İnsan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində Qusar rayon orta məktəblərində maarifləndirici təlim keçirilib.

21 December 2017

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.9.4-cü bəndinin (“Təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi”) icrası məqsədilə, 19 dekabr tarixində Dövlət Komitəsinin BMqT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində Qusar rayon orta məktəblərində 8-11-ci sinif şagirdləri və müəllimlərin iştirakı ilə maarifləndirici təlim keçirilib.

Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi təlimi giriş sözü ilə açaraq uşaq hüquqlarının müdafiəsi, insan alveri anlayışı, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət haqqında məlumat verərək, onların sosial və hüquqi müdafiəsi haqqında dövlət tərəfindən atılan mühüm addımları yüksək qiymətləndirib.

Daha sonra Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov uşaq hüquqlarının müdafiəsi, insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət və mübarizə üsulları haqqında təqdimatla çıxış edərək, həm ölkəmizdə, həm də bütün dünya ölkələrində bu problemin geniş yayıldığını qeyd edib. telefon qiymetleri . Azərbaycanda bu sahədə qəbul edilmiş qanunvericilik, Milli Fəaliyyət Planı haqqında məlumat verərək bildirib ki, Azərbaycan dövləti bu sahədə ehtiyacı olan bütün standartlara və mexanizmlərə sahibdir. Fuad Əliyev əlavə etdi ki, insan alveri qurbanları üçün sığınacaq fəaliyyət göstərir və onlara psixoloji yardım göstərilərək cəmiyyətə reinteqrasiyası təmin olunur. İnsan alverinin qarşısının alınmasına dair məlumatlar şagirdlərə çatdırılaraq, bu sahədə maarifləndirmə işinin daha geniş təbliğ edilməsinin vacibliyinə diqqət çəkilib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin polis polkovnik-leytenantı Fuad Əliyev tərəfindən iştirakçılara insan alverinə qarşı həyata keçirilən mübarizə tədbirləri, onların profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirici məlumatlar verib.

Daha sonra çıxış edən müstəqil ekspert Məlahət Ağayeva “İnsan alverinin qarşısını almaq üçün sinifdənxaric tədbirlərin təşkili” adlı metodik vəsaiti təqdim edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçılara maarifləndirici çap materialları təqdim edilib.

Təlimlərdən sonra Qusar rayonunun Mədəniyyət sarayında məktəb şagirdləri, valideynlər, müəllimlər və ictimaiyyət nümayəndələrinin  iştirakı ilə məktəb şagirdlərinin iştirakı ilə hazırlanmış “Doğru addım at!” adlı kiçik bir tamaşa nümayiş etdirilib.

Təlim 20-21 dekabr  tarixlərində Quba və Xaçmaz rayonlarında da davam etdirilib.