“Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı dəyirmi masa təşkil edilib

24 aprel 2018

Paylaş:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakı ilə 24 aprel 2018-ci il tarixində “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı dəyirmi masa keçirilib.

Dəyirmi masada Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki Samir Zeynalov çıxış edərək, bildirib ki, insan və vətəndaş hüquqlarının qorunması Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin prioritet istiqamətidir. Ölkəmiz insan alverinin qarşısının alınması məqsədilə bir çox beynəlxalq sənədləri ratifikasiya etmiş və milli qanunvericiliyi təkmilləşdirmişdir: “2004-cü il mayın 6-da Prezident İlham Əliyev tərəfindən insan alverinə qarşı mübarizə üzrə 2004-2008-ci illəri əhatə edən ilk Milli Fəaliyyət Planı təsdiq edilib, insan alverinə qarşı mübarizə üzrə məhsul şəxs – Milli Koordinator təyin olunub. 2005-ci il iyunun 28-də "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrin prinsiplərindən, qüvvədə olan qanunvericilikdən irəli gələn hüquq və vəzifələrin səmərəli həyata keçirilməsi məqsədilə 2009-2013-cü illər üçün ikinci Milli Fəaliyyət Planı qəbul edilib, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı Sərəncamla 2014-2018-ci illər üçün üçüncü Milli Fəaliyyət Planı da təsdiq edilərək icrasına dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq təşkilatlar cəlb olunub”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib ki, “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bir çox tədbirlər həyata keçirilmişdir. Ən əsas məqamlardan biri isə biz dövlət qurumları, eləcə də, qeyri-hökumət təşkilatları birlikdə koordinasiya şəklində işləməliyik: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, bizim üzərimizə birinci növbədə maarifləndirmə işləri aparmaq düşür ki, biz də bu istiqamətdə həm Bakıda, həm də regionlarda maarifləndirici tədbirlər həyata keçiririk. Ümumiyyətlə, insan alveri dedikdə bunu müəyyən qruplara bölmək lazımdır: risk qrupları və artıq qurbanlar. Biz risk qrupları və qurbanlarla işləyərək bütün səbəbləri araşdırmalıyıq. Bunu isə birgəlikdə reallaşdırmalıyıq. Digər bir məsələ isə ondan ibarətdir ki, biz hədəfləri düzgün müəyyən etməliyik”.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində İnsan alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova “İnsan alveri qurbanlarına sosial reabilitasiya” mövzusunda, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova “Məkdəbdənkənar təhsil sahəsində insan alverinin və uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər” mövzusunda, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin aparıcı məsləhətçisi Leyla Seyidəliyeva “İnsan alverinə qarşı mübraizə sahəsində Səhiyyə Nazirliyi tərəfindən görülən işlər və gözlənilən nəticələr” mövzusunda çıxış ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları və qeyri-hökumət təşkilatı nümayəndələri müzakirələrdə iştirak edərək, öz təkliflərini irəli sürüblər.