Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzindən bəhrələnən ailələr ilə görüş və xeyriyyə aksiyası təşkil olunub

26 August 2019

Share:

26 avqust 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Mərkəzdən bəhrələnən ailələr ilə görüş və xeyriyyə aksiyası keçirilib.
 
Komitə sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, bu gün ölkəmizdə bütün sahələrdə inkişaf var, ildən-ilə uğurlarımızın sayı artır. Həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş dayanır. Bu gün Azərbaycanda aparılan nəhəng quruculuq işləri nəticəsində bütün sahələrdə böyük uğurlar əldə edilmiş, əhalinin rifahı yüksəldilmiş, paytaxtla bölgələr arasında fərq demək olar ki, aradan qalxmışdır. Ölkə həyatındakı bu dəyişikliklərdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu olmuşdur. Fond milli-mənəvi dəyərlərin qorunmasında, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya və s. sahələrində maraqlı layihələr həyata keçirir: "Mehriban xanımın simasında vətəndaşlarımız köməyə ehtiyacı olanlara yardım əlini uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər. Minlərlə insana, xüsusi ilə uşaq və qadınlara  sağlamlığını və ümidini qaytarır. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayır, ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib və eyni zamanda, şəhid ailələri, müharibə veteranları, müharibə əlillərinə də mənzillər təqdim edilmişdir. Cəmiyyətimizin həssas təbəqələrindən olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların daha əlverişli şəraitdə yaşaması üçün gördüyü işlərin nəticələri onlarda gələcəyə inam yaradır". Komitə sədri müstəqil Azərbaycanın nailiyyətlərini, Qarabağ həqiqətlərini ölkəmizdə hökm sürən tolerantlığı təbliğ etdiyini, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olması üçün bütün səylərini göstərdiyini qeyd edib.
 
H. Hüseynova bildirib ki, vətəndaşlar cənab Prezidentin və Mehriban xanımın  timsalında onların istəkləri ilə maraqlanan səmimi insan görürlər. Onlar daim əhalinin yanındadır, ünsiyyətdən çəkinmirlər, əksinə insanların görüşünə can atırlar. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət insanın daxilindən gəlməlidir.
 
O eyni zamanda bildirib ki, insanları dinləmək, onları düzgün istiqamətləndirmək, hüquqi və sosial-psixoloji yardım göstərmək bizim vəzifəmizdir. Biz də Komitə olaraq hər zaman vətəndaşların yanındayıq. Çalışırıq ki, imkan dairəsində köməklik göstərək. Lazım olan bütün məlumatları nəzərinizə çatdıraq. Bu mənada Uşaq və Ailələrə Dəstək
Mərkəzlərimizin rolunu da xüsusi qeyd etmək istərdim. Hicran Hüseynova qeyd edib ki,  tədbirin Xəzər rayonunda yerləşən Şüvəlan UADM-da keçirilməsi təsadüfi deyil. Mehriban xanımın vaxtilə Xəzər rayonu üzrə millət vəkili kimi əhalinin sosial məsələrinin həllində xüsusi rolu olmuşdur, onun əhaliyə göstərdiyi yardımlar, onları maraqlandıran məsələlər ilə yaxından məşğul olması, Mərkəzin istifadəyə verilməsində əvəzolunmaz töhfəsi danılmazdır.  Bu gün də Xəzər rayonu sakinləri Mehriban xanımın onlara olan diqqətinin öz üzərilərində olduğunu qeyd edirlər. 
 
YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, millət vəkili Məlahət İbrahimqızı, Xəzər rayon icra başçısının müavini Lalə Əhmədova çıxış edərək tədbirin əhəmiyyətini qeyd ediblər. Mehriban Əliyevanın həyata keçirdiyi mühüm layihələri, gördüyü əhəmiyyətli işləri diqqətə çatdırıblar. Bildirilib ki, birinci xanım Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi təcrübəsindən nümunə götürərək, öz fəaliyyəti ilə insanların sevgisini qazanıb. Onun sədrliyi ilə Heydər Əliyev Fondu insanların pənah, inanc və güvən yerinə çevrilib.
 
Tədbir çərçivəsində Şüvəlan UADM-dən bəhrələnən aztəminatlı və həssas təbəqədən olan ailələrə ərzaq yardımı, uşaqlara məktəb ləvazimatları və məktəbli forması təqdim edilib.