“Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda növbəti tədbir keçirilib

5 March 2019

Share:

2018-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Respublikamızın şəhər və rayonlarında orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi, talassemiyanın və qeyri-infeksion xəstəliklərin  profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində gənclərin maarifləndirilməsi məqsədilə böyük uğurla tədbirlər həyata keçirilir.

Bu istiqamətdə ilk peşə-ixtisas təhsili müəssisələrində keçirilən növbəti tədbir 4 mart 2019-cu il tarixində “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası”  mövzusunda Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində( 16 nömrəli Bakı Peşə Liseyində) keçirilib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Şakir Hüseynov tədbir iştirakçılarını salamlayaraq tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə öz minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva ailə sağlamlığının sosial rifahın yaxşılaşdırılmasının ən vacib məqamlarından biri olduğunu vuğulayaraq, son illər ölkəmizdə sağlam ailələrin qurulması istiqamətində görülən işlərdən  danışıb.

Sonra Səhiyyə Nazirliyinin İctimai-səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Lətafət Dadaşova “Sağlam həyat tərzi. İnfeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası”   adlı təqdimatla çıxış edərək, tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas komponentlərindən danışıb, eyni zamanda infeksion xəstəliklərə yoluxma yollarından və qeyri-infeksion xəstəliklərin profilaktikası üsulları barədə ətraflı məlumat verib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb və peşə liseyinin tələbələrini maraqlandıran suallara cavab verilib.

Sonda Komitə tərəfindən hazırlanmış maarifləndirmə materialları tədbir iştirakçılarına təqdim olunub və  “Azərbaycan Ailəsi Film Festivalına”  təqdim olunan milli-mənəvi, eləcə də ailə dəyərlərindən bəhs edən “Xoşbəxtliyin açarı”, “Ailə bir ağacdır” qısametrajlı filmləri və cəmiyyətdə mövcud olan problemlərdən bəhs edən  “Onlardan biri mənəm” adlı sosial çarx nümayiş edilib.