“Günəş hamı üçündür” adlı tədbir keçirilib

30 June 2015

Share:

Sağlamlıq imkanları məhdud olan uşaqlara diqqət və qayğının artırılması, onların problemlərinin həllinə cəmiyyətin cəlb olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqları və onların ailələrini müəyyənləşdirmək, onların cəmiyyətə hərtərəfli qoşulması və inkişafını təmin etmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Günəş hamı üçündür” adlı maarifləndirmə layihəsi həyata keçirilir. Layihə çərçivəsində növbəti dəyirmi masa 30 iyul 2015-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2015-ci ilin ilk 6 ayı ərzində Komitəyə ərizə ilə müraciət etmiş valideynlər üçün keçirilib. Tədbiri giriş sözü ilə açan və tədbir iştirakçılarını salamlayan Komitənin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova tədbirin əhəmiyyətindən söz açıb, Komitə tərəfindən hər zaman valideynlərə aidiyyəti üzrə hüquqi və psixoloji yardım göstərilə biləcəyini ifadə edib. Daha sonra tədbir iştirakçılarına “Azərbaycan ailəsi” filmlər festivalında iştirak etmiş, sağlamlıq imkanları məhdud rəssam xanımın ailə həyatından və uğurlarından bəhs edən “Qağayı” filmi nümayiş olunub.

           Eyni zamanda Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova tədbirdə sosioloji istiqamətdə “Xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, cəmiyyətə inteqrasiyası” adlı təqdimatla çıxış edib. Həmçinin Komitənin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi Vəfa Ələkbərova, Ailə Problemləri şöbəsinin aparıcı məsləhətçisi Səmra Əliyeva aidiyyəti üzrə hüquqi və psixoloji istiqamətdə çıxışlar ediblər. Tədbirdə ailənin xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında rolu; xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası, cəmiyyətə inteqrasiyası və özünəxidmət bacarıqlarının inkişaf etdirilməsi; xüsusi qayğıya ehtiyacı olan uşaqların ətraf mühit ilə kontakt (əlaqə) yaratmasında valideynlərin üzərinə düşən öhdəliklər kimi mövzular ətrafında çıxışlar olub və  sonda müzakirələr aparılıb.