“Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda tədbir keçirildi

15 October 2019

Share:

2018-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə ilk peşə-ixtisas təhsili  müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası sahəsində gənclərin maarifləndirilməsi məqsədi ilə keçirilən tədbirlərin davamı olaraq, 14 oktyabr 2019-cu il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası“ adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Təhsil mərkəzinin psixoloqu Mehparə Əlizadə iştirakçıları salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva əhali, xüsusilə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinin, qeyri-infeksion xəstəliklərin  profilaktikası sahəsində gənclərin maarifləndirilməsinin Komitənin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib, bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Sonra Səhiyyə Nazirliyinin İctimai-Siyasi İslahatlar Mərkəzinin həkim-metodisti Lətafət Dadaşova “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda təqdimatla çıxış edərək, tədbir iştirakçılarına bu ağır xəstəliyə yoluxma yolları, onun simptomları və insanların bu xəstəlikdən qorunması yolları barədə geniş məlumat verib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallara cavab verilib.

Sonda Komitə tərəfindən hazırlanmış çap materialları tədbir iştirakçılarına,
eyni zamandaTəhsil mərkəzinin kitabxanasına təqdim olunub və “Azərbaycan Ailəsi Film Festivalında”  iştirak edən və ailə dəyərlərini təbliğ edən “Xoşbəxtliyin açarı”, “Ailə bir ağacdır” qısametrajlı filmləri və cəmiyyətdə mövcud olan problemlərdən bəhs edən  “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş edilib.