İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi erkən nikahların qarşısını almaq məqsədilə maarifləndirmə tədbiri keçirib

14 May 2019

Share:

Mayın 3-də İsmayıllı Rayon Təhsil şöbəsi ilə keçirilən birgə tədbirdə məktəb psixoloqları və uşaq birliyinin rəhbərləri iştirak edib.

 Tədbiri giriş sözü ilə Təhsil şöbəsinin metodisti Rəna Mirzəliyeva  açdı. İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva ailə, məktəb və cəmiyyətin birgə işləməsinin vacibliyini qeyd etdi. Erkən nikah hallarının, daha doğrusu erkən adqoyma, nişanlanma faktının sinif uşaqları arasında fikir ayrılığı yaratdığını, digər uşaqların da təsir altına düşərək təhsildən, kitabdan uzaqlaşdıqlarını işdə rastlaşdıqları faktlarla əsaslandırdı. Erkən nikahın çox hallarda uğursuz olduğu, yekunda qızların insan alverinin qurbanına çevrildikləri də yenə nümunələr əsasında qeyd edildi. 

Sonra Mərkəzin psixoloqu Ülkər Məhərrəmova yeniyetməlik yaş dövrünü yaşayan məktəblilərlə necə işləmək barədə danışaraq qeyd etdi ki, hər bir müəllim, pedaqoq ilk öncə yaxşı bir valideyn olmalıdır və hər bir məktəbliyə də ilk öncə bir valideyn kimi baxmalı, onu vaxtında və düzgün anlamalıdır. Uşaqlar, xüsusilə boşanmış, problemli ailələrin uşaqları ailədə görmədikləri sevgini, qayğını məktəbdən, müəllimindən, sinif rəhbərindən gözləyir. Ona görə də  məktəb psixoloqları hər bir uşağı tanımalı, yaxından öyrənməlidir.

Tədbir diskussiya şəklində keçib.