Fevralın 16-da Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən olan “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı dəyirmi masa keçirilib.

Milli Məclis komitəsinin sədri Aqiyə Naxçıvanlı tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, əsas məqsəd ailədaxili münaqişələrin yaranma səbəblərinin və həlli yollarının araşdırılmasıdır. Tədbirdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasında adət-ənənələrin rolu, mövcud qanunvericiliyin ictimaiyyət nümayəndələri arasında təbliği, bu prosesdə maarifləndirmə işinin gücləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.

Aqiyə Naxçıvanlı bildirib ki, cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışır. Ailə münasibətlərinin tənzimlənməsi üçün müxtəlif qanunvericilik aktlarından istifadə olunur. Ancaq ailə münasibətlərinin bütün çalarlarını qanunlarla tənzim etmək mümkün deyil. Bu baxımdan, müxtəlif qayğıların fonunda dözümlü ailə nümunələrini təbliğ etmək, həmçinin ictimaiyyətin diqqətini milli-mənəvi dəyərlər əsasında qurulmuş adət və ənənələrimizə cəlb etmək layihənin əsas məqsədlərindən biridir.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə mövcud olan ailə modeli ən böyük sərvətlərimizdəndir. Güclü dövlət güclü ailə deməkdir. Azərbaycanda mütəşəkkil ailə siyasəti həyata keçirilir. Bununla bağlı çox ciddi işlər görülüb. Kifayət qədər qanunvericilik bazamız mövcuddur. Erkən nikahlar, boşanmalar, ailədaxili zorakılıq, təhsildən yayınma halları – bütün bunlar həmişə gündəlikdə olan problemlərdir. Dövlət ailə siyasətinin gücləndirilməsi istiqamətində qarşıda duran məqsəd və vəzifələrdən danışarkən, Komitə sədri qeyd edib ki, ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması, erkən nikah, məişət zorakılığı hallarının baş verməsi, uşaqların təhsildən yayınması və bu kimi digər problemlər ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Dövrün tələblərindən irəli gələrək, bu və ya digər yeni elementlər daxil olur. Elm və texnologiyanın inkişafının ailələrə təsirini göstərə bilərik. Bu təsir həm müsbət, həm də mənfi ola bilər. Müasir dövr, informasiya, texnologiya dövrüdür, istər- istəməz bu prosesdən kənarda qala bilmərik. Lakin biz ailələrimizi – bu, qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı,  mütərəqqi dəyərlərdən istifadə edərək zənginləşdirməli, gənc nəsli daha sağlam  tərbiyələndirməliyik. Ailələrin dağılmasının səbəblərindən biri də məişət zorakılığıdır. Komitə tərəfindən bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmışdır. Onların əsas fəaliyyəti rayon ərazisində baş vermiş məişət zorakılığı hallarının baş verməsi səbəblərinin öyrənilməsi, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi, həmçinin zərərçəkmiş şəxslə profilaktiki işin təşkili, psixoloji və hüquqi yardımların göstərilməsindən ibarətdir.  “Ailə psixoloqu” institutunun yaradılması,  mövcud “məktəb psixoloqu”, “ ağsaqqal – ağbirçək” institutlarının fəaliyyətinin gücləndirilməsi də bu istiqamətdə yaranmış problemlərin qarşısının alınmasında mühüm vəzifələrdəndir. Xüsusilə, vətəndaş cəmiyyətinin bu sahədə  vacib rola mailkdir. Yerlərdə fəaliyyət göstərən Qadınlar Şurası aktiv olmalıdır. Kütləvi İnformasiya Vasitələrində mütəmadi olaraq düzgün məlumatlar verilməli, bu sahədə maarifləndirici və məlumatlandırıcı televiziya və radio verilişləri  daha da gücləndirilməlidir.

“Dəyirmi masa”da Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları, icra hakimiyyəti başçılarının müavinləri, psixologiya elmləri üzrə alimlər çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

 

1487236394179446725_1000x669 14872363943702544428_1000x669 14872363943907558170_1000x669 14872363944110141103_1000x669

image_pdfimage_print

  • Facebook
  • Twitter
  • Email
  • RSS
  • LinkedIn