Beynəlxalq Ailə Günü
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir. Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinin ailə siyasəti olduğu nəzərə alınaraq, mütəmadi olaraq ölkəmizdə ailə məsələlərinə böyük diqqət yetirilir, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir, müvafiq sahədə əlamətdar günlər ailələrlə birgə xüsusi qeyd edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi və dəstəklənməsi məqsədi ilə milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır. Bu istiqamətdə “Beynəlxalq Ailə Günü” ərəfəsində Dövlət Komitəsi tərəfindən ölkəmizdə silsilə tədbirlər və yekun olaraq “Ailə Bayramı” təntənə ilə qeyd edilir. “Ailə Bayramı”nın keçirilməsinin məqsədi cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi; ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi; gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması; gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi; gənclərin ailə həyatına hazırlığı; çoxsaylı xalqları, etnik qrupları təmsil edən ailələrin adət-ənənələrinin nümayişi; ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği; sağlam həyat tərzinin təbliği; nümunəvi çoxuşaqlı ailələrin təbliği; sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasının təbliğidir.
2008-ci ildən etibarən “Ailə Bayramı” Şamaxı, Lənkəran, Qax, Xaçmaz, İsmayıllı, Şəki, Abşeron, Şəmkir və Quba rayonlarında keçirilib. Bayramlarda Azərbaycanın rayon və şəhərlərini təmsil edən nümunəvi, uzunömürlü, çoxuşaqlı ailələr, üçəm uşaqları olan ailələr, müəyyən nailiyyətlərə görə seçilmiş ailələr, sağlamlıq imkanları məhdud üzvü olan ailələr, xarici ölkələrin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, beynəlxalq təşkilatların ölkəmizdə olan nümayəndələri, ekspertlər, rəsmi qonaqlar iştirak edirlər.
Bayramlarda müxtəlif nominasiyalar üzrə iştirak edən ailələrin sərgisi üçün guşələr, bölgələrin milli mətbəxini əks etdirən təamlar, müxtəlif əl işlərinin hazırlanması, nümunəvi ailələrin diplom və fəxri fərmanlarının nümayişi təşkil olunur. Eyni zamanda müxtəlif nominasiyalar üzrə “Bacarıqlı əllər”, “Milli mətbəx”, “Yaradıcı əllər”, “Ailə şəcərəsi”, “İntellekt yarışması”, “İdman yarışması” müsabiqələr keçirilir, tədbir iştirakçıları üçün 7 guşə “Ənənələrimizi qoruyaq”, “Sağlam ailə-sağlam gələcəyin təminatıdır”, “Mütaliə edək, dünyagörüşümüzü artıraq”, “Yaşlı nəslin təcrübəsindən faydalanaq”, “Əylənək-öyrənək”, “Hüquqlarımızı bilək”, “Ailəmizin müsbət psixoloji iqlimini qoruyaq” tədbir iştirakçıları üçün tərtib olunur.
Respublikanın müxtəlif bölgələrindən olan ailələr bu cür əlamətdar günlərdə bir-birləri ilə ünsiyyətə girərək adət-ənənələri, bölgələrinə xas milli dəyərləri bölüşür, nümunəvi Azərbaycan ailə modelini bir daha təbliğ edirlər.