Qadın
Qadın və gender problemləri sahəsində fəaliyyət istiqamətləri
2006-cı ilin Tədbirlər Planında qadın hüquqları və gender siyasətinin təbliği, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, problemli sahələrin aşkar edilməsi bir məqsəd olaraq qarşıya qoyulmuşdur. İctimai və siyasi həyatda qadınların irəli çəkilməsi, qadın sahibkarlığı, qadınlara qarşı zorakılıq, qadın alveri, qaçqın və məcburi köçkün qadınların məşğulluğu, gender amilinin dövlət siyasətinin bütün istiqamətlərinə daxil edilməsi məsələləri üzrə ölkə daxilində və beynəlxalq səviyyədə konkret tədbirlərin həyata keşirilməsi nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikasında Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 06 mart 2000-ci il tarixli Fərmanınin icrası ilə əlaqədar olaraq iyul ayında respublikada qadın və kişilər haqqında təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti və rəhbər vəzifələrdə təmsil olunma və digər sahələr üzrə statistik məlumat bazasının yaradılması məqsədilə regionlara sorğular göndərilmiş və sorğuların nəticələri sistemləşdirilmişdir. Sorğunun nəticələrindən məlum olmuşdur ki, dövlət idarəçiliyinin yüksək pillələrində qadınlar əvvəlki illərdə olduğu kimi az sayda təmsil olunurlar. Təhsil, səhiyyə və mədəniyyət sahələrində isə qərarvermə səviyyəsində qadinlarin sayı artmaqdadır.
İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə “Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf” Dövlət Proqramının gender bölməsi ilə əlaqədar xərclər smetası hazırlanmışdır. Belə ki, Proqramda:
- müvafiq təşkilatlarda gender siyasəti üzrə məsul şəxslərdən ibarət əlaqələndirmə şurasının yaradılması və onun potensialının gücləndirilməsi;
- qərar qəbul edilməsi prosesində qadinların iştirakının artırılmasına mane olan səbəblərin araşdırılması üzrə qiymətləndirmənin aparılması məqsədləri qarşıya qoyulmuşdur;
Ümumrespublika Qadın Qurultayının və “Qadınlara qarşı zorakılıq – insan hüquqlarının pozulması” mövzusunda tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.
25 avqust 2006-cı il tarixdə AQURDK-də BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasının 25 illiyinə həsr edilmiş konfrans keçirilmişdir.
Konfransda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Təhsil, Xarici İşlər, Daxili İşlər Nazirliklərinin nümayəndələri, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, bu sahədə mütəxəssis və ekspertlər iştirak edirdilər.
6-7 oktyabr 2006-cı il tarixdə Əl Oyunları Sarayında AQUPDK, Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Qadın dünyası: Gözəllik və Sağlamlıq” adlı I Beynəlxalq Festival keçirilmişdir. Qadın sahibkarlığının inkişaf etdirilməsi, daha geniş miqyas alması, təbliği məqsədilə keçirilən bu tədbirdə 20 xarici və yerli firmanın məhsul nümunələri nümayiş etdirildi.
13 oktyabr 2006-cı il tarixdə Avropa otelinin “Azərbaycan” zalında “Azərbaycanda qadın sahibkarlığının inkişafı: strategiya və perspektivlər” adlı Ümumrespublika Konfransı keçirilmişdir. Tədbirin məqsədi qadın sahibkarlığının təbliği, inkişaf etdirilməsi, bu sahədə mövcud maneələrin aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına təkliflərin təqdim edilməsindən ibarətdir.
Konfransda respublikamızda qadın sahibkarlığının bugünkü vəziyyəti, qadın sahibkarların fəaliyyətlərində rastlaşdıqları problemlər, inkişaf etməkdə olan iqtisadiyyatımız fonunda qadın sahibkarlığının gələcək inkişaf perspektivləri haqqında məruzələr dinlənilmişdir. Konfrans iştirakçılarının Azərbaycan Respublikası Prezidentinə Müraciəti oxunmuşdur. Daha sonra müxtəlif mövzular üzrə işçi qruplarda müzakirələr olmuşdur. Plenar iclasda işçi qruplardakı müzakirələrin təqdimatı keçirilmiş, təkliflər verilmişdir.
10 noyabr 2006-cı il tarixdə Avropa Otelində BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) “Qadınlar Cənubi Qafqazda Münaqişələrin Qarşısının alınması və Sülh yaradılması uğrunda Layihə çərçivəsində təşkil edilmiş “Koalisiya 1325” Qadın qrupunun “Gender bərabərliyi naminə hökumət-vətəndaş cəmiyyəti tərəfdaşlığı ” mövzusunda dördüncü Milli Konfransı keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd ölkədə gender bərabərliyinin təmini sahəsində həyata keçirilən layihələrdə hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlığının təbliğ edilməsidir.
Konfransda “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihəsinin uğurla həyata keçirilməsi və bölgənin həyatında mühüm rol oynadığı vurğulanmışdır.
İştirakçılar regional əməkdaşlığın davam etdirilməsi məqsədilə yeni layihələrin gerçəkləşdirilməsinin vacibliyini qeyd etdilər.
24 noyabr 2006-cı il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində AQUPDK və AMEA-nın İnsan Hüquqları İnstitutu ilə birlikdə Qadın zorakılığına Qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş “Qadın hüquqları insan hüquqlarının tərkib hissəsi kimi” mövzusunda Dəyirmi masa keçirildi. Azərbaycanda qadınlara qarşı zorakılıq hallarınin artması müşahidə edilir. Bu tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini belə hallarla mübarizəyə yönəltməkdir.
Dəyirmi masanın sonunda AMEA-nın İnsan Hüquqları İnstitutu və AQUPDK- nın birgə Bəyanatı oxundu.
27-28 noyabr 2006-cı il tarixində Park İnn otelində Qadın Hüquqşünasların birinci Beynəlxalq Konfransı keçirildi. Konfrans ATƏT-in Bakı ofisi və Amerika Hüquqşünaslar Assosiasiyasının təşəbbüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyinin dəstəyi ilə keçirildi. Konfrans Beynəlxalq təcrübənin bölüşdürməsi, müxtəlif ölkələrin qanunvericiliyində gender bərabərliyinin təmin olunması məsələlərinin həllində fərqlərin üzə çıxarılması məqsədi daşıyırdı. Tədbirdə həmçinin hüquqşünas qadınların daha səmərəli fəaliyyəti və hüquq fakültəsini bitirən qadınların işlə təmin olunması üçün geniş imkanlar yaradılması məsələləri də müzakirə olundu.
Konfransda ABŞ, Almaniya, Böyük Britaniya, Avstriya, Makedoniya, İran, Ukrayna, Gürcüstan və Qırğızıstandan ekspertlər, eyni zamanda yerli mütəxəssislər iştirak edirdilər. Həmçinin Azərbaycanın Konstitusiya, Rayon və İqtisad məhkəmələrindən, Ədliyyə Nazirliyindən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndələr, o cümlədən polisdə işləyən 10 qadın iştirak edirdi.
Konfrans 2 gün davam etdi. Ayrı-ayrı paralel iclaslar keçirildi. Mövzular ailə və məişət zorakılığı və onun aradan qaldırılması, gender bərabərliyinin qanunvericilikdə əks olunması: diskriminasiyalar, Azərbaycan qanunvericiliyində gender məsələsi, qadın sahibkarlığı və onun hüquqi tərəfləri mövzularında təşkil olunmuşdur.
Komitənin 2006-cı il İş Planında qarşıya qoyulan əsas məqsədlərdən biri də dövlətin gender siyasətinin dövlət qurumlarının fəaliyyətinə daxil edilməsidir.
Komitə il ərzində bir sıra qadın problemləri məşğul olan qeyri-hökumət təşkilatları və digər ictimai birliklərlə görüşlər keçirmiş, onların fəaliyyətləri ilə tanış olmuşdur və gələcəkdə əməkdaşlıq məqsədi ilə qadın QHT-lərindən ibarət şəbəkənin yaradılması nəzərdə tutulmuşdur.
Gender bərabərliyi və qadın hüquqlarının təbliği, o cümlədən erkən nikahın qarşısının alınması ilə bağlı Respublikanın bir sıra rayonlarına səfər edilmiş, əhalinin maarifləndirilməsi məqsədilə seminarlar təşkil edilmiş, məruzələr edilmişdir.
Regionlara səfər zamanı bələdiyyə seçkiləri ilə bağlı fəal qadınlarla görüşlər keçirilmiş, qadın hüquqları, seçki hüququ, qadınların qərar qəbuletmə prosesində iştirakı və s. məsələlər haqqında onlarla söhbətlər aparılmışdır.
Komitə Azərbaycanın görkəmli qadınlarının doğum və anım günlərini qeyd edir və bu məsələ ilə əlaqədar elektron məlumat bankının yaradılması nəzərdə tutulmuşdur. Belə ki, 11 oktyabr 2006-cı il tarixində akademik Aida İmanquliyevanın anım gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda görkəmli alimin xatirəsini yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşlar.
Tədbirdə Şərqşünaslıq İnstitutunun müdiri, Filologiya elmləri doktoru, millət vəkili Gövhər Baxşəliyeva, AMEA-nın Humanitar və İctimai elmlər şöbəsinin akademik katibi, AMEA-nın müxbir üzvü Nəsimi adına Dilçilik İnstitutunun rektoru Ağamusa Axundov, BDU-nun İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev, Filologiya elmləri doktoru; Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri Vilayət Cəfərov, BDU-nun Elmi Kitabxanasının direktoru Sara İbrahimova mərhumla bağlı xatirələrini bölüşmüş, Aida xanımın istedadlı ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim, natiq və filosof olduğunu bildirərək onun bir çox insanın yaddaşında dərin iz buraxdığını qeyd etmişlər.
Oktyabrın 13-də isə görkəmli rəssam Elmira Şahtantinskayanın anım günü ilə əlaqədar AQUPDK-in əməkdaşları sənət yoldaşları və yaxınları ilə birgə mərhumun məzarını ziyarət etmişlər.
6 Mart 2000–ci il tarixli Azərbaycan Respublikası Prezidentinin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı, 10 Oktyabr 2006 –cı il tarixində “Gender ( kişi və qadınların ) bərabərliyinin təminatları haqqında” Qanun, eyni zamanda “Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı”, Azərbaycan Respublikasının Məşğulluq strategiyası (2006-2015), “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı”, İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı komitə qarşısında bir çox tələblər qoyur. Şöbə öz fəaliyyətini bu tələblərə əsaslanaraq istiqamətləndirmişdir.
“Məişət zorakılığı” haqqında statistik məlumatın hazırlanması üçün müvafiq dövlət orqanlarına müraciət olunmuşdur. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə məişət zorakılığı hallarının statistikası aparılmır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi məlumata əsasən 2006-cı ilin 11 ayı ərzində qadınlara qarşı törədilmiş cinayətlərin ümumi sayı 4823, qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin ümumi sayı 3483 olmuşdur, o cümlədən yetkinlik yaşına çatmayan qadınlara qarşı 67 cinayət törədilmişdir.
Biz “Olimpiya” qəzeti ilə birlikdə 4 saylı Qadın cəzaçəkmə müəssisəsində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirmişik. Tədbirin bədii hissəsindən sonra “Səhiyyə və sağlam həyat” İctimai Birliyinin sədri, həkim-ginekoloq Lətafət Əlizadə məhbus qadınları tibbi müayinədən keçirmiş və gətirdiyi dərman preparatlarını 4 saylı cəzaçəkmə müəssisəsinə təqdim etmişdir. Tibbi müayinə nəticəsində 26 məhbus qadının müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi müəyyən edilmişdir.
Azərbaycan Dövlət Filarmoniyasında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə əlil qadınların əl işlərindən ibarət sərgidə “Əlil Qadınlar Cəmiyyəti”, “Əlillərin Dizayn Assosiasiyası”, “Ümid İnsan İnkişafı və Davamlı Gəlir Əldə Edilməsinə Kömək”, “İntellektual qadınlar”, “Karvan Regional Əl işləri Assosiasiyası” İctimai Birlikləri və yaradıcı qadın Zərifə Seidəliyevanın iştirakı ilə əlil və evdar qadınların əl işləri nümayiş edilmişdir.
Mart bayramları ərəfəsində xeyriyyəçi qadın Venera Əsgərova ilə birgə Ağcabədi rayonunun Sarcalı kəndində yerləşən N saylı hərbi hissənin hospitalında Qarabağ müharibəsinin iştirakçıları olan veteran qadınlar üçün 8 mart Beynəlxalq Qadınlar günü və Novruz Bayramı münasibəti ilə tədbir keçirmişdir və onlara bayram sovqatları təqdim olunmuşdur.
Avropa Şurası Qadınlarla Kişilər arasında bərabərlik üzrə Rəhbər Komitəsi nin qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı verdiyi tövsiyələrə istinad edərək 19 mart BMT-nin Əhali Fondu ilə birgə Dəyirmi Masa keçirilmişdir. Bu tədbirdə aşağıdakı, sadalanan mövzular ətrafında müzakirələr aparılmışdır:
• Qızların nikaha daxil olma yaş həddi;
• Nikaha daxil olarkən qadın hüquqlarının müdafiəsi;
• (nikah müqaviləsi, hüquqi yardım);
• Qeyri rəsmi nikahda olan qadınların hüquq müdafiəsi və həmin nikahdan olan uşaqların hüquqi müdafiə yolları və Məişət zorakılığı haqqında qanun layihəsi haqqında ətraflı məlumat verildi;
Dəyirmi masanın sonunda Məişət zorakılığı haqqında qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər Komitənin əməkdaşlarına təqdim olundu.
BMT-nin CEDAW Komitəsinin 19-27 Yanvar 2007-ci il Nyu – Yorkda keçirilən 37 –ci sesiyası 2-ci və 3-cü dövri hesabatın hazırlanması üçün şöbə Respublika qadınları haqqında tələb olunan məlumatı təqdim etmişdir. Hesabatın təqdim olunması zamanı verilən tövsiyələrin müzakirəsi məqsədi ilə 16 aprel Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi Masa keçirilmişdir. Tədbirdə Daxili İşlər nazirinin müavini Oruc Zalov, Təhsil nazirinin müavini İradə Hüseynova, Nazirlər Kabinetin Elm və Təhsil şöbəsinin müdiri Rəna İbrahimbəyova, İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir müavini Kamran Bayramov, Milli Teleradio Şurasının müdir müavini Mehriban Alışanova və QHT nümayəndələri iştirak etmişlər.
“Qadın problemləri və gender məsələləri” şöbəsi Bakı şəhər baş Səhiyyə İdarəsi ilə birgə aprel ayında 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınların tibbi müayinəsi aksiyasını keçirmişdir. Aksiyada məhkum qadınlara ginekoloji, onko-ginekoloji, kardioloji, terapevtik, nevropatoloji, USM və laborator müayinə baxımından xidmət göstərilmiş, məhbus qadınların uşaqlarına peyvənd vurulması aksiyasını keçirmişdir.
Qələbə günü ərəfəsində Bakı şəhərinin bir neçə rayonunda 9 may faşizm üzərində Qələbə günü münasibətilə 1941-1945-ci illər Böyük Vətən müharibəsinin ön və arxa cəbhələrində iştirak etmiş veteran qadınları mükafatla təltif etmişdir.
“Qadın problemlər və gender məsələləri “ şöbəsi may ayı ərzində BMT – nin Əhali Fondu və Qərb Universitetinin nəzdində fəaliyyət göstərən Gender Araşdırmaları Mərkəzi ilə birlikdə Respublikanın 4 ali təhsil müəssisəsində “Milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində mühazirələr keçirmişdir. Layihənin əsas məqsədi gender əsaslı zorakılıq və erkən nikahların aradan qaldırılması, qadınları qorumaq məqsədilə insan hüquqları üzrə beynəlxalq sənədlər və milli qanunvericilik haqqında biliklərin yayılması və qadınların ölkənin sosial və siyasi həyatında kişilərlə bərabər iştirakının təmin edilməsidir.
Şöbə mütəmadi olaraq televizia və radio proqramlarında iştirak edərək, müxtəlif mövzularda çıxış edir. Gələcəkdə İTV - də dövrün aktual problemlərini ( erkən nikahlar, insan alveri, qızların regionlarda təhsil alma imkanları, selektiv abortlar ) əks etdirən silsilə verilişlər hazırlanması nəzərdə tutulur.








