Mərhum Nazir Quliyevə Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.

20 October 2016

Share:

Bu günlərdə uşaq məsələləri üzrə Azərbaycanın tanınmış mütəxəssisi, Uşaq Hüquqları Klinikasının direktoru, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin Sədri, “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin Sədri Nazir Quliyevin vaxtsız vəfatı ilə bağlı xəbər bizi çox sarsıtdı

Nazir Quliyev gözəl ailə başçısı, zəhmətkeş insan, uşaq hüquqlarının müdafiə sahəsində peşəkar ekspert olmuşdur. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması istiqamətində həyata keçirilən fəaliyyətdə öz töhfələrini vermişdir. Xüsusən də uşaq hüquqlarının qorunması sahəsində maarifləndirmə işlərinin geniş miqyas almasında onun fəaliyyəti danılmazdır. Nazir Quliyev uşaqların problemlərinin həlli üçün əlindən gələni əsirgəməmişdir. O, yüksək peşəkarlığı ilə, göstərdiyi xidmətləri ilə ictimaiyyət arasında nüfuz sahibi olmuş, dərin hörmət qazanmış, eyni zamanda uşaqlara özünü sevdirməyi bacarmışdır.

Nazir Quliyev uşaq hüquqları sahəsində mütəxəssis kimi uşaq hüquqlarının müdafiəsi, xüsusilə baxımsız və çətin tərbiyə olunan uşaqlarla iş sahəsində mühüm layihələr icra etmiş, bu məsələyə xüsusi həssaslıqla yanaşmışdır. O, ölkəmizdə uşaqların müdafiəsinin təmin edilməsi, Bakıda və regionlarda “Uşaq hüquqları haqqında” Konvensiyanın təbliği və icrasının monitorinqi, uşaq alveri, uşaq əməyi, sağlamlıq imkanları məhdud uşaqların imkanlarının genişləndirilməsi və digər mühüm məsələlərlə bağlı səmərəli və məqsədyönlü fəaliyyət göstərmişdir.

 Hüquqi maarifləndirmə, QHT sektorunun inkişafı istiqamətində məqsədyönlü addımlar atmış Nazir Quliyev mütəmadi olaraq, Yuvenal Ədliyyə sahəsində müxtəlif araşdırmalar aparmış, bu sahə üzrə bir çox tədbirlər həyata keçirmiş, faydalı fikir və tövsiyələri ilə çıxış etmişdir. Onun uşaq iştirakçılığı, onların fəallığının artırılması, liderlik keyfiyyətlərinin formalaşdırılması və digər istiqamətlərdəki əhəmiyyətli fikirləri, hökumət qarşısında bu məsələləri qaldırması, təkliflərini bildirməsi bu sahəyə diqqətlə yanaşdığının əyani sübutudur.

Xüsusilə qeyd etməliyik ki, Nazir Quliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyətində yaxından iştirak etmiş, Ümumrespublika Uşaq Forumlarında və digər mühüm tədbirlərdə fəallıq göstərmişdir, həmçinin uşaqların təlimləndirilməsi, eləcə də “Uşaq hüquqları haqqında” Konvensiyanın icrası ilə bağlı birgə layihələr həyata keçirilmişdir.

Nazir Quliyevin həyat və fəaliyyəti onu peşəkar mütəxəssis, vətənpərvər şəxs, humanist və işgüzar insan, qayğıkeş və həssas ailə başçısı kimi tanımağa imkan vermişdir.

Allah rəhmət eləsin