğal” etdilər. Gözəl, səliqəli parkda tikilmiş yay kinoteatrının səhnəsində məktəblilərin ifa edilən himn yoldan ötənləri də, yaxınlıqdakı çayxanada dincələnləri də səhnəyə cəlb etdi. Uşaqlar  “Torpağın səsi” və “Yaşa Azərbaycan” mahnılarını ifa etdilər.

   Vətəni daha yaxından tanımağa və tanıtmağa xidmət edən daha bir gəzintidən hamı xoş təəssüratla və yeni gedişlər arzusu ilə geri döndü.