“Prezident İlham Əliyevin siyasəti, güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirildi

11 March 2019

Share:

11 mart 2019-cu il tarixində Bakı Dövlət Univesitetində “Prezident İlham Əliyevin siyasəti, güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib.

Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. O qeyd edib ki, ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin və digər sahələrin inkişafı Prezident İlham Əliyev siyasətinin nəticəsidir. O eyni zamanda, ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən mühüm tədbirləri, sabitlik və tərəqqinin təmin edilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb. F. Qurbanov sabitliyin qorunub saxlanması istiqamətində prezident-xalq birliyinin gücünü vurğulayıb.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan tədbirlər planı haqqında məlumat verib və qeyd edib ki, bu çərçivədə müxfəlif ali təhsil ocaqlarında vacib tədbirlər keçiriləcək. H.Hüseynova cənab İlham Əliyevin prezidentliyi müddətində dövlət üçün, xalq üçün görülən işləri diqqətə çatdırıb. O qeyd edib ki, ailə siyasətinin həyata keçirilməsi, güclü ailələrin formalaşması istiqamətində mühüm layihələr icra edilir, qanunvericilik bazası mövcuddur. ABAD Mərkəzlərin fəaliyyəti, kiçik və orta sahibkarlığa dəstək, kənd qadınları assosiasiyalarının yaradılması görülən işlərə mühüm nümunədir. Komitə sədri internet məktəblərin məzunu olan oğlan və qızların mənzillə, işlə təmin olunması məsələsinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olmasının onlara göstərilən qayğının gözəl nümunəsi olduğunu vurğulayıb. "Azərbaycan ailə modeli digər dövlətlər üçün vacib örnəkdir. Sağlam, güclü, milli-mənəvi dəyərlərə söykənən ailələrimizi qorumaq üçün hər birimiz birgə işlər aparmalıyıq"- deyə H.Hüseynova çıxışını yekunlaşdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı BMT Baş Assambleyasının dayanıqlı inkişaf məqsədləri ilə bağlı məlumat verərək, əlaqələndirmə şurasının gördüyü mühüm işləri diqqətə çatdırıb. O deyib ki, sabitlik inkişafın qarantı rolunu oynayır. Komitə sədri bildirib ki, Azərbaycanda bütün dinlərə eyni yanaşılır və müxtəlif mədəniyyətlər arasında harmoniya və qarşılıqlı əlaqə mövcuddur. 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Prezidentin gənclərə olan diqqət və qayğısı, onlar üçün yaratdığı geniş imkanların əhəmiyyətini qeyd edib. O, dinamik və davamlı inkişaf edən ölkəmizin böyük tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilməsinin əhəmiyətini diqqətə çatdırıb. 

Çıxış edən BDU-nin tarix fakültəsinin müəllimi, professor Nuru Məmmədli və 4-cü kurs tələbəsi Əliqulu Bədirli Prezident İlham Əliyev siyasətinin əhəmiyyətindən danışıb, ölkəmizin dünyada nüfuzunun yüksəldiyini bildiriblər.