Qusarda qadınların sahibkarlıq imkanlarını inkişaf etdirəcək yeni Qadın Resurs Mərkəzi açıldı

17 October 2019

Share:

17 oktyabr 2019-cu il tarixində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP),  BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu (UN Women) və İsveçrə Hökuməti, qadınların sahibkarlıq, özünüməşğulluq və icma inkişafı istiqamətində səlahiyyətlərinin artırılmasını dəstəkləmək üçün Qusarda yeni Qadın Resurs Mərkəzinin rəsmi açılış mərasimini keçiriblər.

Azərbaycanda bu layihə BMTİP tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir. Layihənin ümumi məqsədi qadınların, xüsusən də iqtisadi və sosial cəhətdən daha əlverişsiz şəraitdə yaşayan qadınların öz icmalarında və cəmiyyətin iqtisadi və sosial həyatında daha fəal iştirak etməsi üçün lazım olan hər cür dəstəklə təmin edilməsidir.

Birgə səylər xüsusi olaraq kənd və rayon qadınlarının sahibkarlıq bacarıqlarının və iş potensialının gücləndirilməsi, işgüzar əlaqələr və şəbəkələrin vasitəsilə qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib.

Qusar İcra Hakimiyyətinin başçısının müavini Elman Mustafayev salamlama nitqi ilə çıxış edərək layihənin vacibliyini qeyd edib. O, qadınların biznes bacarıqlarının dəstəklənməsinin əhəmiyyətini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, müasir iqtisadiyyatda kiçik və orta sahibkarlığın inkişafı prioritet məsələlərdən biridir. Bu sahədə əsas məqsədlərdən biri də qadınların iqtisadi təşəbbüskarlığının və iştirakının artırılmasıdır: “Azərbaycanda qadınlar ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Son illər ərzində həyata keçirilən davamlı və güclü sosial-iqtisadi siyasət öz müsbət töhfələrini vermişdir.  Qonşu Ermənistan tərəfindən ərazilərimizin işğalına, hələ də aqressiv siyasətin davam etməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı ildən-ilə inkişaf edir. Cənab Prezident  İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi  köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.”

Hicran Hüseynova 2011-ci ildən Komitənin BMT İnkişaf Proqramı ilə birgə keçirdiyi “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi haqqında məlumat verərək bildirib ki, layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Açılan 9 Qadın Resurs Mərkəzi ölkə boyu kənd və rayon qəsəbələrində yaşayan iqtisadi baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərmək məqsədini daşıyır və kənd  qadınlarının işgüzar və sosial imkanlarının artırılmasına yönəlir. Qadın Resurs Mərkəzləri, məsləhətləşmə, mentorluq, şəbəkələşmə, gücləndirmə, təhlükəsiz məkan, yaxşı ünsiyyət və təbliğat daxil olmaqla, qadınlara geniş xidmət göstərən texniki qurum kimi fəaliyyət göstərir.”

Daha sonra İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktorunun   müavini, İsveçrə hökumətinin Azərbaycan üzrə Missiya rəhbərinin müavini Simon Haeberli, BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakasetti, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun (BMT GBQSAQ) Layihə müşaviri Mexjabin Alarakxia çıxış edərək qeyd ediblər ki, Qadın Resurs Mərkəzlərinin fəaliyyət göstərdiyi bölgələrdə özəl sektorun gender bərabərliyi məsələlərinə qarşı həssaslığının artırılmasına diqqət yetirilir. Qadınların ehtiyacları, narahatlıqları və maraqlarını nəzərə almaq üçün hər bir şirkətin biznes strategiyalarına genderə həssas aspektlərin inteqrasiyasının vacibliyi aşılanır. Bildirilib ki, bu günə qədər Qusar, Xəzər və Sabirabadda 530-a yaxın qadın regional Qadın Resurs Mərkəzləri şəbəkəsinə qoşulub. Bacarıqlarırn artırılması təlimləri çərçivəsində 310 qadın kompüter elmləri kursları, maliyyə savadlılığı və ailə büdcəsinin inkişafı üzrə ixtisaslaşdırılmış təlim kurslarından faydalanıb. Rayon və kənd şəraitində yaşayan qadınların iş bacarıqlarını inkişaf etdirmək üçün, tərcümeyi-halın tərtib edilməsi, effektiv iş axtarışı, təqdimat bacarıqları, təşkilati idarəetmə, o cümlədən qeyri-kommersiya təşkilatlarının qurulması və idarə edilməsi, maliyyə vəsaitlərinin toplanması və biznesin inkişafı kimi fundamental bacarıqları aşılayan təlim proqramları mütəmadi olaraq təşkil olunur. 

Layihə rəhbəri Gülarə Hümbətova tərəfindən layihə haqqında qısa məlumat tədbir iştirakçılarının diqqətinə çatdırlıb. Bildirilib ki, ümumilikdə, Azərbaycanda qadınlar üçün biznes yaratmaq, şəbəkə qurmaq, fikir mübadiləsi aparmaq, işgüzar tərəfdaşlıqlar qurmaq, maliyyə cəlb etmək, etibar qazanmaq, peşəkar şəkildə böyümək və qadınların fərdi potensialını inkişaf etdirmək üçün yaradılan Qadın Resurs Mərkəzləri hazırda ölkənin 9 bölgəsində fəaliyyət göstərir.

Çıxışlardan sonra “Öz biznesinə başla və İnkişaf et” müsabiqəsinin 1-ci tur qaliblərinə və  sahibkarlıq fəaliyyətinə başlamaq üçün qeyri-pul şəklində qrantla təmin edilən 6 qadına və müsabiqənin 2-ci tur qalibləri 5 qadına sertifikatlar təqdim olunub.