Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anadan olmasının 95-ci il dönümündə sonsuz məhəbbətlə yad edilir...

27 aprel 2018

Paylaş:

Elə şəxsiyyətlər var ki, onların ömür yolu haqqında söhbət açarkən istər-istəməz hansısa tarixi dövrün müəyyən ənənələrinin formalaşması prosesinin də iştirakçısına çevrilmiş olursan. Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu millətin tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, onların xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevadır.

Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu. Doğulub boya-başa çatdığı mühitin onun taleyində böyük rolu olmuşdur. Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev yüksək intellekti ilə onu əhatə edənlərin dərin rəğbət və hörmətini qazanmışdı. O, özünün şəxsi nümunəsi ilə övladlarına mübariz olmağı aşılamış, gələcəyə ümid, inam bəsləməyi öyrətmiş, hər zaman hamıya xeyirxah, qayğıkeş münasibətdə olmağı tövsiyə etmişdi. Əziz Əliyev möhkəm iradəyə, böyük təmkinə malik güclü şəxsiyyət idi. Həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə fərqlənirdi. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təcəssümünü tapmışdı.

Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi. 

Onun öz ailəsi üçün necə əvəzsiz dəyər kəsb etdiyini həyat yoldaşı - Ulu Öndər Heydər Əliyev özü də dəfələrlə söyləyib. “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar”.

Cəmiyyətin həyatında  fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi.  Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. Onun təmkinliliyi, səbirliliyi, ağlı, savadı və digər müsbət xüsusiyyətləri övladları - cənab Prezident İlham Əliyevin və tarix üzrə fəlsəfə doktoru Sevil Əliyevanın da onun yolunu getməsinə köməkçi olmuşdu.  Biz, bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu  belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin  həyata keçirdiyi  uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl keçirilən növbəti prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti illər üçün yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın Prezidentə olan bu etimadı ölkəmizin inkişafının davamlılığını təmin edir.

Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hər bir kəsin hörmət və məhəbbətini qazanmış bu insan, ilk növbədə böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftolmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftolmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəsti-xətti olan novator bir alim idi. Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Zərifə xanım Əliyevanın elmi-tədqiqatlara olan sonsuz marağı onu Oftalmologiya Elmi Tədqiqat İnstitutuna gətirib çıxarmışdı. O, bu ixtisası seçərkən ölkə əhalisinin bu sahəyə böyük ehtiyacı olduğunu düşünmüş və Vətənə bu istiqamətdə daha çox xeyir verəcəyini fikirləşərək bu addımı atmışdı. Həmin illərdə Azərbaycanda gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma göz xəstəliyinə qarşı təsirli müalicə üsulları yox idi. Bu xəstəliklə mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə Respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, eyni zamanda, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftolmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim oftalmoloqların böyük bir nəsli yetişmişdir.  Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi öyrətmiş, onlara xüsusi diqqət və qayğı ilə yanaşmışdır.  Bu gün onun yetişdirdiyi kadrlar insanlara sağlamlıq bəxş edir. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazanmışdır. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.

Təsadüfi deyil ki, dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım haqqında tarixi sözlər demişlər. Məşhur oftalmoloq, akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”.  Qeyd etmək yerinə düşər ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Bütün bunlarla yanaşı, Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan “Bilik” Cəmiyyətinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Əlbəttə, bütün bunlar çoxlu enerji tələb edirdi, lakin Zərifə xanım  təbiəti üçün adi hal idi. Zərifə xanım eyni zamanda, ədəbiyyatı, musiqini də çox sevirdi. Onun ədəbiyyat sahəsindəki bilikləri, incəsənət, xüsusilə, təsviri incəsənət, rəsm əsərləri haqqında mülahizələri adamı heyrətləndirməyə bilməzdi.

Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır. Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri  yandırırlar.  Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla  xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda  təhsilin, səhiyyənin, mədəniyyətin və  digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir.

 Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, adına küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. onun adının əbədiləşdirilməsinin layiqli göstəricisi, ona qoyulan hörmətin, bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir. Bakıda müasir Oftalmologiya Mərkəzinin yaradılması Zərifə xanımın çoxdankı arzularından idi. Oftalmologiya Mərkəzi görmə qabiliyyətində problem olan hər kəsin pənah gətirdiyi yerdir. Klinikanın fəaliyyəti dövründə respublikamızın şəhər və rayonlarından gələn yüz minlərlə xəstəyə yüksək səviyyəli xidmət göstərilmişdir. O cümlədən, yaşadığı müddətdə respublikamızın ən yüksək keyfiyyətli oftalmoloji avadanlıqlarla təchiz edilməsində də Zərifə xanımın misilsiz xidmətləri olmuşdur.

Zərifə Əliyevanın adını əbədiləşdirmək, bu görkəmli qadının xalqımız yolundakı fədakarlığını qiymətləndirməknaminə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də öz növbəsində mütəmadi təlimlər, müsabiqələr, maarifləndirici kampaniyalar həyata keçirir. Müsabiqələrin keçirilməsində məqsəd gənc dostlarımızın, məktəblilərimizin belə ziyalıların, alim və ictimai xadimlərin həyat və yaradıcılığını öyrənməsi, onlardan nümunə götürülməsidir.

Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir insan kimi yaratdığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir. Onun zəngin elmi irsi, oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəsübünü bütün doğrulardan üstün tutmağı bacaran, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə və örnəkdir.

Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir.

 

Hicran Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri üzrə

 Dövlət Komitəsinin sədri,  siyasi elmlər doktoru, professor