Peşəkar, Məsuliyyətli, İnnovativ, Mədəni, Qərəzsiz

27 June 2019

Share:

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş hüquqlarının təmin edilməsi Azərbaycan Respublikasının siyasətinin əsas və prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu sistemin uğurlu implementasiyası məqsədilə peşəkar və məsuliyyətli dövlət qulluqçuları fəaliyyət göstərməlidir. Ölkədə dövlət qulluqçularının vətəndaşlara göstərdikləri xidmət transparent-şəffaf, inam, məsuliyyət, keyfiyyət və digər prinsiplər əsasında qurulub.

Vətəndaşlarda inamın yaradılması dövlət qulluqçuları üçün prioritet məsələlərdən biridir. Bu gün dövlət qulluğunda peşəkar, məsuliyyətli, innovativ, mədəni keyfiyyətləri özündə birləşdirən kadrlar fəaliyyət göstərir. İnsan kapitalı cəmiyyətin davamlı inkişafının təminatıdır. Ölkədə insan kapitalı kəmiyyət və keyfiyyət indikatorları ilə müəyyənləşdirilir. Müsbət nəticənin əldə edilməsi islahatları özündə əks etdirən uzun illər tələb edir.

Ölkədə dövlət qulluğu sahəsində milli qanunvericlik yaradılmışdır, dövlət qulluqçularının yaşayış şəraitinin yaxşılaşdırılması, peşə və ixtisas biliklərinin artırılması, dövlət qulluğu sistemində gender balansının təmin edilməsi və yeni texnologiyaların tədbiqi sahəsində vacib addımlar atılıb.

Ulu öndər Heydər Əliyevin 6 mart 2000-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanına əsasən qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasının təmin edilməsi qərara alınmışdır. Dövlət qulluğunda gender bərabərliyinin təmin edilməsi və dövlət qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə dövlət orqanlarında gender bərabərliyi üzrə əlaqələndiricilər təyin edlmişdir. Eyni zamanda, qadınların bütün sahələrdə və xüsusilə də dövlət qulluğunda təmsilçiliyinin artırılması məqsədilə milli qanunvericilikdə yeni qanunlar qəbul edilmişdir.

2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. İşəgötürənin işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq vəzifələri var.

Yuxarıda sadalanan fəaliyyətin nəticəsi kimi, bu gün ölkədə dövlət qulluqçularından 28%-ni qadınlar təşkil edir. Qadınlar dövlət qulluğunun bütün sahələrində təmsil edlib. Qadınlar Azərbaycan cəmiyyətində diplomatiyada, hərbi, mədəni, səhiyyə, təhlükəsizlik, sosial, humanitar, texniki, innnovasiya, kənd təsərrüfatı sahələrdə təmsil edilir. Əmək bazarında bərabər təmsilçiliyin təmin edilməsinin ölkənin iqtisadi və sosial inkişafına birbaşa təsiri var. Bu isə dövlət qulluqçularına vətəndaşlar tərəfindən inam yaradır.

Son illərdə ölkədə dövlət qulluğu sistemində koordinasiya-əməkdaşlıq işində yeni texnologiyalar tədbiq edilir, peşəkarlıq və fərdi məsuliyyət artırılıb. Dövlət qulluqçusunun etik davranışı və peşəkar fəaliyyəti ilə dövlət orqanlarına inam artırılıb.

Dövlət qulluğu sistemində insanların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə  hörmət prioritet psinsip kimi müəyyənləşdirilib. Dövlət qulluğu haqqında milli qanunvericilik mütəmadi təkmilləşdirilir.

Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına və qorunmasına xidmət edir. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə yol verməməlidir.

2007-ci ildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dövlət qulluqçuları üçün vətəndaşlara xidmətdə qərəzsizlik və mədəni davranış əsas götürülür. Dövlət qulluqçusu bütün şəxslərlə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.

Dövlət qulluğu sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni texnologiyaların tədbiqi sahəsində vacib addımlar atılmışdır. Xüsusilə, elektron sənəd dövriyyəsinin və yeni proqram təminatlarının hazırlanması vətəndaşlar üçün xidmətin keyfiyyətinin artırılmasına təsir edir.

Nümunə üçün, 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Kapital Bank ASC-nin və “E-Box” şirkətlərin dəstəyi ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe.az) yaradılıb. Proqram təminatının məqsədi uşaqlar üçün kiber təhlükəsiz internet sisteminin yaradılmasıdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir. Beləliklə, yeni dövlət qulluğu sistemi vasitəsilə birbaşa vətəndaşlarla təmasda olmadan və vəxt itkisi olmadan yeni elektron xidmət sistemi qurulub.

Cənab Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edir ki: “Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də müasir texnologiyaların inkişafına şəraitin yaradılmasıdır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz.”

Uşaqlar da bizim kimi bütün kompüter yeniliklərini – sosial şəbəkələri, “onlayn” oyunları, müxtəlif proqramları sürətlə mənimsəyir. Bu çox normaldır, onlar da inkişaf edir, daha yeni və son texnologiyalardan istifadə etməyi  öyrənirlər. Nəzərə alsaq ki, bu gün internetdə xeyirli məlumatlarla bərabər, bir sıra müxtəlif ziyanlı informasiyalar da mövcuddur.

Yeni texnologiyalarla yanaşı regionlarda, xüsusilə kəndlərdə vətəndaşlara göstərilən xidmətlərin gücləndirilməsi vacibdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları tərəfindən mütəmadi olaraq sağlamlığı məhdud olan uşaqlara, zorakılığa məruz qalmış insanlara və ümumiyyətlə psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlara hüquqi, psixoloji, sosial yardım edilir. Eyni zamanda, ölkənin bütün yerli icra hakimiyyəti orqanlarında gender əsaslı zorakılıqla mübarizəyə dair komissiyalar yaradılıb. Bu fəaliyyət ən həssas kateqoriyadan olan insanlara dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Eyni zamanda, ölkədə elektron hökumət sisteminin inkişaf etdirilməsi məqsədilə vacib addımlar atılmışdır. Müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları vətəndaşların e-xidmətlərin göstərilməsi və xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.

2018-ci ildə Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır.

“Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsini və elektron xidmətlərin göstərilməsini “Elektron Hökumət” portalı vasitəsilə təşkil edir.

ASAN vasitəsilə vətəndaşların hüquqlarının müdafiəsi sahəsində “Elektron Hökumətin İnkişafı Mərkəzi” Elektron Hökumət Portalı, ASAN Viza, ASAN Ödəniş, ASAN Finans, ASAN Wifi, e-Agro sistemləri yaradılıb.

Dövlət qulluqçuları mütəmadi öz biliklərini artırmalıdır, “hightech” sahəsində yenilikləri mənimsəməlidir, öz peşəkarlıq səviyyəsi ilə gündəlik yeni çağırışlara cavab verməyə hazır olmalıdır.

Və dövlət qulluqçuların fəaliyyətinin stimullaşdırılması, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə ölkəninin rəhbəri cənab İlham Əliyev tərəfindən vacib qərarlar qəbul edilir. Nümunə üçün son günlərdə qəbul edilən qərarlara əsasən dövlət qulluqçuların əmək haqqlarının artırılması, order və medallarla təltif edilməsi dövlət qulluğu sisteminə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına yönəldilib. Bu gün vətəndaşların müraciətlərin müsbət şəkildə həllinin tapılması dövlət orqanları üçün sağlam rəqabətin aparılması ilə nətiçələnir. Rəqabət keyfiyyətli və məsuliyyəli xidmətin göstərilməsi ilə qiymətləndirilir.

Yuxarıda əks olunan elektron məhsullar vətəndaşların hüquq və vəzifələrinin təmin edilməsi istiqamətində yaxşı təcrübələrdən bir neçəsidi. Bu yeni sistem dövlət qulluğu mexanizmini təkmilləşdirib və virtual həyatda vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılmasına yönəldilib. Eyni zamanda, vətəndaşların internet resurslardan istifadə edərkən təhlükəsizliyinin təmin edilməsinə yönəldilib.

Bunun bariz nümunəsi bu günlərdə Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin Forumudu. Forumda qaldırılan məsələlər bütün dünyada dövlət qulluqçuların göstərdiyi xidmətlərin qiymətləndirilməsinə və yeni  məqsədlərin formalaşdırılmasına yönəlib. Bu sahədə Azərbaycan öz müsbət təcrübəsi ilə Afrika, Asiya, Şərqi Avropa, Cənubi Amerika ölkələri üçün nümunəyə çevrilib. Artıq 18 ölkədə ölkəmizin müsbət təcrübəsi ASAN xidməti vasitəsilə tətbiq edilir.

Beləliklə, dövlət qulluqçuları cəmiyyətdə peşəkar, məsuliyyətli, innovativ, mədəni, qərəzsiz və ümumiyyətlə bir müsbət nümunəyə çevrilib. Həmin nümunəyə ki, vətəndaşlar tam inamla problemlərlə və suallarla müraciət edərək, vaxt itkisi olmadan həlli yolunu tapır.

 

         Elgün Səfərov

Hüquq üzrə Fəlsəfə Doktoru

Dövlət qulluğunun müşaviri

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri