İctimai Şura
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibi seçildi
İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu
Ölkədə elan olunmuş xüsusi karantin rejiminin sərtləşdirilməsi səbəbindən İctimai Şuraya seçkilərin keçirilməsi təxirə salındı
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 8 dekabr 2020-ci tarixli qərarına əsasən, Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya 17 dekabr tarixində keçirilməsi planlaşdırılan seçkilər təxirə salınmışdır.
Vəziyyətə uyğun olaraq, seçkilərin keçirilməsi tarixi ilə bağlı məlumat namizədlərə bildiriləcəkdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın Seçki Komissiyasının görüşü keçirildi
2 dekabr 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki Komissiyasının onlayn görüşü keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Seçki Komissiyasının sədri Sədaqət Qəhrəmanova Komissiya üzvlərini salamlayaraq İctimai şuraya seçkilərin təşkili və seçki gününün müəyyən edilməsi barədə fikirlərini diqqətə çatdırıb.
Daha sonra Komissiya üzvləri - “Sosial Hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev, “Sağlam həyat naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov, Gender və İqtisadiyyat İctimai Birliyinin sədri Təranə Kərimova, “Vətəndaşların sosial rifahı və müdafiəsi naminə” İctimai Birliyinin sədri Venera Əsgərova, Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya da çıxış edərək rəy və təkliflərini səsləndiriblər.
Görüşün yekununda İctimai şuraya seçki gününün 17 dekabr 2020-ci il tarixinə təyin edilməsi qərara alınıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirildi
3 iyul 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə yaradılan Seçki Komissiyasının görüşü keçirilib.
Görüş çərçivəsində İctimai şuraya seçkilərin təşkili və İctimai şuranın üzvlərinin say həddinin müəyyən edilməsi, İctimai şuraya seçki gününün müəyyən edilməsi məsələləri müzakirə edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, Seçki Komissiyasının sədri Sədaqət Qəhrəmanova Komissiya üzvlərini salamlayaraq, İctimai şuranın fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O bildirib ki, bu il vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyini daha da gücləndirmək məqsədilə İctimai şuranın üzvlərinin say həddinin 11 nəfər müəyyən olunması məqsədəuyğundur.
Komissiyanın üzvü, İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək bilirib ki, “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, 14 may 2020-ci il tarixindən 22 iyun 2020-ci il tarixinədək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan edilmişdir və ictimai fəallar tərəfindən müraciətlər daxil olmuşdur. Sənədlər yoxlanılaraq qəbul olunmuş və Seçki komissiyasının üzvlərinə təqdim edilmişdir.
Daha sonra Komissiya üzvləri - “Sosial Hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev, “Sağlam həyat naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov, Gender və İqtisadiyyat İctimai Birliyinin sədri Təranə Kərimova, “Vətəndaşların sosial rifahı və müdafiəsi naminə” İctimai Birliyinin sədri Venera Əsgərova, Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Gender Məsələləri və Qadın Problemləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya da çıxış edərək, şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Sonda Komissiya üzvləri mövcud vəziyyət nəzərə alınmaqla namizədlərin irəli sürülməsi üçün tarixin müəyyən edilməsi məsələsinə dair təkliflərini bildiriblər.
Görüşün yekununda Seçki Komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 11 üzvdən ibarət tərkibdə müəyyən edilib və İctimai şuraya seçki gününün keçirilməsi üçün nəzərdə tutulan müddətin pandemiya şəraiti nəzərə alınmaqla, 2020-ci il sentyabr ayı təyin edilməsi qərara alınıb.
Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 21 nəfərin namizədliyi təsdiq edilib.
1. Sahib Məmmədov - “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”
2. Fərhad Abdulov - “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi
3. Nübar Nizamova - İctimai fəal vətəndaş
4. Əntiqə Qurbanova - “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəm iyyəti İctimai Birliyi
5. Lyudmila Xəlilova - “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi
6. Mehriban Zeynalova - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
7. Fariz Əkbərov - “Azərbaycan Uşaqları” İctimai Birliyi
8. Nailə İsmayılova - “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
9. Afaq Əhmədova - Beynəlxalq Sülh Araşdırmalar və İnkişaf İnstitutu
10. Vəfa Abbasova - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti”
11. Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondu
12. Rahilə Mehtiyeva -“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
13. Fərid Məlikov - “İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq” İctimai Birliyi
14. Fəridə Vəliyeva - “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi
15. Kəmalə Aşumova - Ümidli Gələcək Gənclər Təşkilatı
16. Qəmzə Yusubova - Ekoloji Maarifcilik və Monitoring İctimai Birliyi
17. Zərif Mehtiyeva (Ağdam) - İctimai fəal vətəndaş
18. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi
19. Elnarə Məhərrəmova - “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İB
20. Hafiz Həsənov - “Hüquq və inkişaf” İctimai Birliyi
21. Mirəli Hüseynov - “Demokratiyanı Öyrənmə” İctimai Birliyi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulunu elan edir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulunu elan edir.
Bununla əlaqədar olaraq şura üzvlüyünə seçkilərin təşkili məqsədilə seçki komissiyası yaradılmışdır.
İctimai şura Komitənin fəaliyyətində şəffaflığın daha da artırılması, ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin həyata keçirilməsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyan məşvərətçi qurumdur. Müvafiq sahədə ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərən şuraya üzv ola bilər.
Komitə yanında ictimai şuraya üzv seçilmək üçün namizədlərin sənədləri hər bir vətəndaş cəmiyyəti orqanından bir nəfər olmaqla 2020-ci il mayın 14-dən iyunun 22-dək (25 iş günü müddətində) Komitənin seçki komissiyasına təqdim olunmalıdır.
İctimai şuranın üzvlüyünə namizədlərin aşağıdakı sənədləri əlavə edilməlidir:
✅İctimai şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
✅namizədin şəxsiyyət vəsiqəsinin surəti;
✅namizədin tərcümeyi-halı;
✅namizədin vətəndaş cəmiyyəti təşkilatı üzvlüyünü təsdiq edən sənədin surəti.
Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.
Seçki ilə əlaqədar Komitənin rəsmi elektron poçt ünvanına (informasiya.aqupdk@scfwca.gov.az) və ya İnformasiya və Analitik araşdırmalar şöbəsinə (tel: 012 498-80-93) müraciət edilə bilər.
Dövlət Komitəsi yanında yaradılan İctimai şuranın üzvləri ilə görüş keçirildi
26 dekabr tarixində Dövlət Komitəsi yanında yaradılan İctimai şuranın üzvləri ilə görüş keçirilib. İclası giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Eyni zamanda, sədr müavini qeyd edib ki, yeni qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsi prosesində Qeyri-hökumət təşkilatlarının rəy və təklifləri də diqqətlə öyrənilməli və nəzərə alınmalıdır.
Daha sonra gündəlikdə duran məsələlər müzakirə edilib. Açıq səsvermə yolu ilə İctimai şuranın sədri, sədr müavini və katibi seçilməsi üçün səsvermə keçirilib. Səsvermənin nəticəsi olaraq yekdilliklə İctimai şuranın sədri – “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, İctimai Şuranın sədr müavini – “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev və İctimai şuranın katibi – “Qadınlar Bələdiyyələrin inkişafı uğrunda İctmai Birliyinin sədri Lyüdmila Xəlilova seçilib.
Daha sonra növbəti il üçün birgə Fəaliyyət Planının qəbul edilməsi məqsədi ilə müzakirələr aparılıb.
İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirildi
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin növbəti görüşü 21 sentyabr 2017-ci il tarixində Hökumət Evinin Konfrans zalında keçirilib. Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, hazırda ölkədə mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir: “2014-cü ildə "İctimai iştirakçılıq haqqında" qanunun qəbul edilməsi bu fəaliyyəti daha da sürətləndirib. Bu qanunun qəbulu ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu möhtərəm Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib: "Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq, insanlardan tələb etsək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir".
Ölkə başçısının bu yöndə göstərişinə uyğun olaraq Komitə yanında da İctimai Şuraya seçkilər keçirildiyini bildirən Dövlət Komitəsinin sədri qeyd edib ki, 9 nəfər qeyri-hökumət təşkilatı Şuraya üzv seçilmişdir və burada ailə, qadın və uşaq hüquqlarının müdafiəsi üzrə səmərəli fəaliyyət göstərən, əhəmiyyətli layihələr icra edən QHT-lər toplaşıb. Müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Komitənin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayan Hicran Hüseynova İctimai Şuranın müvafiq sahələr üzrə qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, ictimai nəzarətin təmin olunmasında, qadın və uşaq hüquqlarının qorunması istiqamətində qərarların qəbulunda, işlərin daha səmərəli təşkilində əhəmiyyətli rol oynayacağını deyib və Dövlət Komitəsinin tədbirlər planı ilə tanış olmalarını, öz təkliflərini irəli sürmələrini bildirib.
Daha sonra İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatı sədrlərinə üzvlük vəsiqələri təqdim olunub.
Çıxış edən Şura üzvləri vətəndaşların dövlət idarəçiliyində iştirakı, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması, verilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının da rəyinin nəzərə alınması baxımından İctimai Şuraların əhəmiyyətini qeyd ediblər. Onlar Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs ediblər. İctimai Şuranın üzvləri Dövlət Komitəsi tərəfindən qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində aparılan işlərdə İctimai Şuranın daha yaxından iştirak edəcəyini və öz töhfəsini verəcəyini bildiriblər.
Görüş qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulması və digər məsələlərlə bağlı təkliflərinin irəli sürülməsi ətrafında müzakirələrlə davam edib.
- Mehriban Zeynalova
- Lyudmila Xəlilova
- Rafiq Alışov
- Zərifə Quliyeva
- Rəna Mirzəzadə
- Mayis Əliyev
- Sədaqət Hüseynova
- Zenfira Ağayeva
- Əliməmməd Nuriyev
ELAN
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə (http://cabmin.gov.az/?/az/pressreliz/view/1355/) uyğun olaraq Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının 13 oktyabr 2016-cı il tarixli, 41-3 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Seçki Komissiyası yaradılmışdır. Seçki Komissiyasının 10 aprel 2017-ci il tarixli görüşündə İctimai şuranın üzvlərinin say həddi və İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilmişdir.
Bununla əlaqədar olaraq 13 aprel 2017-ci il tarixindən 12 may 2017-ci il tarixinədək Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Namizəd təmsil etdiyi vətəndaş cəmiyyətinin müraciəti əsasında irəli sürülür. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
- şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin tərcümeyi-halı;
- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti.
Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
Seçki ilə əlaqədar Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet poçt ünvanına (komiteinfo@gmail.com) və ya Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinə müraciət edilə bilər.
Əlaqə: 012 498-80-93