“Qadınlar Dayanıqlı İnkişafa Doğru” adlı tədbir keçirilib

7 March 2019

Share:

Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib, “2018-ci ilin yekunları: Dövlət qadın siyasəti” adlı film nümayiş olunub.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısı cənab İlham Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikini oxuyub.

Sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə verilmiş dövlət təltifləri təqdim olunub.

Daha sonra çıxış edən Komitə sədri təbrik məktubuna, xoş sözlərinə və səmimi arzularına görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, bu, ölkə rəhbərinin qadınlara,onların doğma Azərbaycanımızın inkişafı və çiçəklənməsindəki roluna verilən qiymətdir.

Komitə sədri qeyd edib ki, müasir demokratik Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün hörmətli Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Və artıq ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Azərbaycanın son 15 il ərzində iqtisadiyyatı sürətlə inkişaf edib. Həyata keçirilən sosial layihələr, bir sıra sosial obyektlərin, texno-parkların açılışı, təməlqoyma mərasimləri buna əyani sübutdur. Biz hansı sahəyə baxsaq, orada inkişaf, uğur görürük. Və bu nailiyyət hər bir vətəndaşın rihafı deməkdir. Cənab Prezidentin dediyi kimi, “heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmamalıdır, hər kəsin hüquqları qorunmalıdır”.

Əhalinin yarısını, bəzi ölkələrdə isə hətta yarıdan çoxunu qadınlar təşkil etdiyindən yeni inkişaf gündəliyinin məhz qadın hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə əsaslandığını vurğulayan Komitə sədri bildirib ki, Azərbaycanda hər zaman qadının ailədə, işdə, həm də cəmiyyətdəki layiqli yer tutması dövlətimizin prioritet sahəsidir. “İnsanın inkişafı bütövlükdə, qadın və kişilərin bərabər hüquqları, vəzifələri və imkanları deməkdir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərində hədəflər müəyyən edilib. “Baxmayaraq ki, gender bərabərliyi ayrıca bir məqsəd kimi göstərilib, lakin digər məqsədlərdə də gender komponenti var. Yoxsulluğun azaldılması, qidalanmanın yaxşılaşdırılması, hamı üçün ədalətli və keyfiyyətli təhsil imkanları, su ehtiyatlarından səmərəli istifadə, məşğulluq, təhlükəsizlik və ekoloji tarazlığın təmin edilməsi kimi hədəflərə nail olunmasında gender məsələləri əhəmiyyətli rol oynayır. Çox sevindirici haldır ki, BMT-nin MAPS Missiyasının qiymətləndirməsinə əsasən ölkəmizin Gender üzrə DİM-lərlə uyğunluq göstəricisi 100%-dir”.

Hicran Hüseynova qeyd edib ki, əgər biz gender bərabərliyinin təmin edilməsi və bərabər imkalardan danışırıqsa, mütləq parlamentin fəaliyyətini qeyd etməliyik. Azərbaycanda Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə güclü hüquqi qanunvericilik bazası yaradılıb. Qısa olaraq bildirmək istəyirəm ki, bu sənədlər ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malikdir. Və xüsusilə deməliyəm ki, qanunların qəbul edilməsində Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olub. Onun Birinci vitse-prezident kimi ilk layihəsi qaçqın və məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması olub. “Bu təşəbbüsə biznes strukturları da, sahibkarlar da qoşularaq, öz dəstəyini verdilər. Eyni zamanda, bu layihələr dövlət qadın və uşaq siyasətinin daha da güclənməsinə böyük töhfədir. Bütün sahələrdə qadınların və qızların hüquqlarının bərabər səviyyədə qorunması, inkluziv, ədalətli, keyfiyyətli institutların yaranması üçün geniş imkanlar yaranmışdır. Və bu imkanlar qadınların maarifləndirilməsi üçün də şərait yaradır. Biz öz fəaliyyətimizdə Qadın Forumları, o cümlədən, biznes forumlarından, qadın hüquqlarının müdafiəsi ilə bağlı konfranslardan faydalanırıq. Bu tədbirlər qadın hərəkatının daha da fəallaşmasına böyük bir dəstəkdir”.

Daha sonra çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib  ki, bu gün qadın hüquqları anlayışının hüdudlarını genişlənib: “Bu gün Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsi olaraq çıxış edirlər, yəqin ki, getdikcə bu rol artacaq. Həyatımızın bir sıra sahələrində qadınlar aparıcı rol oynayır, elmdə, təhsildə, qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən xeyli yüksəkdə dayanırlar. Qadınların intellektual səviyyəsi kifayət qədər yüksəkdir"

Baş nazirin müavini qeyd edib ki, qadınlar Azərbaycan cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verən böyük resursdur: "Azərbaycan hökuməti qadınların ölkənin həyatında daha geniş iştirak etməsi üçün böyük proqram həyata keçirir. Burada qadınların ictimai həyatda geniş iştirakçılığı, o cümlədən sahibkarlıq fəaliyyətində yaxından iştirak etməsi və bir sıra mühüm məsələlərin həlli nəzərdə tutulur".

Daha sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai çıxış edərək bildirib ki, Azərbaycan gender bərabərliyi ilə bağlı bir sıra konvensiyalara qoşulur. Biz Azərbaycanla bu sahədə işləri davam etdirməliyik. Dayanıqlı İnkişaf Məqsədləri gender bərabərliyinin təmin olunmasına önəm verir. Qadınların iqtisadi həyatda roluna önəm verməsək, ölkəni inkişafdan dayandırmış olarıq.

Hər il olduğu kimi bu il də ənənəvi olaraq ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Dövlət Komitəsi tərəfindən mükafatlandırılıblar.

Tədbirdə, həmçinin əlil qadınların əl işlərindən ibarət satış sərgisi nümayiş etdirilib. Tədbir bədii hissə ilə davam edib.