İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçirilmişdir

21 fevral 2018

Paylaş:

21 fevral tarixində Mərakeşin paytaxtı Rabat şəhərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçirilib.

Ölkəmizi həmin Konfransda nümayəndə heyatinin rəhbəri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təmsil edir.

Konfransdan öncə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İSESCO-nun baş direktoru Əbdüləziz Əl Tüveycrinin İSESCO-nun Baş Qərərgahında ikitərəfli görüşü keçirilib. Görüş zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, Təşkilata üzv ölkələrin uşaq hüquqları sahəsində gördüyü işlər, dövlətlərin müsbət təcrübəsinin təbliği, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib.

Konfrans zamanı Mərakeş Kralının tədbir iştirakçılarına yönəldilmiş müraciəti səsləndirilib.

Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin çıxışı dinlənilib. İSESCO-nun baş direktoru bildirib ki, uşaqların qorunması şəriət prinsiplərinə (İslam Qanununa), Beynəlxalq Uşaq hüquqlarına, xüsusilə də, Uşaq Hüquqları haqqında Konvensiyaya uyğun olaraq həyata keçirilməlidir. Çıxışının sonunda qeyd edib ki, əminəm ki, bu Konfransda uşaq məsələləri ilə bağlı problemlərin həlli üçün birgə yollar axtarıb tapacağıq. Və mən bütün dövlətləri bu problemlərin həlli üçün birgə səy göstərməyə çağırıram.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin əsas istiqamətləri, uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, bu sahədə əldə olunmuş nailiyyətlər, müsbət təcrübə və digər sahələr üzrə çıxış edib. Dövlət Komitəsinin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirilən təşəbbüslərin, ölkəmizdə qəbul olunmuş bir sıra uşaq proqramlarının müəllifidir. Eyni zamanda, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqlara dəstək, uşaq evlərinin, internat məktəblərinin şəraitinin təkmilləşdirilməsinə yönəldilmiş mühüm tədbirlər həyata keçirir.

Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilməsinin vacibliyini qeyd edən Hicran Hüseynova bildirib ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmişdir. Eyni zamanda, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılmışdır. Məlumat bankına daxil edilən məlumatlar əsasında biz uşaq problemlərinin dəqiq statistikasını biləcəyik ki, bu da həmin sahədə daha effektiv perventiv tədbirlərin həyata keçirilməsinə səbəb olacaq.

Qeyd etmək istərdik ki, 11-12 noyabr 2013-cü il tarixlərində Bakı şəhərində “İslam dünyasında uşaqlar və urbanizasiya” mövzusunda keçirilən Konfransda Azərbaycan uşaq məsələləri üzrə sədr seçilmişdir. Konfransa rəhbərliyin Mərakeş Krallığına keçdiyini elan edən xanım Hicran Hüseynova bəzi müsəlman ölkələrində hələ də uşaqların müharibədən, aclıqdan, zorakılıqdan əziyyət çəkdiyini diqqətə çatdırmış, bu problemlərin həlli istiqamətində daha çox səy göstərilməsinin zəruriliyini vurğulamışdır. Komitə sədri bildirmişdir ki, 2013-cü ildə qəbul olunmuş “Bakı Qətaməsi”ndən irəli gələrək bir sıra işlərin görülməsinə baxmayaraq, hələ də qarşıda uşaqların hüquqlarının müdafiəsi istiqamətində bir sıra vəzifələr dayanmışdır.

Daha sonra Konfrans çərçivəsində 5-ci Büro yaradılıb və Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Konfransın məruzəçisi seçilib.

Konfrans çərçivəsində hesabatlar dinlənilib, yeni proqramlar açıqlanıb və onların müzakirəsi edilib. Eyni zamanda, İslam ölkələrində uşaqların zorakılıqdan müdafiəsi mövzusu sahəsində yeni Fəaliyyət Planının qəbul edilməsi müzakirə edilib. Həmçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkənin müsbət təcrübəsi İSESCO üzv ölkələrinə çatdırılıb.