Dövlət Komitəsinin sədr müavini Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupu ilə görüşüb

17 June 2022

Share:

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin AŞ yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi bir qrup səfirlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Sədaqət Qəhrəmanova qonaqları salamlayaraq, Avropa Şurası ilə birgə səmərəli əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Sədr müavini Dövlət Komitəsi haqqında geniş məlumat verərək, fəaliyyət istiqamətləri üzrə imzalanan mühüm sənədləri diqqətə çatdırıb.

Daha sonra çıxışına davam edən S. Qəhrəmanova ikitərəfli əməkdaşlığın sferalarının vacibliyinə toxunaraq, xüsusilə məişət zorakılığı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirləri qeyd edib. O, məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb. Bu sahə üzrə imzalanan tədbirlər planı, yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları, eləcə də bələdiyyələrdə yaradılan gender komissiyaları haqqında ətraflı məlumat verilib. Ötən illər ərzində qadınların iqtisadi imkanlarının artırılması, onların iqtisadi səlahiyyətləndirilməsi üzrə müsbət nəticələrin əldə edildiyini qeyd edən sədr müavini, bu fəaliyyətlərin davam etdirilməsinin, eləcə də bu sahədə Dövlət Komitəsinin Avropa Şurası ilə birgə əməkdaşlığın önəmini vurğulayıb.

Sədr müavini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad edildiyini və ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqqında qonaqları məlumatlandırıb.

Azərbaycana səfərlərinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını ifadə edən qonaqlar ölkəmizlə olan əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın davamlı olmasının mühüm olduğunu qeyd ediblər.

Görüşdə Avropa Şurası ilə Azərbaycan arasında ötən dövrdə birgə fəaliyyət planlarının uğurla icra edildiyi bildirilib. Qeyd edilib ki, 2022-2025-ci illər üçün hazırlanan Fəaliyyət Planı əvvəlki Fəaliyyət Planlarının nəticələrinə əsaslanır və həmin planlar üzrə gender bərabərliyinin təşviqi, qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə, uşaq hüquqlarının təşviqi və digər sahələrdə müsbət dəyişikliklər qeydə alınıb.

Sonda ikitərəfli əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Finlandiyanın AŞ yanında daimi nümayəndəsi Nina Nordstrom, Estoniyanın AŞ yanında daimi nümayəndəsi Rasmus Lumi, Türkiyənin AŞ yanında daimi nümayəndəsi Kaan Esener, GR-DEM-in katibi Deni Bribosiya, AŞ katibliyinin Proqramlar üzrə Baş Direktorluğunun Azərbaycan üzrə məsul əməkdaşı Olqa Frayşteter, Azərbaycan Respublikasının AŞ yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, AŞ-nin Bakı ofisinin rəhbəri Zoltan Hernyeş, XİN-in əməkdaşı Leyla Həsənova və Komitə əməkdaşları da görüşdə iştirak ediblər.