Məişət zorakılığı ilə bağlı elektron məlumat bankınının istifadəsinə dair təlim keçirildi

11 October 2017

Share:

11 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı elektron məlumat bankının istifadəsi üzrə təlim keçirilib.

Təlimdə məlumat bankının istifadəsinə dair məsul şəxslər (nazirliklər, yerli icra hakimiyyətləri, yardım mərkəzləri, Komitə əməkdaşları) iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat bankının istifadəsi haqqında təlim iştirakçılarına məlumat verib. O bildirib ki, məişət zorakılığı problemi nəinki Azərbaycanda, bütün dünyada mövcuddur. Lakin onun qarşısının alınması ilə bağlı müəyyən tədbirlər var ki, onlardan istifadə etməklə müsbət nəticələrə nail ola bilərik. Bununla bağlı ölkəmizdə də müəyyən işlər görülür.

Qeyd olunub ki, “Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 oktyabr tarixli, 331 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 19 dekabr tarixli, 207 nömrəli qərarı ilə “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması” qaydaları təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli, 537 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən məişət zorakılığı ilə bağlı məlumat bankı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmalıdır. Qeyd edilib ki, Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradıb.

Sonra BMT-nin Əhali Fondunun Gender üzrə layihə koordinatoru Nailə Cəfərova çıxış edərək məlumat bankının “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində hazırlandığını qeyd edib və keçirilən təlimin əhəmiyyətindən bəhs edib.

“E-box” şirkətinin baş direktoru Şamo Salayev məlumat bankının işləməsinin əsas prinsipləri, etik qaydalar, məxfilik məsələləri, razılaşdırılmış əməliyyat anlayışları, məlumat bankının hazırlanma texnologiyası və texnoloji standartları haqqında məlumat verib.

“E-box” şirkətinin texniki direktoru Eldar Zeynalov məlumat bankının istifadəsi qaydaları və bölmələrin izahı, məlumat bankının istifadəçi qeydiyyatının aparılması, kömək funksiyası, təlim vəsaiti haqqında məlumat, əlavələrə baxış və digər məlumatları diqqətə çatdırıb.

Təlim sual-cavab və müzakirələrlə davam edib.