“Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda beynəlxalq konfrans keçirildi

22 September 2017

Share:

22 sentyabr 2017-ci il tarixində Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda beynəlxalq konfrans keşirilib.

Milli Məclisin (MM), Avronest Parlament Assambleyasının (PA) sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyətləri komitəsinin, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilən konfransı açan MM-in gənclər və idman komitəsinin sədri Fuad Muradov tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, tədbirdə qadınların sağlamlığının yaxşılaşdırılması və gender bərabərliyi üzrə qeydə alınan inkişaf göstəriciləri, qarşıya çıxan problemlər ətrafında çıxışlar və müzakirələr nəzərdə tutulur. F.Muradov qeyd edib ki, Ermənistan 25 ildir, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Bu inkişafımıza mane olan səbəblərdəndir. Bir milyon insan qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadınlar təşkil edir. Bizim istəyimiz dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində hər bir təşkilatın öz vəzifəsini yerinə yetirməsidir.

Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışan Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə bu sahədə qarşıya qoyulan məqsədlərə nail olunması istiqamətində xeyli işlər görülüb. Azərbaycanın müvafiq təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Beynəlxalq əməkdaşlığa önəm verən ölkəmiz bütün sahələrdə çox məsuliyyətli tərəfdaş olduğunu sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qərarların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. Dayanıqlı inkişaf məqsədlərində gender bərabərliyinin mühüm amillərdən biri olduğunu söyləyən Milli Məclisin sədr müavini qeyd edib ki, Azərbaycan neft ölkəsidir, zəngin təbii resursları var. Lakin ölkəmizdə əsas resurs insan amilidir. Məhz bunu nəzərə alaraq, bu sahədə bir sıra proqramlar həyata keçirilib və konkret nəticələr əldə olunub. Dövlətimizin başçısı tərəfindən dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair mühüm qərarlar qəbul edilib, qadın sahibkarlığı, gender bərabərliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı mühüm qanunvericilik bazası var və onun nəticələri də görünməkdədir.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi sahələrində qazanılan nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyi sayəsində əldə olunduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, gələn il Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyi qeyd olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizdə gender bərabərliyi məsələlərini daim diqqət mərkəzində saxlayırlar. Ölkəmizdə dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini, kişi və qadınlar arasında hüquq bərabərliyi prinsipinin qorunduğunu qeyd edən M.İbrahimqızı zərif cinsin nümayəndələrinin ailədə, təhsildə, səhiyyədə, mədəniyyətdə, dövlət idarəçiliyində, qanun və qərarların qəbulunda, hətta idman hərəkatında yüksək nailiyyətlər qazandıqlarını deyib.

Gender bərabərliyi insan hüquqlarının təmin edilməsində əsas şərtlərdən biridir. Bu barədə danışan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd edib ki, Azərbaycanda bu sahədə görülən işlər ölkəmizdə gender məsələsinə göstərilən diqqətin təzahürüdür. Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır. Azərbaycan və Aİ bir çox sahədə ümumi maraq kəsb edən və qarşılıqlı faydalara əsaslanan əməkdaşlıq edir. Hazırda əməkdaşlığa dair aparılan intensiv danışıqların yekunlaşması hər iki tərəfin maraqlarına uyğun yeni siyasi hüquqi çərçivəsinin yaranmasına xidmət edəcək.

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlər və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bu sahədə əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdığını göstərir. Avropa İttifaqı Şərq Tərəfdaşlarının gələcəyi münaqişə bölgələrində sülh və sabitliyin bərqərar olmasından asılıdır. Bu təşkilata üzv ölkələrdən olan Ermənistan Azərbaycan torpaqlarının beşdəbirini işğal edib. İşğal olunmuş ərazilərdə sərvətlərimiz talan edilir, tarixi və mədəni abidələrimiz, məscidlər dağıdılır. Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır. Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdır. Əks halda, bunun ağır nəticələri ilə qarşılaşacaqlar. Avropa Parlamentinin üzvlərinin işğal olunmuş ərazilərə səfərini təşkil etməklə Ermənistan onları öz avantüralarına cəlb etmək istəyir. Artıq bu siyasət iflasa uğrayıb. Dünya birliyi sərhədlərin zorla dəyişdirilməsini heç zaman qəbul etməyəcək. Aİ işğalçıya qarşı münasibətdə ortaya qəti mövqe qoymalı və onu təcavüzkar siyasətdən çəkindirməlidir. Münaqişənin həlli regionun sosial tərəqqisinə, iqtisadi inkişafına təkan verəcək. Azərbaycan münaqişənin tezliklə həllində maraqlıdır. Ümid edirik ki, bizim mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək” – deyə X.Xələfov vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Dayanıqlı İnkişaf Məqsədləri ötən 15 il ərzində həyata keçirilmiş Minilliyin İnkişaf Məqsədləri (2000-2015-ci illər) əsasında yaradılıb. Bu müddət ərzində bir çox hədəflər üzrə nailiyyətlər əldə olunub. Ölkəmizdə mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, savadlılıq demək olar yüz faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən bəhs edən H.Hüseynova deyib: “Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşan önəmli layihələr bu siyasətin daha da güclənməsinə böyük töhfədir. Azərbaycan Hökuməti ailələrimizin rifahını, qadın iştirakçılığının artırılmasını və uşaqlarımızın sağlam və savadlı böyüməsini daim diqqətdə saxlayır. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi üçün hüquqi qanunvericilik bazası yaradılıb və gender ekspertizası aparılıb. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Komitə tərəfindən “Məişət Zorakılığı üzrə” Məlumat Bankı yaradılıb. Eyni zamanda, BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı ikiillik layihəyə start vermişik. Layihə çərçivəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması sahəsində bir sıra görüşlər keçirilib, müvafiq sənədlər hazırlanıb. Biz Azərbaycanda 5-ci məqsəd üzrə hədəflərə nail olmaq üçün böyük işlər aparırıq. Xüsusilə qadınların iqtisadi resurslara, informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin olunması, gender əsaslı zorakılığın aradan qaldırılması sahəsində işləri daha da gücləndirmişik”.

Azərbaycanda ilk dəfə 1918-ci ildə qadınlara səsvermə hüququ verildiyini xatırladan BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, milli qanunvericilikdə bütün növ bərabərlik təmin edilir. Azərbaycan, həmçinin “Ayrı-seçkiliklərin aradan qaldırılması” Konvensiyasına qoşulub. Qadınlara qarşı zorakılığın və iş yerlərində gender bərabərsizliyinin aradan qaldırılması üçün daha çox iş görülməsinin vacibliyini diqqətə çatdıran Q.İshaqzai əlavə edib ki, qadınlar təhsilə çıxışda, iqtisadi qərarların verilməsində daha aktiv iştirak etməlidirlər. Azərbaycan gender bərabərliyi sahəsində xeyli irəliləyişlərə nail olub. Ölkə qanunvericiliyi qadınlara qarşı bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına imkan verir.

BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqsai qeyd edib ki, heç bir qadın, uşaq diqqətdən kənarda qalmamalıdır. “Çox istərdik ki, hökumətlər, parlamentlər insanların ehtiyaclarına cavab verən, siyasi məfkurədən uzaq qanunların qəbul edilməsində birgə fəaliyyət göstərsinlər. Əsl dəyişikliyə nail olmaq üçün gender bərabərliyi diqqətdə saxlanılmalıdır. Mən dayanıqlı inkişaf üçün Azərbaycan Prezidentinin göstərdiyi səyləri alqışlayıram. Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Bu şura yüksək səviyyəli hesabat hazırlayıb. Şadıq ki, Azərbaycanın hesabatında əsas mesajlardan biri gender bərabərliyi idi”, – deyə Qulam İshaqzai vurğulayıb.

AZƏRTAC