Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Səfər və görüşlər

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın və onu müşayiət edən nümayəndə heyətinin Polşa Respublikasına rəsmi səfəri haqqında

4 – 6 sentyabr 2006-cı il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Polşa Respublikası Əmək və Sosial Siyasət nazirinin müavini Coanna Klyujik-Rostkovskanın dəvəti ilə Polşa Respublikasında səfərdə olmuşdur.
Polşa Respublikasının Əmək və Sosial Siyasət Nazirliyi Respublikada ailə, qadın məsələləri və gender bərabərliyi sahəsində dövlət siyasətini həyata keçirən bir dövlət qurumudur. Coanna Klyujik-Rostkovska nazir müavini olmaqla yanaşı həmin Nazirliyin Qadın, Uşaq və ayrı-seçkiliklə mübarizə İdarəsinin rəisi vəzifəsində çalışır.

Səfər zamanı xanım Hicran Hüseynovanı Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Təranə Quliyeva və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Rüfət Atakişiyev müşayiət edirdilər. Xanım Hicran Hüseynova və onu müşayiət edən nümayəndə heyətinin Polşa Respublikasına səfər etməsində məqsəd Polşa Respublikası Əmək və Sosial Siyasət Nazirliyinin Qadın, Uşaq və ayrı-seçkiliklə mübarizə İdarəsinin işi ilə tanışlıq, aidiyyəti sahələr üzrə təcrübəsini öyrənmək, əməkdaşlıq əlaqələrinin yaradılması olmuşdur. Səfər zamanı Xanım Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti Polşa Respublikasında ailə, uşaq məsələləri ilə məşğul olan digər qurumların səlahiyyətli nümayəndələri tərəfindən qəbul edilmişdilər.

Səfər zamanı Uşaq hüquqları üzrə Ombudsmanın müşaviri Pavel Yaros Azərbaycan Respublikası nümayəndə heyətini qəbul etdi. Görüşdə Pavel Yaros Ombudsman Aparatının strukturu, iş mexanizmindən ətraflı danışdı. Bu günə qədər Uşaq hüquqlarının qorunması istiqamətində gördüyü tədbirlərdən, vəzifələrinin icrası zamanı qarşıya çıxan problemlərdən danışdı. Məlum oldu ki, Polşa Respublikasında Uşaq Ombudsmanı çox aktiv fəaliyyət göstərir və uşaqların oxumaq, saglamlıq, yaşamaq və digər hüquqlarını durmadan müdafiə edir. Çox maraqlı bir fakt o oldu ki, Polşada Uşaq Ombudsmanı xüsusi qayğıya ehtiyacı olan – şikəst, xəstə uşaqların hüquqlarının müdafiəsinə daha artıq diqqət ayırır. Görüş zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova öz növbəsində Azərbaycanda uşaqların müdafiəsi və rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı. Xanım sədr qeyd etdi ki, sədrlik etdiyi Komitənin yeni yaranmasına baxmayaraq bir sıra vacib işlər görülüb və uşaq problemlərin həllində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Xüsusilə, Azərbaycanda De-institutionalizasiya və Alternativ qayğı Dövlət Proqramı çərçivəsində aparılan işlər Polşa Respublikasının Uşaq Ombudsmanında böyük marağa səbəb oldu.

Səfərin ikinci günü nümayəndə heyətini Əmək və Sosial Siyasət nazirinin müavini Coanna Klyujik-Rostkovska və həmin nazirliyin Beynəlxalq əməkdaşlıq Departamentinin direktoru Pavel Vilçek qəbul etdi. Görüş zamanı nümayəndə heyəti Polşa Respublikasının Əmək və Sosial Siyasət Nazirliyində fəaliyyət göstərən Ailə, qadın və ayrıseçkilik üzrə Departamentin işi ilə yaxından tanış oldu. Xanım Klyujik-Rostkovska Polşada 10-15 ildən sonra mənfi nəticələrini verəcək demoqrafiya probleminin aktual olduğu söylədi. Nazir müavini uşaq bağçalarının yeni sistemə keçməsi və ümumiyyətlə, uşaqların müdafiəsi üzrə yeni mexanizmlərin yaradılmasının zəruriliyindən və bu yönümdə islahatların aparılmasından danışdı. Belə ki, sosializm sisteminin dağılması və yeni quruluşa keçilməsi ilə bu ölkənin də sosial müdafiə sistemində ciddi problemlər ortaya çıxmişdır. Görüş zamanı qadın problemləri ilə bağlı məsələlər də müzakirə olundu və məlum oldu ki, Polşada qadınlar qərar qəbuletmədə 20% təşkil edirlər.

Görüş zamanı xanım Hicran Hüseynova Ermənistanın Azərbaycana qarşı təcavüzü, bunun nəticəsi olaraq Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburu köçkünün olması və bu bir milyonun da 420 minini qadınlar təşkil etməsi haqqında danışdı. Xanım sədr bildirdi ki, son məlumatlara görə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları çadır düşərgələrində 100 min uşaq dünyaya göz açmışdır. Məhs bu problemlərdir ki, bu gün cəmiyyətə inteqrasiya olunmamış uşaqların sayının artmasına səbəb olub. Münaqişə Azərbaycanda uşaqların müdafiəsi sahəsində mövcud olan problemlərın həlli istiqamətində böyük maneələr yaradıb. Lakin bütün bu problemlərin həlli üçün Azərbaycanda durmadan islahatlar aparılır. İşsizlik problemin həlli istiqamətində də Azərbaycanda bir sıra tədbirlərin görüldüyü qeyd olundu. Onlardan əsası – Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı, Regionların Sosial-İqtisadı İnkişafı və s. göstərildi. Xanım Hüseynova Komitənin maarifləndirmə istiqamətində də çalışdığını bildirdi. Bakı Dövlət Universitetində sosial işçiləri hazırlayan xüsusi fakültə fəaliyyət göstərir. Xanım sədr, ölkələrimizdə uşaqların müdafiəsinə xidmət edəcək birgə regional layihələrin işlənib hazırlanması təklifini irəli sürdü. Təklif müsbət qarşılandı.

Xanım Hüseynovanı və onu müşaiyət edən nümayəndə heyətini Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Gender Proqramının başçısı Tina İlsen qəbul etdi. Görüşdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında bu günə qədər aparılan və davam edən sıx əməkdaşlıq, gender bərabərliyinin təminatı sahəsində əldə olunmuş nailiyyətlər, gələcək tədbirlər, mümkün layihələr haqqında geniş müzakirələr aparıldı. Xanım Hüseynova qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət və yüksək qiymət verdiyini və gələcəkdə birgə əməkdaşlığın daha möhkəmlənməsi arzusunda olduğunu bildirdi.

Xanım Hüseynova və onu müşayiət edən nümayəndə heyətinin kilsə təşkilatlarının ailə problemləri ilə məşğul olan mütəxəssisləri ilə görüşü oldu. Görüşdə Polşada kilsənin ailə ənənələrinə təsiri haqqında danışıldı. Məlum oldu ki, yerli özünü idarəetmə orqanları ilə kilsələrin tərbiyə və təhsil sahəsində sıx əməkdaşlığı mövcuddur. Kilsə adətlərinə bağlı olan yaşlı nəslin cavan nəslə nisbətdə sayca daha çox olduğu haqqında məlumat verildi.

Xanım Hüseynova Azərbaycan Respublikasında cavan ailələrin rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışdı. Xüsusi olaraq, İpoteka haqqında qanunun əhəmiyyətindən danışdı. Xanım sədr görüşdən məmnun olduğunu və dini qurumların dövlətə dəstək olmalarının zəruriliyini bildirdi.

Səfər zamanı nümayəndə heyətinin Polşada qarşılanması, yerləşdirilməsi, görüşlərin təşkilində Azərbaycan Respublikasının Polşadakı səfirliyinin əməkdaşları yaxından köməklik etmişlər.




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir