Ağdamda Ümumdünya Uşaq Hüquqları günü

17 November 2014

Share:

Ümumdünya Uşaq Hüquqları günü 1954-cü ildən etibarən BMT-nin Baş Assambleyası tərəfindən tövsiyə olunan bayramdır. Qeyd edək ki, həmin vaxtdan otuz il öncə ilk dəfə olaraq 1924-cü ildə uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilib. Bu bəyənnamədə deyilir : “Bəşəriyyət məcburdur ki, uşaqlarıən yaxşışeylərlə təmin etsin”. BMT tərəfindən 1959-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Bəyənnaməsi”, 1989-cu ildə isə “Uşaq Hüquqları Konvensiyası”nın qəbul olunması isə sözsüz ki, uşaqların mənafeyinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2008-ci il 22 dekabr tarixli sərəncam imzalanıb. Həmin sərəncama görə 2009-cu il Azərbaycanda məhz “Uşaq ili” elan olunub. Və bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması, onların vəziyyətinin yaxşılaşdırılması və tələbatlarının ödənilməsi üçün kifayət qədər iş görülür.

17 noyabrda Bakı şəhərində keçirilən və bütün rayonlardan bu möhtəşəm tədbirə qoşulan uşaqların III Ümumrespublika Uşaq Forumu ən gözəl bir misaldır ki, Azərbaycan uşaqları öz sözlərini deməyə, fikir yürütməyə, hətta böyüklərin həyatında dəyişiklik etməyə qadirdilər. Bu forumda uşaqlar fikir və mülahizələrini, dəyərli təkliflərini dövlət rəsmilərinə hazırladıqları rəsmi bəyyannamə ilə bəyan etdilər. Ağdam rayonundan da iki məktəbli qız köçkün uşaqların nümayəndəsi kimi bu forumda iştirak etdilər.

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hər ildə olduğu kimi bu il noyabrın 20-də Ağdam rayonu Quzanlı yeni qəsəbədə məktəblilərlə Ümumdünya Uşaq Hüquqları Gününü qeyd etdi. Tədbirdə iştirak edən uşaqlar öz hüquqları və hüquqlarının müdafiə olunması haqqında geniş məlumat əldə etdilər. Bir qrup uşaq isə öz hüquqları haqqında hazırladıqları səhnəciyi təqdim etdilər. Tədbirin sonunda uşaqlardan ibarət rəqs qrupu gözəl rəqsləri ilə iştirakçıları sevindirdilər.

Tədbirdən sonra bir qrup uşaq H. Əliyev muzeyinə səfər etdilər.