Beynəlxalq Qızlar Gününə həsr olunan tədbir keçirildi

11 October 2017

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə 11 oktyabr  2017-ci il tarixində Qaradağ rayonu Qobustan Mədəniyyət Evində Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbir keçirib.

Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova  tədbiri  açaraq, mövzunun aktuallığından bəhs edib.   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirib ki, müəllim, şagird və valideyn kollektivinin iştirakı ilə belə maarifləndirici tədbirlərin mütəmadi olaraq təşkil edilməlidir. O qeyd edib ki, bu tədbirləri keçirməklə nəticə etibarilə  qadınlara qarşı münasibət dəyişilməli, onlar təhsil almalı və cəmiyyətin kişilərlə bərabər ən fəal, ən aktiv üzvü olmalıdırlar. Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi  Aynur  Veysəlova- Abbasova 11 oktyabr beynəlxalq qızlar gününün mahiyyəti, təhsildən yayınma, erkən nikah və onun yaratdığı fəsadlar barədə təqdimat edib.

Şamlı Məscidinin axundu Hacı  Qaraoğlan  Axundov çıxış edərək, İslam qaydalarında, dində qadınlara, qız uşaqlarına verilən yüksək qiymətdən danışıb. 195 saylı məktəbin  psixoloqu  Elnarə  Nuriyeva isə məsələnin psixoloji tərəflərindən bəhs edib.

Tədbirdə iştirakçılara qızların təhsildən yayınma halları, reproduktiv sağlamlıq, erkən nikah və onun fəsadları haqqında çap məhsulları paylanıb, eyni zamanda erkən nikah haqqında sosial çarx nümayiş olunub. Tədbirin sonunda  məktəblilər tərəfindən hazırlanmış səhnəciklər göstərilib.