Səfər və görüşlər
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın 4-7 iyun 2007-ci il tarixdə Avropa Şurasının Məişət Zorakılığı da daxil olmaqla Qadınlara qarşı zorakılıqla mübarizə Kampaniyası üzrə üzv dövlətlərdə məsul şəxslərin Konfransında iştirakı haqqında
4-5 iyun 2007-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Avropa Şurasının Məişət Zorakılığı da daxil olmaqla Qadınlara qarşı Zorakılıqla mübarizə üzrə üzv dövlətlərdə məsul şəxslərin Konfransında iştirak etmişdir.
Konfransı Avropa Şurasının İnsan hüquqları və hüquqi məsələlər üzrə Baş Direktoru cənab Filip Boila açaraq Avropa Şurasının məişət zorakılığı daxil olmaqla qadınlara qarşı zorakılıqla mübarizəyə həsr edilmiş kampaniyasına keçən ilin sonunda Madriddə başlanğıc verildiyindən bəri sözügedən problemin həlli naminə üzv ölkələrdə çox müxtəlif vasitələrdən istifadə edilməklə mübarizə aparıldığını bildirdi. Direktor dünyada bu problemin tamamilə həllinin üzv ölkələrin bu məsələ ətrafında fəaliyyətinin səviyyəsindən birbaşa asılı olduğunu xüsusi vurğuladı. Elə bu səbəbdən də konfrans iştirakçılarını fəal olmağa, uğurlu təcrübələrini iştirakçılarla bölüşməyə çağırdı.
Konfransda Avropa Şurasının və üzv ölkələrin yüksək rütbəli rəsmiləri, parlament nümayəndələri və ekspertlər iştirak edirdilər.
4 iyun tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova “Avropa Şurasının Məişət Zorakılığı da daxil olmaqla qadınlara qarşı zorakılıqla mübarizə üzrə hökumətin yeni fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etdi. Çıxışında xanım Hicran Hüseynova Azərbaycanda son 2 il ərzində qadınlara qarşı zorakılığın aradan qaldırılması sahəsində əldə edilmiş müsbət təcrübədən danışdı. Sözügedən məsələ ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə atılmış addımlara, bu problem ilə sıx bağlı işləyən qurumlar arasında şəbəkənin yaradılması, statistik və məlumat bazasının, maarifləndirmə işlərinin gücləndirilməsi və digər məsələlərə toxundu. Xanım sədr bu gün respublikamızda qadınlara münasibətdə baş verən zorakılığın əsas səbəbləri arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yarım milyondan çox qadının qaçqın və məcburi köçkünə çevrilməsini göstərdi. Sonda xanım sədr ekspertləri maraqlandıran sualları cavablandırdı.
Konfransda iştirak edən ekspertlər məişət zorakılığı, qadınlara qarşı zorakılıq üzrə ixtisaslaşmış hakimlərin hazırlanmasının vacibliyini bildirdilər. Böyük Britaniyalı ekspert öz ölkələrində artıq bu işə başlandığını bildirdi. Almaniyadan olan ekspert cənab Andre Konze ölkəsinin qanunvericiliyinə müraciət edərək ailə zorakılığı üzrə müsbət təcrübələrindən misallar gətirdi. Ekspert ailədə qadına qarşı zorakılıq baş verdiyi təqdirdə zorakılığı törətmiş subyektin, qanuna əsasən, zorakılıq qurbanının ərizəsi əsasında birgə yaşadıqları evi tərk etməyə məcbur edilməsini vacib addım kimi qiymətləndirdi.
Avropa Şurasının məişət zorakılığı da daxil olmaqla qadınlara qarşı zorakılıqla mübarizəyə həsr edilmiş kampaniyasının işçi qrupunun vitse prezidenti xanım Dubravka Simonoviç bildirdi ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası qadınlara münasibətdə zorakılıq problemini özündə ehtiva etmir. Nəzərə alaraq ki, zorakılıq ayrı-seçkiliyin ayrılmaz hissəsidir xanım Simonoviç bildirdi ki, adı çəkilən konvensiyaya qadınlara qarşı zorakılıqla bağlı Əlavə Protokolun qəbul edilməsi təklif olunacaqdır.
Konfransda bildirildi ki, kampaniyanın sonuna yaxın bu iki il ərzində üzv ölkələr üzrə görülmüş işlərin hesabatı hazırlanacaq. Hesabatda kampaniya ərzində aparılmış bütün tədbirlər, regional və milli səviyyələrdə həyata keçirilmiş fəaliyyətlər öz əksini tapacaqdır.
Səfər çərçivəsində 6-7 iyun 2007-ci il tarixdə xanım sədr Avropa Şurası Baş Katibinin müavini xanım Maud dö Boer-Bukikyo ilə görüşdü. Xanım Boer-Bukikyo Avropa Şurası tərəfindən qadınların seksual istismarına qarşı konvensiya hazırlandığını və Konvensiyanın bu ilin sonunadək hazır olacağını bildirdi. Xanım Boer-Bukikyo Azərbaycanı bu konvensiyaya qoşulmağa çağırdı. Görüş zamanı xanım Boer-Bukikyo Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması, o cümlədən gender bərabərliyi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi. Bütün bunlardan əlavə xanım Boer-Bukikyo zorakılıq qurbanları üçün sığınacaqlar, uşaq pornoqrafiyası və digər məsələlərlə də maraqlandı.
Xanım Hicran Hüseynovanın həmçinin Avropa Şurasının İnsan Hüquqları Komissarlığının müşaviri cənab Roman Şlapak, Demokratiya və Siyasi Məsələlər üzrə Baş Direktor cənab Jan-Lui Loren, Sosial Həmrəylik üzrə Baş Direktor cənab Aleksandr Vladıçenko, Katibliyin rəhbəri xanım Tanya Kleynsorqe, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki hakimi Xanlar Hacıyev ilə görüşləri keçirildi. Görüşlərdə xanım Hicran Hüseynova insan hüquqlarının ayrılmaz hissəsi olan qadın hüquqlarının qorunması, qadınların cəmiyyətdə statusunun yüksəldilməsi, uşaqların müdafiəsi məqsədilə Azərbaycanda həyata keçirilən qanunverici, inzibati və digər tədbirlərdən bəhs etdi.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının müşaviri cənab Roman Şlapakla görüş zamanı xanım Hicran Hüseynova cəzaçəkmə müəssisələrində olan qadınlar arasında aparılan maarifləndirmə işlərindən ətraflı danışdı. Xanım sədr bildirdi ki, maarifləndirmə kampaniyaları çərçivəsində bu qadınlar cəzaçəkmə müəssisələrindən çıxdıqdan sonra onların bir daha cinayət əməlləri törətməmələri üçün preventiv tədbirlər həyata keçirilir. Cənab Roman Şlapak Komitənin fəaliyyətini, xüsusilə qadın hüquqlarının müdafiəsi sahəsində gördüyü tədbirləri yüksək qiymətləndirdi. Cənab Roman Şlapak bildirdi ki, Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı cənab Tomas Hammarberq bu ilin sentyabrında Azərbaycana səfər edəcəkdir. Cənab Roman Şlapak maraqlı sahələr üzrə hər zaman əməkdaşlığa hazır olduqlarını söylədi.








