Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzi açılıb

14 March 2019

Share:

13 mart tarixində Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycanda gender bərabərliyi sahəsində dövlət tərəfindən mühüm işlər görüldüyünü söyləyib. O, bu gün ölkəmizin sosial-iqtisadi həyatında qadın sahibkarların rolunun böyük olduğunu söyləyib. İcra başçısı qadınların biznes bacarıqlarının artırılması baxımından resurs mərkəzlərinin rolunu qeyd edib, bu mərkəzlərdən birinin də Xəzər rayonu ərazisində təsis olunduğunu bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək deyib ki, ölkəmizdə 2011-ci ildən Qadın Resurs mərkəzlərinin yaradılmasına start verilib. Altı mindən çox qadın mühasibat uçotu və maliyyə savadlılığı, informatika, maliyyələşmə üsulları, qadınların insan hüquqları və iqtisadi hüquqları, habelə tərcümeyi-halın yazılması, təqdimat bacarıqlarının gücləndirilməsi və şəbəkələşmə kimi sahələrdə pulsuz təlimlərdən yararlanıb. Təlimlər yüzlərlə qadına qrant dəstəyindən istifadə edərək öz bizneslərini qurmaqda kömək edib.

Komitə sədrinin sözlərinə görə, artıq bu cür 9 mərkəz açılıb. Bu mərkəzlər yeni iş yerlərinin yaradılmasına və xanımların sahibkarlıq fəaliyyətinə cəlb olunmasına böyük dəstəkdir. Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Bunun nəticəsində ölkədə qadın sahibkarların da sayı artır. Bu layihələrin əsas məqsədi qadının “iş axtaran” statusdan “iş yerləri yaradan” statusa keçməsi təşkil edir. Eyni zamanda, qadının iqtisadi cəhətdən güclü olması onu bir sıra çətinliklərdən və risklərdən sığortalayır. Buna görə də qadınlarımızda özünə inam hissinin yaranması, onların peşə hazırlığı kurslarına cəlb olunması, sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün xüsusi qurumlara ehtiyac var. Bu baxımdan bizim beynəlxalq tərəfdaşlarımızla bərabər yaratdığımız Qadın Resurs mərkəzlərinin əhəmiyyəti böyükdür.

Tədbirdə iştirak edən BMT İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer bildirib ki, Qadın Resurs mərkəzləri xanımların öz şəxsi hədəflərinə çatmaq və iqtisadi imkanlardan yararlanmaq üçün bir ekosistem formalaşdırıb. Bu mərkəzlər təkcə qadın sahibkarların öz şəxsi bizneslərini qurmasına dəstək göstərmir, həm də onların özünəinam hissi qazanmasına, ailədə bərabərliyə nail olmasına, cəmiyyətdə nüfuzlarının artmasına və nəticədə başqaları üçün nümunə təşkil edən şəxslərə çevrilməsinə kömək edir. Xanım Miryana Eqqer belə vacib təşəbbüslərə verilən dəstəyə görə Azərbaycan hökumətinə və inkişaf sahəsində fəaliyyət göstərən tərəfdaş təşkilatlara BMT İnkişaf Proqramı adından minnətdarlığını ifadə edib.

İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə regional direktorunun müavini Simon Haeberli hər bir məşğul və ya özünüməşğul qadının öz ölkəsi, cəmiyyəti və ailəsi üçün bir qazanc olduğuna inandığını söyləyib. O bildirib ki, iqtisadi səlahiyyətləri artırılmış qadınlar öz ailələrinin təhsil və sağlamlığına çox müsbət təsir göstərir, çünki onlar çox zaman ailə resurslarını fərqli şəkildə xərcləməyə üstünlük verirlər. İsveçrə Azərbaycanda məcburi köçkünlərin və etnik azlıqların yaşadıqları ərazilərdə daha çox Qadın Resurs mərkəzlərinin yaradılmasına dəstək göstərməkdən məmnundur.

Qeyd edək ki, İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi və Avstriya İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən, BMTİP-in Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən yeni təşəbbüs çərçivəsində üç rayonda yaradılan Qadın Resurs mərkəzləri 400-dən çox qadının məşğulluq imkanlarını artıracaq bacarıqlar qazanmasına dəstək göstərəcək. Bu təşəbbüs BMT-nin Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması qurumunun və BMTİP-in 2021-ci ilin iyul ayına qədər davam edəcək “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” adlı birgə layihəsi çərçivəsində həyata keçirilir. Azərbaycanda bu layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq yolu ilə BMTİP tərəfindən icra olunur.

Bu təşəbbüsün cari il ərzində 70 qadının öz biznesini qurmasına və 30-dan çox qadının peşə hazırlığı kurslarına cəlb olunmasına kömək edəcəyi gözlənilir. Bununla yanaşı, bu il layihə çərçivəsində ölkədə iri və orta ölçülü 12 özəl şirkətlə əməkdaşlıq qurulacaq və bu şirkətlər 2000-dən çox aparıcı biznes qurumunu bir araya gətirən BMT-nin “Qlobal saziş” şəbəkəsinə qoşulacaq. Qadınların layiqli əməyə çıxış imkanını artırmaq məqsədilə özəl şirkətlərin öz biznes strategiyalarına gender aspektlərini nəzərə alan korporativ siyasət və təcrübələri daxil etməsi üçün BMT-nin Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması qurumu ilə əməkdaşlıq çərçivəsində özəl şirkətlərin “Qlobal saziş” təşəbbüsünün qadınların səlahiyyətlərinin artırılması prinsiplərini qəbul etməsinə texniki dəstək göstəriləcək. Bu tədbir 2018-ci ilin dekabr ayında ictimaiyyətə təqdim olunmuş “Qadınlar özəl sektorda” adlı gender qiymətləndirməsi tədqiqatının nəticələrinə əsaslanır ki, bu tədqiqat da İsveçrə hökuməti tərəfindən maliyyələşdirilib.

Açılış mərasimindən sonra 14 qadına layihə çərcivəsində öz bizneslərinə başlamaq üçün sertifikat verilib.