images-601Cəmiyyətin ictimai həyatında  qadının mövqeyi  uzun tarixi bir dövr keçərək formalaşmış və inkişaf etmişdir.  Lakin bu inkişaf asan əldə olunmamış, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri  aradan qaldırmaq  uğrunda mübarizə aparmışlar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir.  Bəzən də  qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır.  Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Ona görə də dövlət başçısı, möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın hüquqlarının müdafiəsi üçün addımlar atılır.

 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində  bir neçə mühüm prioritet məsələni əsas götürür ki, bu da cəmiyyətin inkişafında xüsusi əhəmiyyətə malikdir. Dövlət siyasətinin tərkib hissəsi olan ailə, qadın və uşaq məsələləri aktuallığı və dinamikliyi ilə seçilir.

  Komitənin fəaliyyət istiqamətlərindən biri məişət zorakılığı problemlərinin araşdırılması və onun qarşısının alınmasıdır. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir və həmin Qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi,  eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur. Bu Qanunun qəbul olunmasında ölkənin Birinci Xanımı, millət vəkili Mehriban xanım Əliyevanın müstəsna rolu bütün ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən xüsusi qeyd olunur.  Qanunun məqsədi  qadınlara  qarşı hər hansı zorakılıq hallarının qarşısının alınması və zorakılıq qurbanlarına psixoloji, tibbi, hüquqi yardımın göstərilməsidir.

   Komitəmiz tərəfindən məişət zorakılığı ilə bağlı ictimai fikirdə dəyişiklik yaratmaq, cəmiyyətin diqqətini  bu problemlərə  bir daha cəlb etmək üçün   müxtəlif səviyyələrdə – beynəlxalq konfranslarda, qeyri-hökumət təşkilatlarında, kütləvi informasiya vasitələrində  geniş fikir mübadiləsi, debatlar  təşkil edilir. Həmçinin məişət zorakılığı da daxil olmaqla qadına, uşağa zorakılığa qarşı  və insan alveri ilə mübarizə məqsədini daşıyan  bir sıra layihələr həyata keçirir: “Demokratik cəmiyyətdə məişət zorakılığı ilə mübarizənin aparılmasına dair Azərbaycan Respublikasının kompleks proqramı” (2007); BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilmiş, məişət zorakılığı və erkən nikah problemlərinə qarşı cavab olan “Qadına qarşı zorakılıqsız XXI-ci əsr” layihəsi (2008-2009);      BMT-nin “Cənubi Qafqazda gender əsaslı zorakılıqla mübarizə” regional layihəsi (2008); Qadına qarşı zorakılıq mövzusunda məlumtlandırma kampaniyası (2008-2009); Zorakılıq və insan alveri ilə mübarizə mövzusunda məlumtlandırma kampaniyası (2007-2009); Qadına zorakılığın yayılma miqyası, kökləri və fəsadları mövzusunda sorğu (2008) və s. Bundan başqa AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlərt Komitəsi BMT Uşaq Fondu ilə birgə 2009-cu uldə “Erkən nikahlar: uşaq hüquqlarının pozulması” ilə bağlı sosial araşdırma aparmışdır. Azərbaycanda erkən nikahın vəziyyətinin təhlil layihəsi BMT-nin Uşaq Fondu ilə birgə( 2010);Kuçə uşaqlarının vəziyyətinin təhlil layihəsi BMT-nin Uşaq Fondu ilə birgə (2010); Azərbaycanda yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı vəziyyətin təhlili BMT-nin Uşaq Fondu ilə birgə (2010); Azərbaycan Respublikasının Dövlət  Statistika Komitəsi, BMT- nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin maddi və texniki dəstəyi ilə birgə 2010-cu ilin 11-29 oktyabrında  ölkə  regionlarının şəhər və kənd yerlərində  “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirmişdir. Bu  layihələrin nəticəsi olaraq Ailə Məcəlləsində qadınlar üçün nikah yaşı 1 yaş artırılaraq 18 yaş qəbul edilmişdir.  Həmçinin AR Cinayət Məcəlləsinə də dəyişiklik edilərək  “Qadını nikaha daxil olmağa məcbur etmə”(176.1.) maddəsi qəbul olunmuşdur.  Həmin maddəyə görə Qadını nikaha daxil olmağa məcbur etmə – iki min manatdan üç min manatadək cərimə və ya iki il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (176-1.1.) Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək cərimə və ya dörd il müddətinədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (176-1.2.)

   Məişət zorakılığı ilə sıx bağlı olan təhsildən yayınma, intihar hallarının aradan qaldırılması üçün ictimaiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasına və qanunun işləmə mexanizmi istiqamətində fikir mübadiləsinə ehtiyac vardır. Bu məqsədlə Azərbaycan Respublikasının şəhər və rayonlarında “Məişət zorakılığının ailədaxili münasibətlərə təsiri“ adlı tədbirin keçirilməsinə start verilmişdir. Bu tədbirdə müxtəlif rayonların icra strukturunun müvafiq qurumları,  hüquq- mühafizə orqanları, bələdiyyələr, icra və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər. Qeyd olunan nümayəndələrlə Qanunun icrası və onun işləmə mexanizmi, yaranmış problemlərlə əlaqədar müzakirələr aparılmış, həmçinin anket sorğusu keçirilmişdir. Reqional görüşlər Ağsu, Ağdaş, Sumqayıt, Quba, Lerik, Göygöl, Goranboy, Ağdam, Balakən, Saatlı, Hacıqabul və onlara yaxın rayonların, ümumilikdə 63 rayonun icra strukturlarının, bələdiyyələrinin, hüquq – mühafizə  orqanlarının,  ictimai təşkilatlarının nümayəndələri iştirak etmişlər.

  Tədbirin keçirilməsinin əsas səbəblərindən biri  2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun yerlərdə necə icra olunmasını araşdırmaq,  bu qanunun icra mexanizmində yaranan problemləri üzə çıxarmaqdır. Həmçinin son dövrlərdə məişət  zorakılığına dair faktların, intihar və eləcə də erkən nikah hallarının olması bu tədbirlərin keçirilməsi zərurətini yaratmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına görə 2011-ci ildə  qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin sayı  4280 olmuşdursa,  bu ilin 6 ayı ərzində  2119  belə cinayət  faktı qeydə alınmışdır. O cümlədən, yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıqla bağlı cinayətlərin sayı 2010-cu ildə 82, 2011-ci ildə 103 olmuşdur. Ailə münaqişəsi və digər məişət zəminində qadınlara qarşı törədilmiş cinayətlərin sayı  2010-cu ildə 1471, 2011-ci ildə 1957, 2012- ci ilin  əvvəlində isə 820 olmuşdur.   Son 5 il yarımda zorakılıqla bağlı 8139  hadisə baş vermişdir.  Bu cinayətlər  zamanı 117 qadın, 7 azyaşlı uşaq, 12 yeniyetmə (onlardan 7-si qızdır) ölmüşdür.  2011-ci ildə əgər 28 uşaq intihar etmişdirsə, 2012-ci ilin ilk 6 ayında  bu rəqəm 29 olmuşdur.  2011-ci ildə 87, 2012-ci ilin  birinci yarısında isə 33 qadın intihar etmişdir.  İntihar edən qadınlardan  bir qismi yeni ailə quranlardır. Onların içərisində müxtəlif yaş qruplarına rast gəlmək olur.  Təxmini hesablamalara görə isə ötən il ölkə üzrə  5000-dən çox erkən nikah bağlanıb.

 Qeyd etmək yerinə düşərdi ki, Komitə hər zaman erkən nikah, onun törədə biləcəyi fəsadları nəzərdə saxlayır.  İstər qanunvericilikdə dəyişikliklərin  qəbul edilməsi, istərsə də müxtəlif tədbirlərin keçirilməsi buna əyani sübutdur.  Həmçinin erkən nikah  barəsində Komitəyə məlumat daxil olan kimi, həmin nikahlar  dayandırılır və bu nikahın (yəni, erkən nikahın) baş tutmaması üçün ailələr nəzarətə götürülür.

Bütün bu faktlar bir daha onu göstərir ki, biz “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası  Qanununun təbliği  ilə bağlı  daha  prinsipial fəaliyyət  göstərilməliyik.  Həmçinin Komitə tərəfindən  həmin Qanununun işləməsi üçün  Azərbaycan Respublikası Nazirlər Kabineti «Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları»nın, «Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması Qaydaları»nın və s. mahiyyəti izah edilir, maarifləndirici təlimlər keçirilir.  Qanunun icrası ilə birbaşa məşğul olan şəxslər məişət zorakılığı dedikdə, daha çox fiziki zorakılıq növündən bəhs edirlər. Lakin bildiyimiz kimi, zorakılığın digər formaları da var ki, ( psixi, mənəvi,  cinsi və iqtisadi xarakterli zorakılıq)  onların qarşısı vaxtında alınarsa, və ya müdaxilə olunarsa, o zaman fiziki zorakılığın, cinayətlərin sayı az olar. Digər bir məsələ sığınacaqlara  və oraya  yerləşdirilmiş qurbanlara münasibətdir. Bu insanlara münasibət birmənalı deyil, bəzi hallarda isə bu məsələyə müsbət yanaşılmır. Fikrimizcə, bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədəuyğun olardı.

 Bundan əlavə, mövcud “məktəb psixoloqu”, “ ağsaqqal – ağbirçək” institutlarının  gücləndirilməsi istiqamətində işlərin aparılması da zəruri məsələlərdəndir.  Eyni zamanda “Ailə psixoloqu” institutunun yaradılması,  eləcə də vətəndaş məsuliyyətinin artırılması məsələləri də diqqət mərkəzində dayanır.

Bu sahəyə ictimayyətin diqqətini cəlb etmək üçün müxtəlif aksiyalar da keçirmək mümkündür.  Lakin bu aksiyalar  davamlı olmalı, insanların problemi daha düzgün dərk eləməsinə xidmət etməlidir.  Bundan əlavə, sosial çarxların hazırlanması və KİV- bu məlumatların daha ətraflı işıqlandırılması da zəruri məsələlərdəndir.  Komitə tərəfindən məişət zorakılığı və onun müxtəlif fəsadları ilə bağlı çoxlu sayda filmlər, sosial çarxlar çəkilərək bütün icra hakimiyyətlərinə göndərilir. Həmin film və sosial çarxların yerlərdə, məktəblərdə,  mərkəzlərdə nümayişi təşkil olunur, dəyirmi masalar keçirilir. Eyni zamanda, məlumat kitabçaları, büroşurlar çap olunaraq rayonlar üzrə paylanılır.

Qaununvericiliyin mövcud olmasına, müvafiq  dövlət qurumlarının fəaliyyət göstərməsinə baxmayaraq, bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu böyükdür. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir.  Fikrimizcə, əhalinin müxtəlif yaş qrupları arasında, orta  və orta ixtisas məktəblərinin, yuxarı sinif şagirdləri və tələbələri, eləcə də, ali təhsil müəssisələrinin tələbələri arasında bu məsələ ilə əlaqədar  məlumatlandırıcı və maarifləndirici tədbirlərin keçirilməsi vacibdir.    Həmçinin bu problemə dair filmlərin çəkilib televiziya ekranlarında, internet saytlarında verilməsi də yaxşı olardı.

   AQUPDK, İnformasiya və analitik- araşdırmalar şöbəsi

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn