III “SHE Congress 2019”: Dəyişikliklərə doğru” qadınların liderlik və sahibkarlığına dair konqres keçirildi

6 March 2019

Share:

6 mart 2019-cu il tarixində III “SHE Congress 2019”:Dəyişikliklərə doğru” qadınların liderlik və sahibkarlığına dair konqres keçirilib.

Konqresin açılış mərasimində “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyətinin rəhbəri, “Red communications” agentliyinin icraçı partnyoru Tatyana Mikayılova “Dəyişikliklərə doğru”nun “SHE Congress 2019”un builki şüarı olduğunu deyib. Bildirib ki, dünya hər an dəyişir və bizim məqsədimiz yenilik və dəyişiklikləri yaradıcı məcraya istiqamətləndirməkdə uğurlu bələdçi olmaqdır.

Qeyd olunub ki, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, dünya arenasında Azərbaycanın gələcək inkişafı üçün bizə iqtisadi cəhətdən müstəqil və güclü qadınlar lazımdır: “Komitə qadınların işgüzar mühitdə fəal olmaları üçün çalışır və onların təhsil səviyyəsini artırmaq üçün bütün imkanları genişləndirir. Azərbaycanda qadın sahibkarlığının inkişafı daim ölkə başçısının və dövlət siyasətinin diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb. Bu istiqamətdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən layihələri xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycanda güclü və sahibkar qadınların sayı çoxalır. Sevindirici haldır ki, artıq ölkəmizdə 200-dən çox qadın QHT-si var”.

“Azərbaycanda qadınlar əvvəllər yalnız sosial problemlərinin həlli üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirdilər, indi edilən müraciətlər isə daha çox onların ictimai fəallığı ilə bağlıdır. Qadınlar komitəyə hansısa ictimai təşkilatların, müəssisələrin açılması üçün müraciət edirlər. Bu da bizi sevindirir. Bu gün dövlət orqanlarında qadınlar yüksək vəzifələri tutur. Azərbaycan qadınlarının qarşısında hazırda yeni vəzifələr dayanıb. Biz necə etməliyik ki, qadın inkişafa tab gətirə bilsin. Qadın, ilk növbədə yüksək təhsilli olmalıdır ki, əmək bazarında rəqabətə davamlı olsun. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycan qadınlarının hansı səviyyəyə yüksəldiyini göstərir. Uzun zaman belə bir streotip yaranıb ki, Azərbaycan qadınları yalnız yaxşı evdar xanım, yaxşı ana olmalıdırlar. Ancaq Azərbaycan qadını ictimai-siyasi sahədə də fəal ola bilir”, - deyə komitə sədri bildirib.

H.Hüseynova vurğulayıb ki, qadınlar dövlətimizin yaratdığı bütün imkanlardan istifadə edir və dövlətin qayğısını görürlər: “Çox yaxşı haldır ki, bu gün qadınlar, xüsusilə gənc qızlar ictimai-siyasi proseslərə fəal cəlb olunurlar. Ölkəmizdə keçirilən ilk bələdiyyə seçkilərində qadınlar özlərinə inanmırdılar. Amma sonradan aparılan təbliğat nəticəsində qadınların bələdiyyə orqanlarında təmsilçiliyi artdı. Güclü, professional qadının fəaliyyətinin qarşısını heç kim ala bilmir. Hazırda qadın sahibkarların sayı ölkədəki bütün sahibkarların 30 faizini təşkil edir. Əvvəllər bu rəqəm 4 faiz idi. Azərbaycanın gənc dövlət olduğunu nəzərə alsaq, qısa zaman ərzində belə yüksəlişin olması təqdirəlayiqdir”.

KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov deyib ki, qadın sahibkarlığının inkişafı agentliyin strategiyasının ayrılmaz hissəsidir: “Ölkənin iqtisadi inkişaf prioritetlərini və milli dəyərləri nəzərə alaraq, biz qadın sahibkarlığını fəal dəstəkləyirik”.

O, ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda qadınlar digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar: “Qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir. Ölkə üzrə fərdi sahibkarların təqribən 20 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığın inkişaf etdirilməsi KOBİA-nın əsas fəaliyyət istiqamətlərindəndir və bu sahədə bir sıra tədbirlər həyata keçirilir. Agentliyin yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığın İnkişafı Assosasiyası aktiv təmsil olunur, Azərbaycan-Almaniya Birgə Proqramı çərçivəsində biznesin idarə edilməsi üzrə Almaniyada ixtisasartırma kursu keçmiş iştirakçıların təxminən 20 faizdən çoxu qadın sahibkarlardır. Ölkəmizdə qadın sahibkarlığının inkişafı məqsədilə həyata keçirilən tədbirlərin miqyası və əhatə dairəsi genişləndiriləcək. Qadın sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarlar üçün maarifləndirmə və konsaltinq xidmətləri, kreditləşmə və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu istiqamətdə layihə və proqramların hazırlanması zamanı xüsusilə regionlarımızda qadın məşğulluğu diqqət mərkəzində olacaq, qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcək. Qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorların yaradılması da nəzərdən keçiriləcək. Bütün bunlar isə kiçik və orta sahibkarlar arasında qadınların sayını daha da artıracaq”.

Konqresdə ABŞ, Böyük Britaniya, Almaniya, İsrail, Kanada, Türkiyə, Fransa, Ukrayna və Estoniyadan olan ekspertlərin çıxışları dinlənilib. Bildirilib ki, təşkilati yeniliklər baxımından “SHE Congress 2019” birbaşa olaraq tədbirin şüarını təcəssüm edir. Tədbir iştirakçıları, həmçinin Böyük Britaniyadan olan fasilitatorlar tərəfindən icra olunan interaktiv proqramda iştirak edib.

Tədbir işini panel sessiyalarla davam etdirib. Konqres almaniyalı ekspert Arlett Bentsen tərəfindən təqdim olunan “Happiness” paneli ilə yekunlaşıb.

Xatırladaq ki, “SHE Congress” beynəlxalq qadınlar konqresi Bakıda üçüncü dəfədir keçirilir. Konqresin əsası 2014-cü ildə Kiyevdə qoyulub.