“Bələdiyyələrdə qadın iştirakçılığı: hüquqi və institusional mexanizmlər, gender bərabərliyi yanaşmasının təşviqi” mövzusunda Konfrans keçiriləcək

11 September 2019

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə 2012-ci ildən başlayaraq qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə “Dayaq” Mentorluq proqramı həyata keçirir. Bu fəaliyyətin davamı olaraq yerli özünüidarəetmə sahəsində təmsil olunan qadınların bilik və bacarıqlarının artırılması istiqamətində birgə işlərimiz uğurla davam etməkdədir. Yerli idarəetmədə təmsil olunan qadınların liderlik potensialının artırılması məqsədi ilə, cari ildə də layihə çərçivəsində Gender və Liderlik təlimləri keçirilmişdir.

Layihə çərçivəsində 17 sentyabr 2019-cu il tarixində, saat 09:00-da Bakı şəhəri PARK İNN oteli, “Dan Ulduzu” zalında “Bələdiyyələrdə qadın iştirakçılığı: hüquqi və institusional mexanizmlər, gender bərabərliyi yanaşmasının təşviqi” mövzusunda Konfrans keçiriləcək.

Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən görkəmli ictimai-siyasi xadimlər  iştirak edəcəkdir.

Konfrans zamanı qadınların qarşıdan gələn bələdiyyə seçkilərdə aktiv iştirakının təmin edilməsi məqsədi ilə, qadınlar üçün yerli özünüidarəetməni daha da cəlbedici etmək yolları, həmçinin  qadınların yerli səviyyədə siyasi liderliyinin və iştirakının institusional inkişafı sahəsində fikir və ideyaların formalaşdırılması məsələləri müzakirə ediləcək.

Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.