“Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirilib.

12 March 2019

Share:

2018-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,
Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və
rayonlarında orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam
həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və
QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion
xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində
gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilir.
Bu istiqamətdə ilk peşə-ixtisas təhsili müəssisələrində keçirilən növbəti tədbir 12
mart 2019-cu il tarixində “Sağlam həyat tərzinin təbliği” mövzusunda Dəmir Yolu və
Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (2 nömrəli Bakı Peşə
Məktəbində) keçirilib.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Həsən Bayramov tədbir
iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin
keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri
şöbəsinin müdir müavini Kamila Əliyeva ailə sağlamlığının yaxşılaşdırılması
istiqamətində son illər ölkəmizdə görülən işlərdən, qəbul edilən qanunlardan, Dövlət
Proqramlarından danışaraq, gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin
təbliğinin Komitənin əsas fəaliyyət istiqamətlərindən biri olmasını vürğulayıb.
Sonra Səhiyyə Nazirliyinin İctimai-səhiyyə İslahatlar Mərkəzinin Səhiyyə siyasəti
və planlaşdırma şöbəsinin müdiri, həkim-metodisti Şəhla Mirzəzadə “Sağlam həyat
tərzi” mövzusu ilə çıxış edərək, tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas
komponentlərindən danışıb, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına
riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb. Çıxışın sonunda
Ş.Mirzəzadə tələbələrin iştirakı ilə ilk tibbi yardımın göstərilməsi ilə bağlı istifadə olunan
bir neçə üsulu numayiş etdirib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və peşə liseyinin tələbələrini
maraqlandıran suallara cavab verilib.
Sonda Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir
iştirakçılarına təqdim olunub və “Azərbaycan Ailəsi Film Festivalına” təqdim olunan

milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Xoşbəxtliyin açarı”, “Ailə bir
ağacdır” qısametrajlı filmlər nümayiş edilib.