“Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabın təqdimat mərasimi keçiriləcək

4 aprel 2018

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və “Konstitusiya” Araşdırmalar Fondunun dəstəyi ilə “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitab nəşr olunmuşdur. Kitab ali təhsil ocaqlarının tələbələri, qadın hüquqlarının müdafiəsi istiqamətində elmi araşdırma aparan gənc tədqiqatçılar, alimlər və jurnalistlər üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitində qadın hüquqlarının beynəlxalq və milli hüquqi müdafiəsinin nəzəri və praktiki məsələləri, qadın və insan hüquqlarının regional müdafiə mexanizmləri, müvafiq istiqamətdə Azərbaycan Respublikasının milli qanunvericiliyi, qadınların siyasi, əmək, təhsil və digər hüquqları, cinayət, cinayət-prosessual və cəza icra hüququnda qadın hüquqları, qadınların məişət zorakılığından müdafiəsi, qadın və qızların reproduktiv hüquqları, qadın hüquqlarının daxili və xüsusi milli müdafiə vasitələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları: qadınlar və uşaqlar, silahlı münaqişələr zamanı qadın hüquqlarının müdafiəsi, soyqırım və silahlı münaqişələr zamanı qadına qarşı cinsi zorakılıq və digər müvafiq mövzularda geniş araşdırmalar aparılmışdır.

5 aprel 2018-ci il tarixində, saat 10:45-də “Hyatt Regency Baku” otelinin Quba zalında millət vəkillərinin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçiriləcəkdir.

Təqdimat mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredisin, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin, AR İnsan Hüquqları üzrə Müvəkkilinin aparat rəhbəri Aydın Səfixanlının, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyevin, “Kounterpart İnterneşnl” Azərbaycan üzrə nümayəndəsi İlqar Ağasiyevin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının müəllimi Pərvanə Bayramovanın, BDU-nun Konstitusiya Hüququ kafedrasının baş müəllimi Qulamhüseyn Əlibəylinin, Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun və digərlərinin çıxışları nəzərdə tutulur.

Tədbir çərçivəsində müvafiq mövzular ətrafında alimlər arasında müzakirələr keçiriləcəkdir.

KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.