Bakıda “Post Sovet ölkələrində sosial iş: sosial iş təhsilində nailiyyətlər və problemlərə dair 4-cü elmi-praktiki konfrans” keçirilib

2 may 2018

Paylaş:

“Azərbaycanda Sosial İş Təhsilinin Təkmilləşdirilməsi”(ASİTT) layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyası (SİMBA), Moldova Sosial İşçilər Assosiasiyasının və Azərbaycan Sosial İş İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində beynəlxalq konfrans həyata keçirildi. 

26 Aprel 2018-ci il tarixində Bakıda “Post Sovet ölkələrində sosial iş: sosial iş təhsilində nailiyyətlər və problemlərə dair 4-cü elmi-praktiki konfrans” keçirildi. Konfrans əsasən Post Sovet ölkələrində sosial iş təhsilinə dair çətinlikləri, bu sahədə davamlı beynəlxalq dialoqun təmin edilməsi və ideyaların mübadiləsini, kurrikulum və proqram inkişafını, həmçinin regionda sosial iş peşəsinin gələcək inkişafı ilə bağlı müzakirələri əhatə edib. 

Konfransda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Hadı Rəcəbli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat Rəhbəri Ceyran Rəhmətullayeva da daxil olmaqla, bir neçə dövlət nümayəndəsi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri və bütövlükdə 10 ölkənin sosial iş üzrə peşəkar mütəxəssisləri, Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının Prezidenti Prof. Dr. Annamariya Kampanini və Qlazqo Universitetindən Dr. Yan Miliqan əsas məruzələrlə çıxış etmişlər. Tədbirdə həmçinin Türkiyə, Qazaxstan, İran, ABŞ, Qırğızıstan, Litva, İtaliya, Şotlandiya və Gürcüstanın kimi müxtəlif ölkələrin peşəkar sosial işçilərinin iştirakı ilə üç panel sessiyası həyata keçirilib. Ümumilikdə, konfransda 10 ölkədən 20 beynəlxalq nümayəndə iştirak etmişdir. 

Tədbirin ikinci günü 27 aprel 2018-ci il tarixində konfransda iştirak edən beynəlxalq ekspertlər Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə səfər etmiş, mərkəzin fəaliyyəti ilə tanış olmuşlar.

Ölkəmizin sosial iş sistemi ilə tanış olmuş Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasının Prezidenti Prof. Dr. Annamariya Kampanini yerli sosial xidmətlərin və sosial işçilərin formalaşması,  sosial iş təhsilinin inkişafı istiqamətində ehtiyaclara uyğun yaradılmış yerli sosial xidmətlərin rolunun çox əhəmiyyətli olduğunu vurğulayaraq gələcəkdə də birgə əməkdaşlığın faydalı olacağını bildirmişdir. Konfrans, iştirakçılar tərəfindən Sosial iş institunun gücləndirilməsi istiqamətində atılmış addım kimi yüksək qiymətləndirilmişdir.