Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin hər bir rayonu üzrə məktəb psixoloqları üçün təşkil edilən təlimlər başa çatmışdır

12 December 2014

Share:

Uşaqların cəmiyyətdə sağlam və layiqli vətəndaş olaraq öz yerini tutmasında onların problemlərinin vaxtında aşkar edilməsi və aradan qaldırılması əhəmiyyətli rol oynayır. Bu baxımdan uşaqlarla işləyən psixoloqların peşəkarlığının artırılması olduqca əhəmiyyətlidir.  Bu istiqamətdə məktəb psixoloqları üçün təlimlərin Bakı şəhərinin hər bir rayonu üzrə keçirilməsi planlaşdırılmışdır.

2014-cü ilin dekabr ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi UNİCEF-lə birgə Bakı şəhəri üzrə hər rayondan iş təcrübəsi və peşəkarlığı ilə seçilən təhsil müəssisələrinin psixoloqları üçün “Müasir dövrdə uşaq psixologiyasının problemləri: ailə-məktəb” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı “Uşaqların intiharı” və “Risk qrupunda olan uşaqlar” mövzusu ətrafında aktiv müzakirələr aparılmışdır.

Təlimin əsas məqsədi təlim keçmiş psixoloqların gələcəkdə müvafiq materiallar üzrə təmsil etdikləri rayonun təhsil müəssisələrinin psixoloqları üçün eyni mövzuda təlimlərin keçirilməsi olmuşdur.

Bu istiqamətdə işin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Təhsil Nazirliyi və UNİCEF-in dəstəyi ilə Bakı şəhərinin rayonları üzrə orta təhsil məktəblərində psixoloqlar üçün “Uşaqların intiharı” və “Risk qrupunda olan uşaqlar” mövzusunda təlimlər keçirilmişdir. Təlimlər Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xətai, Suraxanı, Nizami, Xəzər, Binəqədi, Pirallahı, Qaradağ, Sabunçu rayonu üzrə məktəb psixoloqları üçün 19 fevral – 18 mart 2015-ci il tarixlərində müvafiq mövzular üzrə sertifikat almış 5 psixoloq tərəfindən aparılmışdır.

Təlimlər 2014-cü ilin dekabr ayında Komitə tərəfindən təşkil edilən təlimdə öz peşəkarlığı ilə seçilmiş və sertifikat almış Yasamal r-nu 20 saylı məktəb-litseyin psixoloqu Tünzalə Verdiyeva, Xətai r-nu 244 saylı məktəbin psixoloqu Sevinc Məmmədova, Xətai r-nu 147 saylı məktəbin psixoloqu Gülnarə Əhmədova, Xətai r-nu 245 saylı məktəbin psixoloqu Xavər Rzayevaya, Suraxanı r-nu 114 saylı məktəbin psixoloqu Ruhiyyə Nağıyeva tərəfindən uğurla aparılmışdır.