Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Kanadanın Almaniya Federativ Respublikasındakı səfiri ilə görüşü keçirilib

13 March 2019

Share:

13 mart 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Kanada Baş nazirinin Avropa İttifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi, Kanadanın Almaniya Federativ Respublikasındakı səfiri ilə görüşüb.

Görüşdə Səfirliyin xüsusi məsləhətçisi xanım Cenna Rene, Siyasi və iqtisadi məsələlər üzrə müşavir xanım Stefani Duhaime, Siyasət məsələlər üzrə baş məsləhətçi xanım Əşliy Lefler, Kanadanın Türkiyə Respublikasındakı səfiri Cənab Chris Cooter, eyni zamanda, “Azərbaycanın 100 işgüzar qadını” təşkilatının sədri Tatyana Mikayilova və Komitə nümayəndələri iştirak edib.

Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını deyən Dövlət Komitəsinin sədri Hicran Hüseynova gender bərabərliyinin təmin edilməsinə dair bir sıra layihələr həyata keçirildiyini diqqətə çatdırıb: “Azərbaycan qadın hüquqlarının müdafiəsi istiqamətində tətbiq etdiyi təcrübəni müxtəlif ölkələrlə bölüşür. Hətta 1901-ci ildə Şərqdə ilk dünyəvi məktəb burada açılmışdı. 1918-ci ildə isə Azərbaycanda qadınlara ilk dəfə seçib-seçilmək hüququ məhz Avropanın bəzi ölkələrindən əvvəl verilmişdi. Bu gün Azərbaycanın ictimai, siyasi, mədəni, sosial həyatında qadınların iştirakının artması müşahidə olunur. Qadınlar müasir dünyada problemlərin həllində daha fəal iştirak etməli, xüsusən terrorizmə qarşı mübarizə, dövlətlərin ərazi bütövlüyü, ailə və uşaq hüquqları kimi məsələlərə həssas yanaşmalı, daha qətiyyətli mövqe ortaya qoymalıdırlar.”

Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi dəstəyi nəticəsində olduğunu xüsusilə vurğulayıb. O, 2006-cı ildən etibarən Azərbaycanda gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunlar qəbul olunduğunu, eyni zamanda, komitə sədri bu qanunların qəbul edilməsində ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da böyük dəstəyini qeyd edib.

İkitərəfli görüş çərçivəsində təhsildə, iqlim dəyişməsində, ətraf mühitdə, iqtisadi, sosial və digər sahələrdə gender bərabərliyi prinsipinin təşviq edilməsi müzakirə edilib. Eyni zamanda, qadın sahibkarlığının inkişaf etdirilməsi, kənd təsərrüfatında, qadın təşkilatların inkişafı, mentorluq mexanizmi, iki ölkənin enerji sektorunda qadınların iştirakı məsələləri danışıqlar arasında qeyd edilib.

Həmçinin görüşdə beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də və GUAM-da gender bərabərliyi və qadın hüquqları sahəsində Kanada və Azərbaycan hökümətlərin yeni mümkün təşəbüsləri müzakirələr edilib.

Görüş çərçivəsində 2019-2020-ci illər üçün Kanada və Azərbaycan arasında qadın hüquqlarının müdafiəsi və gender bərabərliyin təmin edilməsi istiqamətində əməkdaşlıq sahələri müəyyən edilib.