“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirildi

19 July 2019

Share:

19 iyul 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib.

Milli Mətbuat Günü münasibətilə keçirilən konfransda dövlət orqanlarının, mətbuatın və ictimaiyyətin görkəmli nümayəndələri, jurnalistlər iştirak edib.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova əvvəlcə bütün media nümayəndələrini peşə bayramları münasibətilə təbrik edərək bildirib ki, milli mətbuatımızın yaranması günü təkcə jurnalistlərin deyil, bütün xalqımızın bayramıdır: “Azərbaycan Milli mətbuatının yaranması görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Müstəqillik əldə olunduqdan sonra isə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə hər il iyulun 22-si milli mətbuatın yaranması  günü  kimi  qeyd olunur.  Azərbaycanda  fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun  təməlidir. Və digər sahələrdə olduğu kimi, bu istiqamət də cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. 10 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dediklərimizi bir daha  sübut  edir. Dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsində  Mətbuat Şurasının rolunu xüsusi ilə qeyd etmək lazımdır”.

Hicran Hüseynova qeyd edib ki, milli mətbuat yaranan gündən qadın və uşaq məsələlərinə  həssaslıqla yanaşmış, onların hüquq və azadlıqlarına dair, xüsusən də qadının ictimai həyata cəlb edilməsi, uşaqların təhsil alması kimi mühüm məsələləri özündə əks etdirən maarifləndirici yazılar nəşr etmişlər. Mətbuatın və jurnalistlərin ictimai rəyə təsirini əsas götürərək deməliyik ki, jurnalist yazısına görə məsuliyyət daşımalı, insan talelərinə laqeyd qalmamalıdır. Buna görə də jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, uyğun sahələr üzrə biliklərinin təkmilləşdirilməsi üçün Komitə tərəfindən mütəmadi olaraq maarifləndirici təlimlər keçiririk. Komitə sədri ölkəmizdə ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində media qurumları ilə birgə işin aparılmasının çox səmərəli nəticələr verdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov deyib ki, 144 il bundan əvvəl “Əkinçi” qəzetinin nəşri ilə böyük hadisə baş verib. Böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadə öz əsərlərində dünyanı qaranlıq təsvir edirdi. Bununla o, cəhaləti, xurafatı nəzərdə tuturdu. Bu dövrdə “Əkinçi” qəzetinin nəşr olunması sanki qaranlıqda yanan bir fənər oldu. Qısa zamanda bu fənərin işığı bütün Qafqazı, hətta türk dünyasını bürüdü. Bu qəzetin nəşri ilə nəinki Azərbaycan mətbuatı yarandı, ümumiyyətlə, Çar Rusiyasında, xüsusən Qafqazda və İslam dünyasında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Azərbaycanda Şərqdə ilk demokratik cümhuriyyətin qurulması, ilk opera və baletin yaranması, qadınlara səsvermə hüququnun verilməsi məhz “Əkinçi” qəzetinin başlatdığı cərəyan, maarifçi dalğası idi.

Bildirilib ki, 1998-ci ildə Ulu öndər Heydər Əliyev tərəfindən senzura ləğv edildi ki, bu da Azərbaycan mediasının yeni bir müstəviyə qədəm qoymasına yol açdı. Ümummilli Liderin ölkəmizdə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2017-ci ildə kütləvi informasiya vasitələri nümayəndələrinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması üçün tikilmiş ikinci binanın istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, jurnalistlər onun dostlarıdır.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov milli mətbuatımızın tarixindən danışaraq bildirib ki, Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq bu günədək milli-mənəvi dəyərlərin möhkəmlənməsində, Azərbaycan dilinin saflığının qorunmasında müstəsna rol oynayıb. O vurğulayıb ki, bu gün Azərbaycan ailə modeli dünyaya örnəkdir və bu reallıq mütləq mətbuat səhifələrinə çıxarılmalıdır.

Nazirlər Kabinetinin Aparatının Humanitar və sosial məsələlər şöbəsinin məsul əməkdaşı Abid Tahirli deyib ki, “Əkinçi” qəzeti yarananda Azərbaycan cəmiyyəti cəhalət, zülmət şəraitində idi. Həsən bəy Zərdabi “oyanmaq vaxtıdır, mədəniyyətə, maarifə, təhsilə yiyələnmək vaxtıdır” dedi. Onun səsinə, “Əkinçi”nin harayına ziyalılar səs verdilər. Bunun bəhrəsini qısa bir zamanda cəmiyyət gördü. Belə bir şəraitdə bu qəzet tarixin səhnəsinə çıxdı və yol göstərdi. Həmin yol uğurlu yol oldu.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli milli mətbuatımızın tarixi haqqında danışıb. O, müstəqilliyimizin bərpasından sonrakı dövrdə mətbuatın vəziyyətindən bəhs edərək deyib ki, 1991-ci ildə müstəqillik elan olunsa da, senzura hələ mövcud idi, söz azadlığı yox idi. Ulu öndər Heydər Əliyevin mətbuatda senzuranı ləğv etməsi ilə Azərbaycanda söz və mətbuat azadlığının əsası qoyuldu. 1995-ci ildə Konstitusiyamızda milli mətbuat azadlığı təsbit olundu. Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, media dövlətin informasiya siyasətini həyata keçirir. Media həm də maarifləndirmə siyasətini həyata keçirməlidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə söz və fikir azadlığı təmin olundu, geniş üfüqlər açıldı. Azərbaycan mediası bunu yüksək qiymətləndirdi və ulu öndər Heydər Əliyevi özünün dostu elan etdi. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir və o da Azərbaycan jurnalistlərinin dostu elan olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycanın çağdaş mətbuatı bütövlükdə varislik ənənəsi etibarilə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin davamçısıdır. “Əkinçi” qısa ömür yaşasa da, onun ideyalarını milli ictimai fikrin formalaşmasında, milli istiqlal düşüncəsinin, milli birliyin, həmrəyliyin, milli təfəkkürün təşəkkülündə beyin mərkəzlərindən biri olan “Kaspi” qəzeti reallaşdırıb.

Baki Dövlət Universitetinin kafedra müdiri Cahangir Məmmədli deyib ki, Azərbaycan xalqının inkişaf tarixində medianın özünəməxsus yeri var. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, medianın da inkişafı göz önündədir.

Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Pərvanə Bayramova Şuranın Azərbaycanda gender bərabərliyi və media azadlığı ilə bağlı həyata keçirdiyi layihələr haqqında danışıb.

Sonda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, bu sahələrdə aparılan araşdırmalar və təhlillər üzrə 2019-cu ilin monitorinqinin nəticələrinə əsasən mükafatlandırılma mərasimi keçirilib.