“Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçirildi

29 April 2019

Share:

25 aprel 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçirilib.

Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alim, pedaqoq və mütəxəssislərin iştirakı ilə keçirilən konfransda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə informasiya cəmiyyətinin mühüm hədəflərindən birinin qadınların informasiya-kommunikasiya texnologiyalarında (İKT) rolunun artırılması olduğunu bildirib. Qadınların hüquq və azadlıqlarının təmin olunmasında informasiya cəmiyyətinin texnoloji platforması olan İKT-nin mühüm rol oynadığını vurğulayan AMEA prezidenti qeyd edib ki, İKT elmi-texnoloji fenomen olmaqla yanaşı, cəmiyyətdə bütün növ sosial bərabərsizliklərin effektiv şəkildə aradan qaldırılması vasitəsidir. Bu gün İKT sektorunda qadınların rolunun və xüsusi çəkisinin artırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirən akademik Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatların bu məsələlərin həllinə böyük diqqət ayırdığını nəzərə çatdırıb.

Son dövrlər elm sahəsində çalışan qadınların sayının kişilərə nisbətən ilbəil artmaqda olduğunu qeyd edən akademik texniki peşələr, o cümlədən İKT sahəsi ilə bağlı olan peşələrdə qadınlarının rolunun artdığını vurğuladı, bu tendensiyanın Azərbaycanda da özünü qabarıq şəkildə göstərdiyini bildirdi.

Daha sonra “Qadınların elmi yaradıcılıqda və peşə seçimində İKT-nin rolu” mövzusunda məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər üzrə elmlər doktoru, professor Hicran Hüseynova İKT-nin gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biri olduğunu deyib. Məruzəçi İKT-nin qadınların elmi yaradıcılığının inkişafı və müxtəlif peşələrə yiyələnməsi baxımından geniş imkanlar təqdim etdiyini vurğulayıb. O bildirib ki, təşviqat işlərinin nəticəsi olaraq artıq İKT-yə aid ixtisas seçən  qızların sayı artmaqdadır.

“Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı,  yoxsulluq və işsizliyin azaldılması üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. Ölkə başçısı, eyni zamanda,  Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  tərəfindən bu məsələlər daim diqqət yetirilir. Rabitə və  yüksək texnologiya sahəsində çalışan qadınların əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilir”, – deyə Komitə sədri qeyd edib.

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva “Qadınlar İKT-də: beynəlxalq aləmdə və ölkəmizdə ümumi mənzərə” mövzusunda məruzə ilə çıxış edərək informatika elminin yaranma tarixindən bəhs edib. O, Elektron Hesablayıcı Maşınların istifadə edilməsi üzrə ilk tədqiqatlardan danışıb, keçmiş SSRİ-də və Avropada ilk Kiçik Elektron Hesablama Maşını haqqında məlumat verib. Məruzəçi, həmçinin ortopediyada cərrahi müdaxilənin məsləhətçi intellektual sistemi və Azərbaycan əl xalılarının naxış, ornamentlərinin tanınma və identifikasiya sistemini təqdim edərək onların imkanlarından söz açdı və iş prinsipini diqqətə çatdırıb.

“Gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova qadınların İKT-yə cəlb olunması zərurətini təyin edən amillərdən danışıb: “Son on ildə qadın və kişi məşğulluğu arasında fərqin azalması Avropada iqtisadiyyatının artımının əsas faktorlarından hesab edilir”, – deyən məruzəçi Avropa İttifaqı ölkələrinin İKT bazarında qadınların payı barədə məlumat verib. O bildirib ki, Avropa İttifaqında İT-mütəxəssis qismində çalışan insanların 17,2%-ni qadınlar təşkil edir. Məruzəçi e-tibbin qadınların sağlamlıq problemlərinin həlli baxımından təqdim etdiyi imkanlardan bəhs etdi, İKT-nin qadınlar və onların ailə üzvlərinin təhlükəsizliyi problemlərinin həllində rolundan danışdı, eləcə də elektron təhsilin gender assimetriyasının aradan qaldırılması baxımından sosial əhəmiyyətə malik olduğunu qeyd edib.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Qadınlar və fərdi məlumatların mühafizəsi problemləri” mövzusunda məruzə ilə çıxış edərək fərdi məlumatların mühafizəsinin normativ-hüquqi bazası və beynəlxalq çağırışlardan bəhs edib.  Dünyanın əksər ölkələrində fərdi məlumatların mühafizəsi ilə məşğul olan milli qurumlar – agentliklər, komissarlıqlar, ombudsman aparatları, inspeksiyalar və s. fəaliyyət göstərdiyini bildirən akademik fərdi məlumatların mühafizəsi sahəsində çox sayda beynəlxalq standart və tövsiyələrin işlənildiyini, hər ilin 28 yanvar tarixinin Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi  Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. R.Əliquliyev milli mentalitetdə fərdi məlumatların qorunmasının mühüm əhəmiyyət kəsb etdiyini deyib, xüsusilə qadınların şəxsi və ailə həyatına dair fərdi məlumatlarının böyük həssaslığa malik olduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “AMEA-da gender mədəniyyəti və İKT” və AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafında kommunikasiyaların rolu” mövzularında məruzələrlə çıxış edərək ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri, ölkəmizin mədəni mühitində qadınların sosial statusunun inkişafı baxımından kommunikasiyaların rolu haqqında məlumat veriblər.

Konfransın sonunda müzakirələr aparılıb, təkliflər səsləndirilib.