“Şəhidliyə aparan sevgi” kitabı

10 aprel 2018

Paylaş:

Ali Baş komandanın “Aprel döyüşləri Azərbaycan xalqının tarixi qələbəsidir” dediyi, yaxın və uşaq keçmişimizə Aprel döyüşləri kimi yazılan və yazılacaq 2016-cı ilin 2-4 aprelində baş vermiş döyüş qələbəyə, Qarabağa gedən  yolun qapılarını açdı üzümüzə.

Döyüş, qələbə tarix boyu qansız, itkisiz olmayıb. Aprel döyüşlərində də ordumuz onlarla say-seçmə oğlunu itirdi, igidliklə vuruşan, son nəfəsində də “Vətən sağ olsun” deməyi bacaran neçə-neçə oğlunu. İntiqam hissi ilə yaşayan, hisslərini misralara tökən, fəxrlə:

                                   Üçrəngli bayrağın dalğalanacaq,

                                   Millətin ayağa birdən qalxacaq,

                                   İgid oğulların şəhid olacaq,

  Qorunur torpağın sənin ey Vətən,

                                          Canım ey Vətən!

deyən İsmayıllı balası, qədim Maçaxı torpağının yetirməsi  Mikayıl Yaqub oğlu Vahabzadədə millətə qələbə sevincini daddıran həmin döyüşlərdə şəhid olmuşdur.

 İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi şəhidin dəfnində, yas mərasimində iştirak etmiş, həmin ilin 15 may Beynəlxalq Ailə günündə yenə kollektivlə birgə rayonun fəal qadınlarının ailəyə gedişini təmin etmiş, Ailə gününü belə bir oğul böyütmüş insanların əhatəsində qeyd etmişdir. Bununla kifayətlənməyən UADM Mikayıl Vahabzadə haqqında kitab yazmağı, üçrəngli bayrağımıza sevgisi ilə həmişə seçilən belə bir igidi xalqa daha yaxından tanıtmağı qarşısına məqsəd qoymuş və o sevgi üzərində köklənən “Şəhidliyə aparan sevgi” kitabı araya, ərsəyə gəlmişdir.

  Aprelin 4-də İsmayıllı Rayon İcra Hakmimiyyətinin təşkilatçılığı ilə İsmayıllı Mədəniyyət Mərkəzində kitabın təqdimatı oldu.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışında bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə Böyük Qələbəyə gedən yolun başlanğıcıdır.
Oğullarımızın şəhidliyi nə qədər ağırdırsa, Aprel zəfər yürüşünün nəticələri bir o qədər qürurvericidir. Mikayıl Vahabzadə əbədiyyətə qovuşmaqla valideynlərinə, yaxınlarına, dostlarına ağır dərd gətirsə də, Vətənə ilkin qələbə sevinci yaşatmaqla canı ilə iştirak edib.

Millət vəkili Novruzəli Aslanov çıxışında şəhidin ruhuna həsr olunmuş kitabın ərsəyə gəlməsində əməyi, ideyası olan hər kəsə təşəkkür edib, bildirib ki, bu da Vətən uğrunda ölməzliyə qovuşanların xatirəsini əbədiləşdirməyin bir yoludur.
 Hərbi Xidmətə Çağırış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov, ön sözün müəllifi Valeh Salehov, Tircan kənd tam orta məktəbində Mikayıl Vahabzadəyə tarix dərsi demiş Gülyanaq Əliyeva, əməkdar jurnalist İldırım Dəmirli  çıxış ediblər. Onlar şəhidin igidlik və şücaətindən, elinə-obasına gətirdiyi şərəfdən danışmaqla yanaşı “Şəhidliyə aparan sevgi” kitabının şəhidin ruhuna dərin hörmət və ehtiramın təzahürü olduğunu deyiblər.
Mikayılın bibisi Afət Vahabova  təsirli çıxışı ilə ürəklərə hakim kəsilib, kitabı ərsəyə gətirənlərə təşəkkürünü bildirib. Vətənpərvərlik mövzusunda şeirlər, mahnılar, şəhidlərə həsr olunmuş bəstələr səslənib.

İştirakçılar tədbiri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə əldə ediləcək Böyük qələbəyə dərin inam hissləri ilə  mərasimdən gediblər.