Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında 2016-2020-ci illər üçün ölkə üzrə əməkdaşlıq proqramının orta dövr icmalına dair tədbir keçirilib

16 mart 2018

Paylaş:

16 mart tarixində Azərbaycan Hökuməti ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında 2016-2020-ci illər üçün ölkə üzrə əməkdaşlıq proqramının orta dövr icmalına dair dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini cənab Elçin Əfəndiyev 2016-2020-ci illər üçün ölkə üzrə əməkdaşlıq proqramında Azərbaycan Hökumətinin BMT-nin Uşaq Fondu ilə birgə həyata keçirəcəyi layihələrin əksini tapdığını bildirib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi və onların problemlərinin həlli məsələsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipidir.

Elçin Əfəndiyev bildirib ki, Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir və bu iş gündən-günə daha geniş vüsət alır. Uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, onların yaradıcılıq mühitində böyüməsi, idmanla məşğul olması kimi mühüm məsələlər həmişə cəmiyyətimizin diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də olduqca vacib məsələdir. Uşaq problemlərinin həllinə yönəlmiş dövlət proqramları vahid dövlət uşaq siyasətinin formalaşması və reallaşdırılması baxımından ciddi əhəmiyyətə malikdir. Aparılmış uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan Hökumətinin beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlara əsasən beynəlxalq səviyyədə ölkəmizin həyata keçirdiyi islahatlar təqdirəlayiq addımlar kimi qiymətləndirilir. Biz BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi ilə uzun illərdir ki, səmərəli əməkdaşlıq edirik və bu əməkdaşlıq nəticəsində bir sıra mühüm nailiyyətlər əldə edilib. Birgə fəaliyyətimiz daha da inkişaf edəcək və yeni-yeni nailiyyətlər əldə olunacaq. BMT-nin Uşaq Fondu ilə həyata keçirəcəyimiz layihələr uşaqların inkişafına uğurlu töhfələr verəcək, onların maraqlarının təmin olunmasında da ciddi rol oynayacaq.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib ki, Azərbaycan Hökuməti uşaqların inkişafı, təhsili, sağlam şəraitdə böyüməsi üçün UNICEF tərəfindən təklif edilən bütün ideyaları böyük məmnuniyyətlə dəstəkləyir. Bu isə dövlətin uşaq siyasətinə verdiyi önəmin göstəricisidir.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə uşaqların qayğı ilə əhatə olunması, sağlam sosial-mənəvi mühitdə böyüməsi və bütöv bir şəxsiyyət kimi formalaşması dövlət siyasətində mühüm yer tutur. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı hüquqi baza mütəmadi olaraq təkmilləşdirilir.

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı layihələrin həyata keçirilməsində beynəlxalq təşkilatların rolunu xüsusi vurğulayan  Komitə sədri qeyd edib ki, bu mənada bizim əsas tərəfdaşımız BMT-nin Uşaq Fondudur. 25 ilə yaxındır əməkdaşlıq çərçivəsində biz uşaq hüquqlarının müdafiəsi ilə bağlı bir sıra aktual layihələr keçirmişik, ölkə üzrə proqramları qəbul edib, yerinə yetirmişik. Azərbaycanda BMT Uşaq Fondunun fəaliyyətə başlamasını Ümummilli Lider Heydər Əliyev yaxından dəstəkləyirdi. Bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən bu əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirilir. Uşaq Fondunun təşəbbüsləri Hökumət tərəfindən daim dəstəklənir. Bu isə, həm qanunvericilik bazasının təkmilləşdirilməsində, həm də maarifləndirmə işlərinin aparılmasında öz əhəmiyyətli töfhəsini verir.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova əlavə edib ki, ötən müddət ərzində erkən nikah və qızların təhsildən yayınması hallarının qarşısının alınması, küçə uşaqlarının, eləcə də, yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı təhlillər aparılmışdır. Bizim birgə layihələrimizdən biri də Heydər Əliyev Fondunun da dəstəyi ilə reallaşan Azərbaycan Uşaqlarının Ümumrespublika Forumlarıdır. Artıq biz dörd Forum keçirmişik.Və mən fürsətdən istifadə edərək, demək istəyirəm ki, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli işlər görülür. Və biz çox şadıq ki, bir neçə layihəni məhz BMT Uşaq Fondu və Heydər Əliyev Fondu ilə birlikdə gerçəkləşdirmişik. Bizim məqsədimiz uşaqlarımızın hüquqlarının müdafiəsi istiqamətində daha səmərəli və cevik mexanizmlər yaratmaqdan ibarətdir. Və inanıram ki, birgə səylər nəticəsində buna nail olacağıq.

Daha sonra çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov son 10 il ərzində Azərbaycanda üç mindən çox yeni məktəb binasının tikilib istifadəyə verildiyini deyib. O vurğulayıb ki, dünyanın heç bir ölkəsində qısa müddətdə bu qədər məktəb tikilməyib və ya əsaslı təmir olunmayıb. Ən ucqar kəndlərdə yerləşən məktəblərin də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb və ötən il 100 modul tipli məktəb istifadəyə verilib. Bu il isə daha 137 modul məktəbin tikintisi planlaşdırılır.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev uşaqların sağlam böyüməsinin daim diqqətdə saxlanıldığını deyib. Bildirib ki, hazırda Azərbaycanda 11 infeksion xəstəliyə qarşı dövlət hesabına peyvəndləmə işi həyata keçirilir. Məhz bunun nəticəsidir ki, ölkədə bir sıra idarəolunan infeksion xəstəliklər müşahidə olunmur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov UNICEF ilə nazirlik arasında həyata keçirilən layihələrdən danışıb. O deyib ki, birgə hazırlanan “Sosial xidmət haqqında” qanun layihəsinin uğurlu icrası 4 min 46 uşağın bu xidmətdən yararlanmasına şərait yaradıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu ildən başlayaraq UNICEF ilə birgə yeniyetmə və gənclərin inkişafına xidmət edəcək iki pilot layihənin reallaşdırılması nəzərdə tutulub.

Daha sonra Hökumətin texniki tərəfdaşlarının “Sağlamlıq və qidalanma”, “Təhsil”, “Uşaq müdafiəsi”, “Uşaq hüquqlarının monitorinqi”, “Yeniyetmələrin inkişafı və iştirakı”, “Erkən aşkarlanma və önləmə təşəbbüsü”, “Keyfiyyət və inklüziv təhsil” və digər mövzularda təqdimatla çıxışları dinlənilib.  

Sonda BMT-nin Uşaq Fondunun, dövlət qurumlarının, QHT-lərin proqramla bağlı rəy və təklifləri dinlənilib.