Səfər və görüşlər
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın İngiltərə-Azərbaycan Cəmiyyətinin dəvəti ilə Böyük Britaniyaya səfəri haqqında hesabat
13-16 may 2007-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Nərgiz Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraçı Komitəsinin sədri Lord Peter Freyzerin dəvəti ilə Londona səfər etmişdir. Səfərin məqsədi İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən yekdilliklə həmsədr seçilmiş Nərgiz Paşayevanın Cəmiyyətin üzvləri ilə tanışlığından ibarət idi. Həmçinin, Cəmiyyətin fəaliyyət istiqamətlərindən biri həssas təbəqələrə yardım və dəstək göstərilməsi olduğundan Azərbaycanın müvafiq sahələrdə problemlərinin həlli üçün fikir mübadiləsi də aparılmışdır.
Heyəti qarşılayan Lord Peter Freyzer səmimi salamlamadan sonra Böyük Britaniya və Azərbaycan arasında dostluq münasibətlərini çox yüksək qiymətləndirərək bu münasibətlərin inkişafında iştirak etməyindən qürur hissi duyduğunu bildirdi.
Azərbaycandan gələn nümayəndə heyətinin İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvləri ilə əsas görüşü Vestminster Sarayında (İngiltərə parlamenti) keçirildi. Lord Freyzer, Azərbaycan Respublikasının Prezidenti zati aliləri cənab İlham Əliyevlə 2007-ci ilin aprel ayında baş tutan görüşün ikitərəfli əməkdaşlığın gələcəkdə güclənməsinə təkan verəcəyinə öz inamını bildirdi. İngiltərə-Azərbaycan Cəmiyyətinin 2007-ci ildə keçirilməsi nəzərdə tutulan on illik yubileyi astanasında Azərbaycan nümayəndə heyətinin gəlməsini çox əhəmiyyətli hesab edən Lord Peter Freyzer heyətin nümayəndələrini İngiltərə-Azərbaycan Cəmiyyətinin fəal üzvləri ilə tanış etdi.
Görüşdə Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış etdilər. Onlar dəvətə görə başda Lord Peter Freyzer olmaqla Cəmiyyətin üzvlərinə minnətdarlığını bildirdilər. Cəmiyyətin fəaliyyətini diqqətlə izlədiyini vurğulayan nümayəndə heyətinin üzvləri Cəmiyyətin son on ildə əldə etdiyi nailiyyətlərdən sevindiklərini qeyd etdilər. Cəmiyyətin üzvlərinə məlumat verildi ki, Cəmiyyətin fəaliyyətinin ilk dövrü Azərbaycan tarixinin çətin bir vaxtına təsadüf etmişdi. Görüş zamanı Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız, bunun nəticəsində 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşdüyü xüsusilə vurğulandı. Lakin, buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti, xalqımızın Prezidentə olan böyük etimadı nəticəsində bu və digər məsələlərin həllinin şübhə doğurmadığını qeyd edən Nərgiz xanım problemlərin tez bir zamanda aradan qaldırılacağına əminliyini bildirdi.
Azərbaycan tərəfini təmsil edən iştirakçılar bundan sonra da Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi üçün çalışacaqlarını qeyd edərək xalqlarımız arasında təkcə sosial və mədəni mübadilə deyil, həmçinin sıx iqtisadi əlaqələrin yaranması üçün yeni mühitin formalaşdırılmasının zəruri olduğunu vurğuladılar.
Görüşdə Ermənistan-Azərbaycan arasında Dağlıq-Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş ailələrə, xüsusi ilə də uşaqlara yardım edilməsi imkanları müzakirə olundu.
İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvləri öz fəaliyyətlərində yardıma ehtiyacı olan uşaqlar və ailələri diqqət mərkəzində saxladıqlarını bildirdilər. Azərbaycan Respublikasında münaqişə nəticəsində bir çox uşaqlara yardım göstərmək niyyətlərini səsləndirərək gələcəkdə bu sahədə bir sıra birgə addımların həyata keçirilməsi barədə ikitərəfli razılıq əldə etdilər.
Görüşün yekununda Lord Peter Freyzer Azərbaycandan gələn nümayəndə heyəti ilə aparılan fikir mübadiləsi və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluğunu bildirdi və bu əməkdaşlığın İngiltərə-Azərbaycan Cəmiyyətinin xətti ilə iki ölkə arasında olan münasibətlərin inkişaf töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Lord Peter Freyzer İngiltərə-Azərbaycan Cəmiyyətinin on illik yubileyinin Bakıda və Londonda keçirilməsinin planlaşdırılması barədə məlumat verdi və yubiley ərəfəsində Azərbaycan nümayəndə heyətinin səfərinin böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. O bildirdi ki, bütün sadalanmış tədbirlər Cəmiyyətin fəaliyyətində yeni imkanların açılmasına təminat verir.








